Vaxt.Az

AFFA təşviş içində


 

Əsasən də Elxan Məmmədov və yaxın ətrafı

AFFA təşviş içində İzlərinə düşmüşük. Olduqca böyük, amma gizli biznesləri ilə bağlı aylardı apardığımız araşdırma ortalığa yetərincə ciddi faktlar çıxarıb.

Bununla barışa, sakit otura bilmirlər. Çünki yürütdükləri biznesin, başqa sözlə, iri pul kütləsinin əllərindən çıxmasından əndişələnirlər.

Hələ biz qədər dərinə gedən, sirli monopolistlərin yuvasına çubuq uzadan olmamışdı. Təhlükəli reyd etməyimizin fərqindəyik.

Əslində, yuxusunu qarışdırdığımız şəxslər də boş oturmur və göstərirlər ki, faktlar qarşısında etirafdan necə qorxurlar.

Əlaltından əlaltılarına göstəriş veriblər: diqqəti yayındırın, ictimaiyyətin heyrət və ikrah dolu tərs baxışlarını üzümüzdən çəkin.

Təəssüf ki, bu kampaniyaya bəzi media orqanları qoşulub. İstər burda, istərsə də sosial şəbəkədə əks-təbliğat aparırlar. Ki, guya, Elxan Məmmədovun bu işə qarışacağı, hər hansı əlaqəsi, bağlantısı yoxdur, texniki təchizat üzrə ixtsaslaşmış «Kitpro» şirkətini heç tanımır.

Bilirik ki, əslində, bu tip yazılar AFFA-nın özündə hazırlanır və redaktə-korrektə olunandan sonra mətbuata ötürülür.

Bunda vasitəçi olan(lar)ı da tanıyırıq. Sadəcə, bizim üçün personası ciddiyyət təşkil etmədiyindən, onun üzərində dayanmırıq. Cəhənnəm olsun, qoy!

«Kitpro»nu yaradan Murad Nağıyevə bu yazılardan sonra Bakıdan xeyli zənglərin getməsindən xəbərdarıq. 2007-ci ildən Londonda yaşayan iş adamı yaxın günlərdə Azərbaycana gəlməlidi.

Güman ki, o, AFFA-dan olan şərikləri ilə üzbəüz əyləşəcək və irərismiqyaslı maliyyə fırıldağı ilə bağlı aralarında yaranmış mübahisəni davam etdirəcək, aydınlaşdırmağa çalışacaqlar.

O dəqiqdir ki, Elxan Məmmədov keçmiş tərəf müqabilini bağışlamağa hazırlaşmır. Heç şübhəsiz, Murad Nağıyev futboldan tanıdığı yeganə şəxsdir ki, baş katibi, necə lazımdı, barmağına dolayıb, xidmətindən və köməyindən yararlanıb, qarşılığında isə atıb.

Məmmədov bu şirkətin bazara girməsindən və AFFA-ya yaxınlığı ilə bilinən klublarla sövdələşməyə getməsindən əldə olunan vəsaitdən özünə düşən payı – faizi qədər almayıb. «London Murad» necə fırıldaq işlədibsə, baş katibin özü çıxılmaz vəziyyətdə qalıb.

Daha bir faktı qeyd edək: Bakı Olimpiya Stadionunda mənzillənmiş «Kitpro» dövlət orqanlarının AFFA-ya yaratdığı münbit şəraitdən və güzəştlərdən yararlanıb.

Belə ki, şirkətə məxsus mallar federasiyanın xətti ilə Dövlət Gömrük Xidmətindən keçirilib. Yəni, «Kitpro» bu məhsullara görə rüsum ödəməyib.

Elxan Məmmədovun «Kitpro» ilə işbirliyi yoxdursa, onun nə marağındadır ki, şirkətin malını AFFA-nın adından sifariş etsin və gətirsin?

Bu, müstəqil, federasiya ilə əlaqəsiz şirkətdirsə, baş katibə nə düşüb ki, Gömrük Komitəsinə ünvanladığı məktubda «Kitpro»nun brendlərinin adını qeyd eləsin?

Dəyərli Elxan bəy acından günorta duran deyil və heç vaxt də olmayıb. O, sadəcə, pulgir və xəsisdir. Əskinasa dəhşətli dərəcədə sevgi hissi ilə yanaşır və yumurtadan yun qırxmağın marketoloji yollarını vaxtında super əzbərləyib.

Xaricdən gətirilən malın Azərbaycan ərazisinə rüsumsuz daxil olması normalda qiymətlərə də təsir edir. Amma normalda…

«Kitpro» monopolist şirkətdir və AFFA vasitəsilə SOCAR-dan maliyyələşən, eyni zamanda, başqa klublara öz məhsullarını bazar reallığından da baha qiymətə satıb.

Nə istəyir, alsın və satsın – öz işləridir. Amma bu malın keyfiyyəti də ödənilən məbləğə uyğun olmalıdır.

Baş katibə arxalanan «Kitpro» buna da riayət etməyib. 5 brendə (»Nike», «Puma», «Macron», «Givova, «Joma») aid ən ucuz və keyfiyyətsiz geyim dəstlərini məcburi müştərilərə sırıyıblar.

Dostlar, biz Azərbaycanda yaşayırıq və bu ölkəmizin futbol həyatına, iç proseslərinə, kluarlarda gedən proseslərə yaxından bələdik. Həmçinin yaraşıqlı baş katibin özünə və əməllərinə.

Ona görə də araşdırmalarımıza ara vermirik və əminik ki, qarşıdakı günlərdə oxucularımızı daha ilginc məlumatlarla tanış edəcəyik.

 

 





06.12.2018    çap et  çap et