Birincisi, Bidzina İvanişvili administrativ resurslardan istifadə edərək bütün gücünü və enerjisini Salome Zurabişvilinin qələbəsinə yönəltdi. Çünki, Vaşadze qələbə çalsaydı İvanişvilinin ağır günləri başlayacaqdı. Vaşadzenin qələbəsindən sonra keçmiş prezident Mixail Saakaşvili vətənə qayıdacaq və növbədənkənar parlament seçkisi tələb edəcəkdi. Bundan başqa Saakaşvili İvanişvili ilə ölüm-dirim mübarizəsinə başlayacaqdı və bu mübarizədə İvanişvilinin qələbə çalmaq ehtimalı yüksək deyildi. Bu təhlükəli ssenarini önləmək üçün İvanişvili qısa vaxt ərzində Zurabişvilinin populyarlığının artırılması istiqamətində var gücüylə çalışdı və nəticə göz qabağındadır.
İkincisi, İvanişvilinin gürcülərin banklara olan 600 milyon dollar borcunun qaytarılması vədi nəticəsini verdi. Bu bir vəddir, hələ yerinə yetirilməyib, yaxın aylarda yerinə yetiriləcəyi də sual altındadır. Ancaq vədin özü insanları düşünməyə vadar etdi və birinci turda Vaşadzeyə səs verənlər ikinci turda şirnikləndirici təklif qarşısında mövqelərini dəyişə bilərdilər.
Üçüncüsü, Vaşadzeyə birinci turda səs verənlər ikinci turda fəal olmadılar, bir hissəsi ümumiyyətlə ikinci turda səsvermə məntəqəsinə yollanmadı. Gələn xəbərlərə görə, birinci turda Bakradze və Vaşadzeyə səs verən Gürcüstan azərbaycanlılarının bir hissəsi ikinci turda fəal olmadılar. Vaşadze elektoratını fəallaşdıra bilmədi.
Dördüncüsü, İvanişvili gürcüləri növbəti Rusiya müharibəsi ilə də qorxuda bilərdi. Yəni guya Saakaşvili qayıtsaydı yenidən Rusiya ilə müharibə başlaya bilərdi. Digər tərəfdən Azov dənizində son insident də İvanişvilinin işinə yaradı. Yəni gürcülər növbəti Rusiya-Ukrayna qarşıdurmasının Gürcüstanla baş verə biləcəyindən ehtiyat etdilər. 2008-ci il müharibəsi gürcülərin gözünü qorxudub. Bu amilin də ikinci turdakı nəticəyə təsiri oldu.
Vaşadze məğlubiyyət qarşısında nə edəcək?
Mixail Saakaşvili tərəfdarlarını küçəyə etiraza və inqilaba səsləyir. Saakaşvili rahatdır, tapşırıqlarını Hollandiyadan verir. Vaşadze üçün isə qərar vermək çətindir. Əlbəttə, o baş verən saxtakarlıqlara qarşı müvaqimət göstərəcək, ancaq mübarizəni vətəndaş qarşıdurmasına qədər inkişaf etdirəcəkmi? Bu onun üçün çətin sualdır. Çünki polislə qarşıdurmanın uzanması ölüm hallarına, bu isə öz növbəsində vətəndaş müharibəsinə gətirib çıxaracaq. Ona görə də Saakaşvilidən fərqli olaraq Vaşadze tələsik qərar verməyəcək.
O ki qaldı, Azərbaycana, açıq demək lazımdır ki, çoxumuzun simpatiyası Vaşadzenin tərəfində idi. Çünki, Vaşadze Saakaşvilinin tərəfdarıdır və Azərbaycanla strateji əməkdaşlığa, o cümlədən Gürcüstandakı azərbaycanlılara önəm verir. Ancaq Zurabişvilinin prezident seçilməsindən də narahat olmağa dəyməz. Gürcüstanda prezident və baş nazir kim olursa-olsun Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək məcburiyyətindədir. Çünki, Azərbaycanın iqtisadi dəstəyi olmadan Gürcüstan ayaqda dura bilməz. Bunu İvanişvili və onun tərəfdarları da anlayırlar.
“Atlas” Araşdırmalar Mərkəzi