Vaxt.Az

Obra-ka-dabro…


 

AFFA qərar verərkən MK ilə məsləhətləşirmi, yoxsa …

Obra-ka-dabro… AFFA bu gün U-21 milli komandasına Milan Obradoviçin gətirildiyini açıqlayıb. 41 yaşlı bu serbin məşqçi kimi ciddi uğuru olmadığı halda ölkə futbolunun ən strateji komandalarından birinə təyin edilməsi təəccüb doğurmaya bilməz.

Əvvəla ondan başlayaq ki, Obradoviç cəmi 4 il əvvəl məqçiliyə başlayıb. Yəni zəngin təcrübəsi yoxdur. Digər tərəfdən bir komandada uzun müddət fəaliyyət də göstərməyib. Hətta öz ölkəsi Serbiyada o, bir il ərzində (2017) düz üç komandada çalışıb – U-19, U-20 və U-17. Sonra Serbiya A millisinə baş məşqçinin köməkçisi təyin olunub və Azərbaycana gələnə qədər də orda işləyib. Baş məşqçi kimi klubda fəaliyyəti isə ("Koper", Sloveniya) 2015/16 və 2016/17 mövsümünə təsadüf edir və orda da fəaliyyəti qısamüddətli olub.

Elə isə Obradoviç hansı zərurətdən milliyə gətirilib? Bu seçim zamanı AFFA rəhbərliyi qurumun Məşqçilər Komitəsinin (MK) rəyini nəzərə alıbmı? Komitənin tərkibində Ağasəlim Mircavadov, Vaqif Sadıqov və Şahin Diniyev kimi təcrübəsi olan məşqçilər var. Onların, eləcə də komitənin digər iki üzvü Şakir Qəribov və Yaşar Vahabzadəni bu təyinata səmimi şəkildə isti yanaşdıqları şübhə doğurur. Onlar ya Obradoviçin namizədliyinin əleyhinə olublar, ya AFFA rəhbərliyinin fikrinə qarşı getməyiblər (oxu: gedə bilməyiblər), ya da qurumun rəhbərliyi ümumiyyətlə, Məşqçilər Komitəsi ilə məsləhətləşməyib və mediadakı açıqlamalarının əksinə olaraq, sadəcə öz bildiklərini edib. Böyük ehtimalla Məşqçilər Komitəsinin rəyi AFFA üçün heç bir əhəmiyyət daşımır və nə vaxtsa da daşımayıb. Amma qərarı kim verirsə versin, bu təyinatın Azərbaycan futbolunun xeyrinə olacağını düşünmək sadəlövhlük olar. Obradoviçin məşqçilik təcrübəsinin azlığı, yerli futbolçuları tanımaması, bizim futbol mentalitetindən tamamilə uzaq olması gələcəkdə onsuz da bərbad durumda olan futbolumuza daha bir zərbə vura bilər. O, bizdə ən yaxşı halda köməkçi məşqçi kimi çalışa bilərdi. Amma təbii ki, qərar veriləndə AFFA üçün Obradoviçin faktiki olaraq, heç bir nəticəsi olmaması önəm daşımayıb və böyük ehtimalla, bu məsələdə futbol menecerləri ilə federasiyanın gizli işbirliyi mühüm rol oynayıb.

Ümumiyyətlə, Obradoviç kimilərindənsə milliyə məhz yerli mütəxəssislərdən birinin təyinatı daha yaxşı olardı. Məsələn, İşsiz olan neçə-neçə məşqçimizdən birinin. Amma bu təyinat bir daha sübut edir ki, AFFA-da qərarverici insanlar üçün futboldakı problemlərin həlli deyil, şəxsi maraqlar daha ön plandadır.

Millidə bu vəzifəni daha əvvəl tutmuş Rəşad Sadıqov Azərbaycan futbolundakı problemlərə ən çox bələd olan və onun aradan qaldırılması istiqamətində səy göstərən şəxslərdən biri idi. Amma acı bir gerçəklik də var ki, futbol federasiyası bu problemi həll etmək istəyənləri özləri üçün problem görür. Elə buna görə də tezliklə R.Sadıqov da daxil olmaqla, yerli mütəxəssislər millidən qovuldu. Və indi gözlənilənlər baş verir – gələcəkdə bəlkə yaxşı məşqçi olacaq yerli mütəxəssislərin karyerasına elə ilk gündən ağır zərbə vurulur, milli komandalar isə futbolumuzda faydası olmayacaq və bura ancaq pul qazanmaq üçün gələn əcnəbilərə tapşırılır.

 





13.01.2019    çap et  çap et