Vaxt.Az

MTK-lar ləğv edilir...


 

Bunun sonrası necə olacaq?

MTK-lar ləğv edilir... Prezident İlham Əliyevin 16 yanvar 2019-cu il tarixində imzaladığı Fərmanla İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, məcəllədə mənzil qanunvericliyinin pozulmasına görə əlavə cərimələr tətbiq ediliməsi nəzərdə tutulub. Belə ki, MTK-lar bir ay müddətində ləğv edilərək mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə (MMMC) çevrilməli və ya həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görməlidirlər.

Əks halda, vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər isə 5000 manat cərimə ediləcək. Bunun üçün kooperativ binanın tikintisi tam başa çatmalı və həmin binada yaşayan sakinlərin 50%-dən çoxunun "kupçası" olmalıdır.

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev Modern.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişiliklik irəliyə doğru atılmış addımdır:

“Doğrudur, bu dəyişiklik kifayət qədər çox və dərin olan problemləri kökündən həll etməyəcək. Çünki mənzillərdə yaşayan sakinlərin 50%-dən çoxunun “kupçası” olduğu təqdirdə, MTK-lar ləğv olunmalıdır və səlahiyyət bələdiyyələrə verilməlidir. Bələdiyyə də ya səlahiyyətləri öz əlinə alacaq, ya da hansısa kənar təşkilata ötürəcək. Ona görə də bu, uzun prosesdir. Vətəndaşların MTK-lardan olan narazılıqları baxımından müsbətə doğru dəyişikliklər gözlənilir. Amma digər tərəfdən, sakinlər məsuliyyəti öz üzərlərinə də götürmək istəmirlər. Çoxmənzilli binada yaşayan insan rahatlıq istəyir. Yəni kimsə təşkilatı işlərə vaxt sərf etmək, ora-bura qaçmaq istəmir”.

R.Əliyev bunu nəzərə alaraq, 90 faiz hallarda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmayacağı qənaətindədir:

“Bu cür təşkilatların yaradılması özü də xərc tələb edir. Ora kimsə təyin olunmalıdır, idarəetmə xərcləri nəzərə alınmalı, hesabatlar verilməlidir. Bu baxımdan MTK-lar ləğv olunduqdan sonra MMMC-lər yaradılmayacaq, idarəetmə kənar təşkilatlara ötürüləcək. Bu məqamda bələdiyyələr bu yükü qaldırmağa hazır olacaqlarmı? Bax bu sualın cavabı açıq qalır. Eyni zamanda, “navastroykalar”ın idarə edilməsi üçün çox sayda, kiçik şirkətlərin yaradılması gündəmdə olacaq. Bakı üzrə on minlərlə çoxmərtəbəli bina inşa olunub. Hazırda bələdiyyələr onlar üzrə təşkilati işlərin aparılması iqtidarında deyillər.

Qanunda MTK-ların qeyri-kommersiya qurumu olduğu göstərilir. Əslində isə MTK-lar biznes qurumlardır. MTK strukturu sadəcə bu biznes qurumunun üzərinə çəkilmiş “pərdə” rolunu oynayır”.

Ekspert hesab edir ki, qanun pozuntusuna görə cərimələr kifayət qədər sərt deyil:

“2000-3000 manatlıq cərimə milyonlarla manatlıq binanın idarəedicisi üçün çox cüzi məbləğdir. Nəzərə alaq ki, hələ tikilməkdə olan binalarda mənzil sahibi olmuş vətəndaşlara “kupça” verilmir. “Kupça” isə bina tam hazır olanda təhvil verilməlidir. Yaxşı, MTK-lar ləğv olunsa, bunun sonrası necə olacaq? Burada mübahisəli məqamlar olduqca çoxdur. Yəni bu dəyişikliklərlə problemlər həll olunmayacaq”.

 





30.01.2019    çap et  çap et