Vaxt.Az

AFFA-nın qısqanclığı


 

Qurbanovun yaxına buraxmadığı qurum dirilir

AFFA-nın qısqanclığı Qurban Qurbanovun istefaya göndərilməsindən sonra A milli komandaya əcnəbi çalışdırıcının gətiriləcəyi dəqiqləşib. AFFA-nın baş katibi Elxan Məmmədov məlumatı təsdiq edərək bununla bağlı deyir:

“Bizim namizəd siyahımız genişdir. Amma hələlik heç kimlə danışmamışıq. Siyahımızda italiyalı namizədlər olsa da, onlar çox deyil. Elə ölkələr var ki, namizədləri daha çoxdur”.

İtaliyalı dedikdə bəziləri 2012-ci ildə “Çelsi”yə Çempionlar Liqasını qazandıran Roberto di Matteonun adını çəkir. Amma onun nəinki milliyə gətirilməsi, ümumiyyətlə, namizədliyinin müzakirə edilməsi haqda məlumatlar belə tamamilə cəfəngiyyatdır. Hətta deyilənə görə, 2017-ci ilin sonlarında Robert Prosineçki ilə yollar yeni ayrılan zaman bir azərbaycanlı jurnalist italiyalı həmkarına zarafatla məhz di Matteonun millimizə gətiriləcəyini deyib, o isə bunu ciddiyə alaraq sensasion xəbər kimi çalışdığı saytda tirajlayıb. Nəticədə də belə söhbətlərə yol açılıb. Təbii ki, xəbər İtaliya mətbuatında da yayıldığından bu dəfə artıq bizimkilər özü də buna inanmağa başlayıb.

Hətta o dərəcədə ki, Elxan Məmmədovun sonuncu müsahibəsi zamanı ona bununla bağlı sual ünvanlanıb. O isə əlbəttə məsələdən bixəbər şəxs kimi onsuz da qeyri-ciddi olan xəbəri təkzib etmək məcburiyyətində qalıb: “Başa düşmürəm, Roberto di Matteonun namizədliyi haradan ortaya çıxıb. Biz onunla heç vaxt danışmamışıq. Nə üç il əvvəl, nə də indi. Mənim özüm üçün də təəccüblüdür ki, onun adı namizədlər sırasında niyə çəkilir”.

Millinin yeni baş məşqçisinin yaxın bir ay ərzində, ən geci isə 2019-cu ilin yanvarın sonuna qədər açıqlanacağı ehtimalı çoxdur. Ən azı ona görə ki, martda “Avro-2020”nin seçmə mərhələsi başlayır və millinin yeni əcnəbi baş məşqçisi qısa zamanda fəaliyyəti başlamalıdır.

Bəli, A millinin baş məşqçisi, böyük ehtimalla əcnəbi olacaq. Vaqif Sadıqov necə söyləmişdi? “Bu gün Azərbaycanın bir nömrəli məşqçisi Qurban Qurbanovla müqaviləyə xitam verilirsə, deməli, milliyə əcnəbi rəhbərlik etməlidir”.

Qurban Qurbanovun yaxına buraxmadığı Məşqçilər Komitəsi “dirilir”...

Amma məsələ burasındadır ki, təkcə A milli deyil, aşağı yaş qrupları üzrə komandalardan biri də əcnəbiyə tapşırılacaq. Burada söhbət hazırda baş məşqçi vəzifəsi boş olan U-21 və ya U-17 komandasının birindən gedir. Elxan Məmmədov özü də bununla bağlı xəbəri təsdiq edib.

U-19 komandasına isə Vüqar Məmməd rəhbərlik etməkdə davam edəcək. Bu yaxınlarda AFFA İcraiyyə Komitəsinin milli komandaların bütün baş məşqçilərini istefaya göndərdiyi halda, V.Məmmədə toxunmaması isə səbəbsiz deyil. Bu, bir tərəfdən gənc mütəxəssisin komandasının Avropa çempionatının elit raunduna vəsiqə qazanması, digər səbəbi, iddialara əsasən, onun Q.Qurbanovun deyil, AFFA-nın öz kadrı olması ilə əlaqədardır.

Hazırda AFFA rəhbərliyi, baş katib Elxan Məmmədovun birbaşa nəzarəti ilə onun özünün söylədiyinə görə, milliyə namizədləri qurumun tərkibində fəaliyət göstərən Məşqçilər Komitəsinin üzvləri ilə müzakirə edir. Məşqçilər Komitəsinə uzun müddətdir heç bir klubu çalışdırmayan aşağıdakı futbol mütəxəssisləri daxildir:

Vaqif Sadıqov (sədr), Ağasəlim Mircavadov, Şakir Qəribov, Şahin Diniyev (köhnə-yeni üzv) və Yaşar Vahabzadə (yeni üzv).

