Avtobusda həkimi ilə səhərki yazışmanı xatırladı:
– Salam, həkim.
– Salam.
– Necəsiniz?
– Babat. Siz necəsiniz?
– Yenə babat? Həkim, üçüncü dəfədir, belə deyirsiniz. Nə olub axı?
– Heç, keçər yəqin ki. Fikir verməyin. Nə edirsiniz?
– Çiyələk mürəbbəsi ilə çay içirəm. Siz?
– Mən də çay içirəm.
– Mürəbbə ilə?
– Yox, şokoladla.
– Bəs niyə mürəbbə ilə içmirsiniz?
– Mürəbbəm dünən qurtarıb. Gətirməyi də unutmuşam.
– Hansı mürəbbələri xoşlayırsınız həkim?
– Feyxoa və albalını...
Avtobusun klinikanın yanından ötüb, keçib getdiyini gördü, cəld yerindən qalxdı, saxladıb düşdü. Foyedən həkiminə zəng elədi. Çox keçmədi ki, ağxalatlı, qızı yerində gənc bir xanım dəhlizdə göründü. Hal-əhval tutub yuxarı, həkim oturan kabinetə qalxdılar. Torbanı masanın üstünə qoyub: “Heç yanda feyxoa mürəbbəsi yox idi. Onun yerinə zoğal aldım”, – dedi, gödəkçəsini çıxarıb stulda oturdu. Həkim torbadan bankaları çıxara-çıxara təşvişlə dilləndi:
– Siz neyləmisiniz, niyə əziyyət çəkirdiniz?
– Feyxoa mürəbbəsini deyirəm ey, – həkimin etirazına məhəl qoymadı, – supermarketlərin heç birində yox idi.
– Axı heç feyxoanın mürəbbəsi satışda olmur, – həkim təəccüblə ona baxdı, – onu ət maşınından keçirib şəkər tozu ilə ...
– Mən bilmirəm. Soruşdum hansı mürəbbələri xoşlayırsınız, feyxoanı da dediniz. Maraqlıdır, bəs onda marketdəki qızlar niyə feyxoa mürəbbəsi axtarırdılar rəflərdən?
Həkim ona çay süzdü. Bir fincan içdi. Sonra birini də. Birdən nə xatırladısa, “Hə, yeri gəlmişkən, – əlini cibinə salıb hədiyyəni çıxardı, – qarşıdan gələn Yeni iliniz mübarək”, – deyib həkimə verdi. Qalxıb otaqdan çıxanda bir anlıq dayandı, geri çevrildi, təbəssümlə həkimə baxıb dilləndi:
– Baxın, səhər sizin çay içməyə mürəbbəniz yox idi. Amma indi iki banka mürəbbəniz, bir banka da şokolad yağınız var. Həyat da belədir. Təkcə hər an hər şey pisliyə doğru dəyişmir. Həm də hər an hər şey yaxşılığa doğru dəyişə bilir. Həyat hamı üçün həm də yaxşı sürprizlərlə doludur yəni...
Avtobusda qayıdanda son vaxtlaradək həkimin onu necə müalicə etdiyini, hər gün yazıb halını necə soruşduğunu xatırladı:
– Salam, bu gün necədir bizim özünü xəstəliyə vuran yazıçımız?
Gülümsünüb pəncərədən bayıra baxdı. Avtobus onun düşəcəyi dayanacağı keçib getmişdi. Eyninə almadı. Oturacaqda rahatlanıb gözlərini yumdu. Üzündə təbəssüm var idi. Bu gün o, öz nevropatoloqunun könlünü xoş eləmişdi. (Bakı-6 dekabr 2018)