Vaxt.Az

Bakının layihəsinə separat barmağı


 

Rusiya “şimal-cənub” dəmiryolunu Krıma qədər uzatmaq istəyir

Bakının layihəsinə separat barmağı Rusiya 2014-cü ildə Krımı işğal etdikdən sonra qarşısına məqsəd qoyub: Dünya dövlətlərinə Krımı Rusiya ərazisi kimi tanıtdırmaq lazımdır. Moskva 5 ildir bu məqsədə nail olmaq üçün müxtəlif vasitələrdən istifadə edir.

Birincisi, Moskva xarici ölkələrin siyasətçilərinin və deputatların Krıma səfərlərini təşkil edir. Bəziləri Krıma səfər edirlər. Ancaq xarici ölkələrin siyasətçilərinin və deputatlarının əksəriyyəti Krıma getməkdən imtina edir.

İkincisi, Moskva Krımda müxtəlif beynəlxalq konfrans və seminarlar təşkil edir. Həmin tədbirlərdə iştirak edən şəxs Krımı Rusiya ərazisi kimi qəbul etmək məcburiyyətində qalır. Ancaq Moskva bu məsələdə də böyük nailiyyət əldə etməyib. Xarici ölkələrdən Krımdakı konfranslarda çox az nümayəndə iştirak edir.

Üçüncüsü, Moskva adi turistlərin də Krıma səfərlərini təşkil etməyə çalışır. Məsələn, bəzi xarici turizm şirkətləri ilə müqavilə bağlanır ki, onlar Krıma turlar təşkil etsinlər.

Dördüncüsü, Moskva bir sıra regional layihələrdə Krımın da iştirakına çalışır.

Beşincisi, Moskva Krımda istehsal olunan malları xarici ölkələrdə satışa çıxarmağa çalışır. Ayrıca, Krımı Rusiya ərazisi kimi göstərən atlaslar satışa çıxarılır.

Azərbaycan Krımı Ukrayna ərazisi kimi tanıyır. Buna baxmayaraq, bəzən Azərbaycanda Krımda istehsal olunan mallara və atlaslara rast gəlinir. Bundan başqa, hansısa turizm şirkəti Krıma səfərlər təşkil edir. Belə məlumatlar ictimailəşəndə Azərbaycanın dövlət strukturları bunların qarşısını alır. Yəni mağazalardan Krımda istehsal olunan mallar çıxarılır, turizm şirkətlərinə xəbərdarlıq edilir. Bu təqdirəlayiqdir.

Moskvanın növbəti planı Fars körfəzi və Xəzərlə Qara dəniz arasında nəqliyyat xətti yaratmaqdır. İrandakı limanlardan Krımdakı limanlara mal daşınması nəzərdə tutulub. Mallar İrandan Xəzər dənizindəki limana, buradan Volqa-Don çayı ilə Qara dənizə və Krıma çatdırılmalıdır. Moskva bu marşruta Azərbaycanın və digər dövlətlərin qoşulmasını da istəyir. Rusiya istəyir ki, bu marşrutla yalnız İran deyil, Azərbaycan və Yaxın Şərq ölkələrinin malları da daşınsın.

Azərbaycan bu təklifə razılaşa bilməz. Çünki bu halda Azərbaycan Krımı Rusiya ərazisi kimi tanımış olacaq. Dağlıq Qarabağ kimi problemi olan Azərbaycan bir başqa separatçı bölgə ilə əməkdaşlıq edə bilməz. Azərbaycan şimal (Rusiya) – cənub (İran) nəqliyyat dəhlizinin tərkib hissəsidir və dəmiryolunun fəaliyyətə başlamasını istəyir. Azərbaycan özü bu marşrutla Krıma mal daşınmasının əleyhinə olmalıdır. Buna baxmayaraq, Rusiya bu dəmiryolunun bir hissəsini Krıma qədər uzatmağa çalışacaq. Bu mümkündür. Rusiya 2018-ci ildə Krıma körpü çəkdi. Həmin körpüdən dəmiryolu da keçir. Yəni Moskva gələcəkdə şimal-cənub dəmiryolunun bir hissəsini Krıma qədər uzada bilər.

Şimal-cənub dəmiryolunun Krıma birləşdirilməsi Azərbaycanın təhlükəsizlik siyasətinə ziddir. Çünki Azərbaycanın özü xarici şirkətlərin Dağlıq Qarabağla iqtisadi və ticarət əlaqələrinə qarşı çıxır və faktlara qarşı mübarizə aparır. Ona görə də rəsmi Bakı şimal-cənub dəmiryolunun Krımla əlaqəli hissəsində iştirak etməməlidir.

Şimal-cənub layihəsi Azərbaycan üçün 2 səbəbdən vacibdir:

Birincisi, Avropadan və Rusiyadan mallar Azərbaycandan İrana və oradan da digər Şərq ölkələrinə çatdırılacaq.

İkincisi, Şərq ölkələrinin və İranın malları Azərbaycan üzərindən Rusiyaya və Avropaya çatdırılacaq.

Bununla Azərbaycanın həm bölgədəki rolu, həm də gəlirləri artacaq. Ancaq rəsmi Bakı “şimal-cənub” marşrutun işlənməsində Krımın hansısa şəkildə iştirakına razılıq verməmişdi. Rusiya dəmiryolu ilə Krıma mal daşıyır. Heç bir ölkə buna mane ola bilmir. Rəsmi Bakının da buna mane olması problematikdir. Hətta Azərbaycanın dəmiryolu ilə Rusiyaya ixrac etdiyi kənd təsərrüfatı məhsullarının Krımda da peyda olması mümkündür. Rusiyaya ixrac edilən meyvə və tərəvəz mallarının Krıma göndərilməsinə nəzarət etmək çətindir. Ancaq hər halda biz öz mallarımızın Krımda peyda olmasına yol verməməliyik. Əks halda, Azərbaycan-Ukrayna münasibətlərində problemlər yarana bilər. Çünki rəsmi Bakı Dağlıq Qarabağda istehsal olunan malların Ukrayna ərazisində satışa çıxarılmasını istəmir.

İranın Rusiyanın təklifinə necə yanaşacağı isə bilinmir. BMT-də 2018-ci ilin dekabr ayında Krımla bağlı son səsvermədə İran nümayəndəsi Rusiya və Ermənistan nümayəndəsi kimi Ukraynanın irəli sürdüyü qətnamənin əleyhinə səs verdi və belə çıxdı ki, Tehran Krımın Ukraynana bağlılığını qəbul etmir. Ona görə mümkündür ki, İran gələcəkdə Rusiyanın təklifi ilə razılaşsın. Belə olan halda İranla Ukrayna arasında münasibətlər gərginləşəcək.

“Atlas” Araşdırmalar Mərkəzi

 





14.01.2019    çap et  çap et