Qurban Qurbanovun millidəki dövründə bu komitənin fəaliyyəti faktiki olaraq ölmüş vəziyyətdə idi. Bu isə səbəbsiz deyildi. Bizdə olan xəbərə görə, Q.Qurbanov, onun ən etibarlı və yaxın adamlarından olan Rəşad Sadıqov (eyni zamanda U-21-in o vaxtkı baş məşqçisi) Məşqçilər Komitəsinin millinin işinə qarışmasının, hər hansı məsləhət verməsinin əleyhinə olublar, bununla bağlı fikirlərini AFFA rəhbərliyinə də çatdırıblar. Səbəb kimi Q.Qurbanov və R.Sadıqovun komitənin məsləhətinə ehtiyac duymaması göstərilirdi. Q.Qurbanovun təyinatından sonrakı 1 il ərzində Məşqçilər Komitəsi millinin fəaliyyətini əsasən kənardan izləməli olub. Robert Prosineçkinin dövründən fərqli olaraq, Q.Qurbanovun vaxtında Məşqçilər Komitəsi ilə millinin məşqçi heyətinin görüşünə dair AFFA-nın ictimaiyyət üçün hər hansı rəsmi açıqlama verməməsi də belə təmasların ümumiyyətlə olmadığını, olubsa belə, sadəcə formal xarakter daşıdığını deməyə əsas verir.

Beləliklə, Q.Qurbanovun istefaya göndərilməsindən sonra Məşqçilər Komitəsinin fəaliyyətində əsl canlanma müşahidə olunur. Üstəlik belə görünür ki, federasiyası özü də komitənin işini ən azı yaxın bir neçə ay üçün gücləndirmək niyyətindədir. Şahin Diniyevin yenidən komitəyə qaytarılması, Yaşar Vahabzadənin isə beşinci üzv kimi MK-ya gətirilməsi bu ehtimalı gücləndirən amillərdəndir. Milli komandalarla görüşlər, verilən açıqlamalar da AFFA-nın indiki dövr üçün yerli mütəxəssislərdən ibarət MK-nın məsləhətinə ehtiyac duyduğunu göstərir.

Amma yalnız məsləhətinə. İşə, vəzifəyə gəldikdə isə bunlar əcnəbilərə tapşırılacaq. Yerli mütəxəssislərdən bir çoxunun işsiz olduğu vaxtda (məsələn, Yunis Hüseynov, Nazim Süleymanov, elə Şahin Diniyevin (hazırda komanda çalışdırmır) özü) xüsusən U-21-ə (U-17 də istisna deyil) Serbiya, yaxud Xorvatiyadan mütəxəssisin gətiriləcəyi, hazırda bununla bağlı müzakirələrin aparıldığı iddia olunur. Bu yerdə isə ortaya sual çıxırlar:

 

Niyə yenə əcnəbi? Əcnəbi bizim futbola nə verib?

Ən yaxın tariximizə nəzər saldıqda bir çox yaş qrupu üzrə milli komandalarda xarici mütəxəssislərin işlədiyinin şahid oluruq. Amma onların bizim futbola nə kimi faydası dəyib? Nəticələr və futbolumuzda onsuz da olmayan inkişafın dayanması bir daha təsdiqləyir ki, heç bir bir faydası. Nəinki AFFA, elə həmin xarici məşqçilər də xüsusilə bölgələrdə uşaq və yeniyetmə futbolunun inkişafı istiqamətində faktiki olaraq heç bir iş görməyiblər. Buna baxmayaraq, AFFA rəhbərliyi Q.Qurbanova münasibətdə hansısa səbəbdənsə sanki qisasçılıq mövqeyi nümayiş etdirərək, təkcə onu deyil, aşağı yaş qruplarına onun özü ilə gətirdiyi bütün yerli və gənc mütəxəssislərin (Rəşad Sadıqov (U-21), Zaur Həşimov (U-18), Ramin Quliyev (U-17), Azər Məmmədov (U-16), Famil Xəlilov (U-15) hamısını istefaya göndərdi.

Bundan sonra isə millidə yenidən əcnəbilərin dövrü başlayacaq. Bəs, onda necə olacaq? İndidən yalnız müəyyən ehtimallar irəli sürmək olar ki, xarici məşqçilərin rəhbərliyi altında AFFA yenidən milli üçün başqa ölkələrdə sayı-hesabı bilinməyən və yerli çempionatda tez-tez süni fasilələrin yaranmasına səbəb olan təlim-məşq toplanışları təşkil edəcək. Komandalara xaricdən təkcə məşqçilər deyil, həm də milliləşdirilmiş legionerlər gətiriləcək. Hansı ki, Q.Qurbanovun dövründə bu mənfi hallar xeyli dərəcədə azalmışdı. Beləliklə, yenə də yaxın illərin acı təcrübələrinə söykənib söyləmək olar ki, milli komandalara əcnəbi mütəxəssislərin gətirilməsi futbolumuzun bataqlıqdan çıxmasına qətiyyət kömək etməyəcək, əksinə geriyə doğru növbəti addımlar atılacaq.

Yerli mütəxəssislər isə bu acı mənzərəni işsiz qala-qala seyr edəcəklər, dövlətin şirkətinin AFFA-ya ayırdığı pullar isə nəticəsi olmayan əcnəbilərin cibinə gedəcək...

 





17.12.2018    çap et  çap et