Müraciətə dərhal reaksiya verən Prezident İlham Mehman Hüseynov barəsində amılan yeni cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Baş prokuror tövsiyə edib.
Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun olaraq Baş prokuror tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib.
İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.
Azərbaycan Milli Məclisin deputatları bu dəfə Modern.az-a Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq M.Hüseynov barəsindəki əlavə cinayət işinin icraatına xitam verilməsinə münasibət bildiriblər.
Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Mehman Hüseynova qarşı aparılan istintaqın Prezident tərəfindən nəzarətə götürülməsi Azərbaycan əlehinə yaxından və uzaqdan idarə olunan bəzi oyunların və ssenarilərin qarşısını almış oldu:
“Yəqin ki, Mehmanın azadlığa çıxması daxildə və xaricdəki siyasi işbazları məyus edəcək".
Milli Məclisin deputatı, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib ki, Mehman Hüseynov adlı gənc bir məhbusun işindən xaricdəki müəyyən qüvvələr siyasi şou düzəldərək, Azərbaycan dövlətinə qarşı siyasi təzyiq aləti kimi istifadə etməyə çalışdılar:
“Amma bu, baş tutmadı. İlk növbədə həmin gəncin özü bu kampaniyada iştirak etmək istəmədi və onun adından istifadə edilməsinə etiraz etdi. Digər tərəfdən isə bir vətəndaş kimi hüququndan istifadə edərək, dövlət başçısına müraciət ünvanlayıb, bu məsələyə müdaxilə edilməsini istədi. Cənab Prezidentin hüquq-mühafizə orqanlarına tapşırığından 1 gün sonra isə Mehman Hüseynovun gənc olduğu, ailə ilə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alınaraq onun barəsindəki cinayət işinə xitam verildi. Bunun özü də göstərir ki, Azərbaycan dövləti hər bir vətəndaşının qayğısına qalır. Azərbaycanda istənilən problem hüquqi müstəvidə həll edilir. Humanistlik, vətəndaşın problemlərinə qayğı Azərbaycan dövlətinin, Prezidentinin fəaliyyətinin əsas qayəsidir”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Mehman Hüseynov barəsindəki cinayət işinə xitam verilməsini ölkə başçısının humanist addımı kimi qiymətləndirib:
“Cənab Prezident hər zaman ölkə vətəndaşlarına xüsusi diqqət yetirir. Mehman Hüseynov ətrafında xoşagəlməz hallar baş verirdi. Ölkə daxilində müxalifət Mehman Hüseynov hadisəsini əllərində bayraq edərək, mitinqlərdə ölkə başçısına qarşı əsassız ittihamlar irəli sürüblər. Digər tərəfdən, Avropa İttifaqına daxil olan ölkələrin diplomatları onunla görüşdülər. Bəlli oldu ki, Mehman Hüseynovun saxlanması ilə bağlı hər hansı bir problem yoxdur. Bütün bunlar bir ssenarinin tərkib hissəsi kimi diqqəti cəlb edib. Təəssüflər olsun ki, bu cür hallardan anti-Azərbaycan qüvvələri, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən anti-milli qüvvələr istifadə etdilər. Yəqin ki, bundan sonra da bu və ya buna bənzər hadisələrdən çalışacaqlar ki, istifadə etsinlər”.
Deputat əmindir ki, Mehman Hüseynov azadlığa buraxılacaq:
“Hesab edirəm ki, o da özü üçün nəticələr çıxarıb. Ola bilsin ki, ona qarşı haqsızlıq da olub. Mən bunu bilmirəm. Çünki prosesin tam içərisində deyiləm. Əgər haqsızlıq olubsa, buna qətiyyən yol vermək olmaz. Biz bu cür gənclərlə profilaktik tədbirlərə daha çox üstünlük verməliyik. Onların üzərində işləyən anti-milli qüvvələrin fəaliyyətini diqqətlərinə çatdırmalıyıq ki, öz potensialını, istedadını, gücünü Azərbaycan dövlətçiliyinə sərf etsinlər. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, məmurlar, hüquq-mühafizə orqanları bu cür hallar baş verən zaman çox ehtiyatlı olmalıdırlar. Çünki yaranmış olan cüzi bir situasiyadan Azərbaycanı sevməyən qüvvələr istifadə edə bilməsinlər”.
Mirmahmud KAZIMOĞLU