Bu, Azərbaycanın ciddi diplomatik-hərbi nailiyyəti hesab edilə bilər. Çünki ilk dəfədir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Qərb ölkəsi, eyni zamanda Minsk qrupuna həmsədrlik edən Avropa nəhəngi Fransa Azərbaycana müdafiə təyinatlı da olsa müasir silah sistemlərinin satılmasına razılıq verir.
Belə demək olar ki, Azərbaycan artıq inkişaf etmiş Qərb dövlətlərindən silah sistemlərinin alınmasında on illərdir davam edən buzu sındırıb. Və bunun ilk əlaməti Çexiyadan RM-70 “Vampir” reaktiv yaylım atəşi sistemlərinin və “DANA” yüksəkdəqiqlikli, özüyeriyən artilleriya qurğularının alınması idi.
Bu silah tədarükü Ermənistan rəhbərliyində az qala əsəbdən qıcolmalara gətirib çıxardı. Amma daha sonra məlum oldu ki, İtaliyanın iri hərbi-sənaye nəhəngi “Leonardo” şirkəti də Azərbaycana müxtəlif təyinatlı hərbi texnika, o cümlədən aviasiya vasitələri satmağa başlayıb. İndi isə erməni lobbisinin güclü olduğu Fransa Azərbaycana müasir hava hücumundan müdafiə sistemlərinin satılmasına icazə verir.
Bəs bu sistemlərin təyinatı, taktiki-texniki göstəriciləri barədə nə məlumdur?
Açıq hərbi qaynaqlara görə, SAMP-T zenit-raket kompleksi qoşunların və yürüşdə olan mexanikləşdirilmiş birləşmələrin, habelə böyük əhəmiyyətə malik olan stasionar obyektlərin geniş spektrdə hava hədəflərinin kütləvi aviasiya hücumunun qarşısını almaq üçündür.
Bura taktiki qanadlı raketlədən tutmuş bütün tiplərdə təyyarə və vertolyotlar, habelə müxtəlif pilotsuz uçan aparatlar daxildir. SAMP-T onları sutkanın istənilən vaxtında, istənilən hava şəraitində aşkar edib vura bilir. Özü də düşmən tərəfinin müxtəlif tipli siqnalpozucu vasitələrdən istifadə etdiyi şəraitdə.
Bu kompleksin yaradıcısı Avropanın “Eurosam” konsorsiumudur. 2013-cü il martın 6-da Fransa Hərbi Hava Qüvvələrinin İtaliyanın quru qoşunları ilə birlikdə keçirdiyi təlimlər zamanı “SAMP/T“ zenit-raket sistemi ballistik raketi uğurla vurub. Bu, NATO-nun Avropada birləşmiş hava hücumundan müdafiə sisteminin fəaliyyətə başlamasından sonra ballistik hədəfin vurulmasına dair ilk nümunə idi. Ballistik raket “SAMP/T“ zenit-raket sisteminin buraxdığı “Aster 30” raketinə tuş gələnə qədər 300 kilometr məsafə qət etmişdi.
“SAMP/T“ 360 dərəcə bucaq altında dairəvi atəş aça bilir, modul konstruksiyaya və yüksək manevrli raketlərə malikdir. Bu raketlər istənilən hava hədəflərini məhv edə bilər. Hazırda həmin sistemlər Fransa və İtaliyanın silahlanmasında yer alır. NATO-nun Avropada vahid havadan müdafiə sisteminin mühüm komponentini təşkil edir. “SAMP/T“ kompleksi yüksək atış sürətinə malikdir-8 “Aster-30” raketi cəmi 10 saniyə ərzində buraxılır. Bu zaman kompleks cəmi 2 nəfərlik heyət üzvü ilə idarə olunsa da 10 hava hədəfini eyni anda təqib edə bilir.
Kompleksi işləyib hazırlayanlar qeyd edirlər ki, “SAMP/T“ radarlara yaxalanma ehtimalı aşağı lan geniş diapazonda hava hədəflərinə qarşı yüksək effektivliyə malikdir. Kompleksin tərkibinə aşağıdakılar daxildir:
“ Thompson-CSF ARABEL” tipli, aktiv faza barmaqlıqlı antena ilə təchiz edilmiş radilokasiya sistemi;
Döyüş idarəetmə kabini-FCU (Fire Control Unit), burada müvafiq idarəetmə aparatları yerləşir və hava məkanındakı vəziyyətə dair bütün informasiyalar analiz edilir;
“Aster-30” idarəolunan zenit raketləri;
“Renault-TRM-10000” avtomobilinin şassisi üzərində quraşdırılmış özüyeriyən şaquli start buraxılış qurğusu.
“Aster-30” idarəolunan zenit raketi isə ikipilləli, bərk yanacaqla işləyən yüksək dəqiqlikli raketdir. Trayektoriyanın başlanğıc və orta mərhələsində komandanı yerdən alır, trayektoriyanın sonuna doğru isə aktiv faza barmaqlıqlı radar işə düşür və raket inersiyal olaraq hədəfə yönəlir.
