Şirkətdə iclaslara da getməzdim. Yaxşı ki, mənim tədbirlərdən qaçdığımı üzümə vurmurdular.
Keçən iclasdan isə yarımçıq çıxdım. Dodağımın altında nəsə dedim, yəqin ki heç kim heç nə başa düşmədi. Çünki heç özüm də nə dediyimi anlamadım.
Atam üçün iclaslarda oturmaq əzab idi. Mən də bəzən bu əzaba düçar oluram. 1 saat güclə dözə bilirəm. Əslində 1 saat məsələnin “əhəmiyyətli” tərəflərini görmək üçün kifayət edir.
Məsələn, keçən dəfə çıxış etməsi üçün ayağa qalxan adamın nəsə sanballı bir işlə məşğul olduğunu dərhal anladım.
Çünki elə ayağa durdu ki, bütün görkəmi ilə “baxın, bu mənəm” demək istəyirdi. Ancaq çox sanballı adamlar elə ayağa durar.
Adam danışanda məlum oldu ki, həqiqətən sanballı adamdır. Kişi professordur, üstəlik millət vəkilidir. Elə ayağa durma prosesində bunu dərhal anlamışdım.
Xatirinizdədirmi, məşhur televiziya tamaşasında Səyavuş Aslanın qəhrəmanı elçiliyə aparmaq üçün necə ciddi-cəhdlə professor axtarırdı, indi kitab təqdimatlarında “sanballı şəxsləri” görəndə Kübra xanımın “professor!!!” kəlməsi qulaqlarımda cingildəyr.
Hər halda təqdimetmədə belə sanballı şəxslərin iştirak etməyi yaxşıdır.
Amma sizi bilmirəm, mənim iclaslarda sədrlik edənlərə yazığım gəlir. Təsəvvür edin, ömürlərinin 60-70 faizi belə iclaslara sərf olunur. Yəqin ki Bukovski “yavaş-yavaş ölürlər” şeirini belələrinə həsr edib. “Həyatlarını mənasız iclas salonlarında keçirənlər yavaş-yavaş ölürlər”...
Təqdimatlar da eləcə. Boşluqdan 1-2 səhifə vərəqləyirsən və kitabla tanışlığın elə bu 1-2 səhifə ilə də bitir.
Əminəm ki hamıda belədir.
Əks halda təqdimatlardan sonra kitab haqqında 1-2 sətirlik fikir yazarlar. Amma təqdimatdan sonra ortalığa ölü sükut çökür. Şəkil paylaşdıqdan sonra hərə çəkilir öz profilinə. Deyəsən təqdimata nə üçün getdikləri də yaddan çıxır.
Bəlkə də təqdimat mərasiminə şəkil çəkdirmək üçün getdiklərini düşünürlər.
Səbəbkar da qalır yüksək gərginlik həddində. Nə qədər gözləyir, heç kmdən xəbər çıxmır. Axır iş o dərəcəyə çatır ki, müəllif tənqidə də razı olur, təki kitab haqqında bir söz desinlər.
Amma bu təşəbbüsdə bulunan da olmur.
Yazıçı başlayır oxucu xiffəti çəkməyə. Az qala yuxusunda da oxucu görür. Oxucu tapmadıqda da özündən oxucular uydurur.
“Filan oxucum mənə 1000 manat bəxşiş verdi, yaxud filan oxucu kitabımı 100 manata aldı.”
Belə xəyali oxucular yazarları elə xoşbəxt edir ki, onların varlığına doğrudan-doğruya inanmaq istəyirlər.
Hələ lap irəli gedib oxucularla görüşlərindən böyük-böyük yazılar yazırlar.
Yazmağına yazırlar, amma inanan olurmu? Təbii ki, olmur. Hətta şübhələrini cəmiyyət içinə çıxaranlar da olur. “Oxucum, oxucum deməklə deyil ki. Özümüz- özümüzün yazılarını oxuyan adamlarıq”.
“Hər oxucu bir-iki kitab oxuyandan sonra özü kitab yazmağa başlayır”, gənc yazarlardan biri deyib. Oxucu olmaqdan imtina etmiş yeni yazarların ən böyük“qazancı” nisbətən əvvəl başlamış qələm sahiblərinin gizli nifrətidir.
Bu vaxt ərzində yalnız bir nəfər oxucu olduğunu könüllü olaraq etiraf edib. Mən onu simvolik olaraq “yeganə oxucu” adlandırıram. Yazı-pozudan uzaq olan bu oxucumuz fərq qoymadan hamının yazısına öz münasibətini bildirir, rəğbət hissi duyur, kitab təqdimatlarında ürəklə iştirak edir.
Onun ədəbiyyata sevgisini görəndə insan doğrudan da ədəbiyyat naminə nəsə bir iş görmək istəyir.
Əslində ədəbiyyat naminə görülən ən böyük iş- azsaylı oxuculardan olan bu adamın yazı-pozu adamlarına rəğbətidir.
Amma bu yeganə oxucunu da bizə çox görürlər. Qələm sahibləri ilə qaynayıb-qarışdığına, tədbirlərdə çox iştirak etdiynə görə bəzən onu qınayırlar.
Oxucu itkisi təhlükəsiylə üz-üzə qalan qələm sahibləri oxucunu müdafiə etməyə tələsir:
“Siz bizim əziz oxucumuzsunuz. Bizim üçün çox dəyərlisiniz”.
Oxucunun yazıçılığa iddiası olmadığı üçün hamı ona hörmət edir.
Amma vay o gündən ki bu oxucumuz da əlinə qələm ala. Yəqin ki, o gün də çox uzaqda deyil.