Vaxt.Az

İki həftədə bir görüş


 

Putin - Ərdoğan: dostluğa davam!

İki həftədə bir görüş Moskvada Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş başa çatdı. Bu iki lider arasında bir il ərzində 26-cı (?!) görüş idi, yəni aya 2 görüşdən çox düşür, (daha dəqiq 2 həftədə bir dəfə) . İki ölkə tarixində ilk yaşanır.

Liderlər Suriyanı müzakirə etdilər. Ərdoğan və Putin iki məsələnin üzərində xüsusi dayandılar. Birincisi, İdlib, ikincisi Suriya Konstitusiyasıdır. Əslində Ərdoğan və Putin hər iki mövzu ətrafında fikir ixtilafı yaşamasalar da, hər iki problem həll olunmayıb. Nə İdlib terrorçulardan azad olunub və Ankara hələ ki, silahlı müxalifəti terrorçulardan ayıra bilməyib, nə də ki, Suriya Konstitusiyasının necə olacağı ətrafında razılaşma var. Digər tərəfdən Putin Ərdoğandan fərqli olaraq YPG və PYD-ni terrorçu təşkilatlar saymır, onları "kürd qruplar" adlandırır. Demək, Putin gələcəkdə onlarla ittifaq qura biləcəyini də istisna etmir.

Buna baxmayaraq, Ərdoğan və Putin dostluqlarını davam etdirirlər. Çünki, ABŞ hər ikisinə qənim kəsilib. Nə qədər ki, Vaşinqton həm Rusiya, həm də Türkiyəni sıxışdırmağa çalışır, Ankara-Moskva ikilisi çat verməyəcək, hətta Suriyadakı duruma baxış fərqli olsa belə. Əslində Ərdoğanın Suriyaya baxışı Putinin xoşuna gəlmir, ancaq Rusiya prezidenti Suriyaya görə Ərdoğanla dostluqdan qopmaq istəmir. Çünki iki ölkə arasındakı münasibətlərdə pozitiv elementlər – ticarət mübadiləsi, atom elektrik stansiyasının tikintisi, “türk axını” layihəsi və C-400 anlaşması var.

 





24.01.2019    çap et  çap et