“SAMP-T” kompleksləri ilə silahlanmış bir havadan müdafiə batareyasında 6 buraxılış qurğusu olur və ehtimal ki, Azərbaycan məhz bir batareyanı silahlandırmağa bəs edəcək qədər kompleks almağa hazırlaşır. Kompleksin hava hədəflərini vurma məsafəsi təyyarələr üçün 3-100 kilometr, ballistik raketlər üçün isə 3-35 kilometr təşkil edir. Hədəfi maksimal vurma hündürlüyü 25 kilometrdir. Kompleks taktiki və ballistik raketləri 600 kilometrə qədər məsafədən aşkar edib izləyir.
Xarici qaynaqlarda göstərilir ki, SAMP/T zenit-raket kompleksləri taktiki-texniki gösəricilərinə görə Rusiyanın S-400 zenit-raket komplekslərinə yaxındır. Mənbələr bildirir ki, Türkiyənin Rusiyadan S-400 kompleksləri almaq üçün danışıqlara başlayanda Fransa alternativ olaraq SAMP/T sistemlərini təklif etmişdi. Hətta onların Türkiyə üçün xüsusi modifikasiyasını hazırlayıb birgə istehsalına da hazır idi. Amma Türkiyə məlum siyasi səbəblərdən Rusiya raketlərini seçdi.
Bu komplekslər arasında əsas fərq raketlərin uçuş radiusudur ki, indiki halda S-400 komplekslərinin 400 kilometr mənzilli raketləri coğrafi şəraiti nəzərə alaraq Azərbaycana gərək deyil. Çünki Azərbaycan ordusunun qarşısında dayanan vəzifə işğal olunmuş əraziləri geri almaqdır və bu zaman mümkün hərbi əməliyyatlar teatrının coğrafi hüdudları elə də böyük deyil.
Qeyd etmək lazımdır ki, Azərbaycan son illər geniş spektrdə hücum təyinatlı silah sistemlərinin tədarükü ilə yanaşı müdafiə təyinatlı sistemlər-hava hücumundan müdafiə sistemləri ilə silahlanmanı da xeyli sürətləndirib. Belə demək olar ki, Azərbaycan hazırda postsovet regionunda Rusiya istisna olmaqla ən güclü havadan müdafiə sistemi formalaşdırmış ölkədir.
Bu sahədə silahlanma Belarusdan “Buk-M” komplekslərinin modernizə edilmiş variantları və Rusiyadan S-300 PMU “Favorit” sistemlərinin alınması ilə geniş vüsət alıb. Lakin Azərbaycan təkcə Rusiya və Belarus hərbi sənayesinin bu sahədəki nümunələrini əldə etməyib. Son illərdə İsraildən dünyada ən təkmil hava hücumundan müdafiə sistemlərindən biri sayılan “Barak-8” komplekslərini, o cümlədən “Green Pine” radarlarını alıb.
Xarici hərbi mütəxəssislər də təsdiq edirlər ki, Azərbaycan hava hücumuna qarşı eşalonlaşdırılmış güclü müdafiə sistemi qurub və bu sistem praktiki olaraq istənilən hava hədəfini dəf edə bilər. Əlbətdə, hava hücumundan müdafiə imkanları barədə danışarkən Ermənistanın silahlanmasına daxil edilən “İsgəndər-E” operativ-taktiki raketlərini də nəzərə almaq gərəkdir. Hansı ki, Azərbaycan ordusunun silahlanmasında yer alan və silahlanmaya daxil olması gözlənilən komplekslər o qədər güclüdür ki, həmin raketlərin hədəfə çatma ehtimalını çox aşağı hesab etmək olar.
O ki qaldı Azərbaycanın Fransadan almağa hazırlaşdığı VL “MİCA “zenit-raket komplekslərinə, bunlar yaxın mənzilli sistemlərdir və quru qoşunlarının bölmələrnin, aviabazaların, komanda məntəqələrinin və gəmilərin qanadlı raketlərin, idarəolunan aviabombaların, təyyarələrin, vertolyotların və PUA-ların hücumundan qorunması üçün nəzərdə tutulub. Kompleks sutkanın istənilən vaxtında və istənilən hava şəraitində işləyir, MİCA “hava-hava” raketlərinin bazasında MBDA firması tərəfindən işlənib hazırlanıb. Kompleks öz yığcamlığı, yüksək effektivliyi ilə tanınır. Kompleksin döyüş sınağı ilk dəfə 2006-cı ildə VL “MİCA” raketlərinin müxtəlif komplektasiyalı variantları tətbiq olunmaqla uğurla keçirilib. Raketlər gəmilər əleyhinə aşağıdan uçan qanadlı raketləri və PUA-n 10-12 kilometr məsafədə vurub.
VL “MİCA” zenit-raket kompleksinin yerüstü variantı 4 raketdən, radardan və müxtəlif şassilər üzərində quraşdırıla bilən buraxılış qurğusundan ibarətdir. Raketlərin maksimal məsafəsi 10 kilometrdir. Bu yığcam zenit raket kompleksləri xüsusən dağlıq relyefdə vertolyotlara və PUA-lara qarşı istifadə üçün effektli sayıla bilər.