“Anadolu” Agentliyi xəbər verir ki, EPDK göstəricilərindən toplanmış məlumatlara görə, ötən il noyabr ayında İrandan neft alışını dayandıran Türkiyə, xam neft ehtiyacını İraq, Qazaxıstan, Rusiya Federasiyası, Küveyt, Nigeriya, Səudiyyə Ərəbistanı və Azərbaycandan qarşılayıb.
ABŞ-ın, keçən il may ayında İranla nüvə müqaviləsindən çıxdığını və noyabrdan etibarən İranın neft ticarətini hədəfləyən sanksiyalar tətbiq edəcəyini açıqlaması ilə, Türkiyənin İrandan neft idxalında əhəmiyyətli azalma başlayıb.
Aylıq orta hesabla 1 milyon tondan olan idxal ötən ilin İyun ayında 285 min tona enib. İyulda bu miqdar yenidən 800 min tonlara yüksəlsə də mərhələli olaraq azalıb və noyabrda sıfıra düşüb.
Türkiyənin İrandan neft alışı keçən ilin iyun-noyabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 50,59 faiz azalaraq 2 milyon 997 min tona enib. 2017-nin iyun-noyabr dövründə İrandan 6 milyon 66 min ton xam neft idxal edilmişdi.
Həmin dövrdə Türkiyə İrandan azaltdığı idxalını əsasən İraq nefti ilə əvəz edib. İraqdan neft alışı keçən ilin iyun-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 67,85 faiz artaraq 4 milyon 671 min tona yüksəlib. Bu miqdar 2017-nin iyun-noyabr dövründə 2 milyon 783 min ton idi.
Bu dövrdə neft idxalının qalan hissəsi əsasən Qazaxıstan, Rusiya, Səudiyyə Ərəbistanı və Azərbaycandan qarşılanıb.
Gələcək dövrdə Türkiyənin İrandan neft idxalını tamamilə dayandırmayacağı və aylıq orta hesabla 250 min ton kimi aşağı miqdarlarda da olsa davam edəcəyi bildirilir.