Doğrudur, Paşinyan telefon danışığından sonra rəqiblərini sakitləşdirmək üçün and-aman etdi ki, Bolton onu yalnız baş nazir seçilməsi münasibətilə təbrik edib, başqa söhbət olmayıb, yəni Qarabağdan danışmayıblar. Ancaq Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumata görə isə, Con Bolton İlham Əliyevlə bir sıra mövzularla yanaşı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini müzakirə edib. Demək, bu mövzu Paşinyanla da müzakirə edilib, sadəcə Ermənistanın baş naziri “Qarabağ klanından” ehtiyat etdiyi üçün bu haqda açıqlama verməyib. Bunların üzərinə ABŞ milli kəşfiyyatının rəhbəri Deniel Koutsun bir neçə gün əvvəl Rusiyanın müdaxiləsi nəticəsində Dağlıq Qarabağ münaqişəsi yenidən alovlana biləcəyi açıqlamasını da əlavə etsək ABŞ-ın bölgə ilə bağlı hərəkətə gəldiyini söyləmək olar.
Bütün bunlar nə deməkdir?
Birincisi, ABŞ hazırda dünyanın hər yerində Rusiyanın maraqları ilə mübarizə aparır. İki dövlətin son toqquşduğu məkan Venesueladır. ABŞ prezident Maduronu devirmək istəyən qüvvələri dəstəkləyir, Moskva isə əksinə Venesuelanın hazırkı prezidentindən ikiəlli yapışıb. Suriyada da işlər yaxşı getmir. Amerika Suriyadan çıxmaq istəyir, ancaq Rusiyanın bu ölkəyə tam hakim olmasını da istəmir, bunu əngəlləmək üçün yollar arayır. Ukrayna uğrunda mübarizə də davam edir. Görünür, tədricən növbə Cənubi Qafqaza çatır. Mümkündür ki, Dövlət Departamenti, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi birlikdə Cənubi Qafqazla bağlı yeni strategiya hazırlayıblar və bu strategiyanın ana xətlərindən biri Rusiyanın bölgədəki təsirlərinin azaldılmasına yönəlib. Ona görə də Vaşinqtondan Bakıya və İrəvana zənglərin sayı artıb.
İkincisi, mümkündür ki, ABŞ Rusiyanın Avrasiya bölgəsindəki mövqelərinin sıxışdırılması üçün regional münaqişələrin həllindəki fəallığını artıracaq. Məsələn, Vaşinqton görəndə ki, Rusiya təmsilçiləri Əfqanıstanda Taliban hərəkatı ilə gizli təmaslara başlayıblar, vəziyyəti dəyişməyə çalışdı. Bu gün Taliban təmsilçiləri amerikalı diplomatlarla Qətərdə görüşürlər və çalışırlar ki, hansısa razılığa gəlsinlər.
Üçüncüsü, ABŞ 2000-ci ildən bu yana Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi fəallıq nümayiş etdirməyib. Amerika ərazisində Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü 19 il əvvəl olub. Görünür, Vaşinqtonda yenidən bu mövzuya qayıtmağı lazım bilirlər. Prezident Donald Trampdan olsaydı, bizim bölgə ilə maraqlanmazdı. Ancaq Trampın güclü komandası var və Bolton kimi təcrübəli diplomat anlayır ki, heç bir bölgəni Rusiyaya bəxşiş vermək olmaz, bunun nəticəsi yaxşı olmur. Gürcüstan və Ukrayna buna misaldır. İndi Vaşinqtondan tələb olunan Moskva və Paris görüşlərindən sonra Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin görüşünü Amerika ərazisində təşkil etməkdir. Ancaq görüşün məzmunlu olması və tərəflərin mövqeyini bir-birinə yaxınlaşdırmaq üçün alt səviyyədə fəaliyyət başlamalıdır. O ki qaldı, ABŞ Milli Kəşfiyyat rəhbərinin “Rusiya müharibəni alovlandıra bilər” mesajına bu daha çox Bakı və İrəvana xəbərdarlıqdır ki, qonşunuzdan ehtiyatlı olun, o sizinlə münasibətlərdə səmimi deyil.