Əlbəttə, kim istəyirsə onu bu cür çağıra bilər, sadəcə, düşünürəm ki, Rəsulzadə adı ətrafında şəxsiyyət kultu yaratmağa, onun personasına müqəddəslik, mistik çalarlar qatmağa ehtiyac yoxdur. Gələcəkdə imkan düşəndə hər yeri onun heykəlləri, büstləri ilə bəzəmək də yanlış olardı, bu cür tanıtma, qəbul etdirmə üsulunu doğru saymıram. Türkiyənin son illərdəki təcrübəsi bizə nəyi necə etmək və etməmək məsələsində yaxşı yol nişanıdır. Türk xalqı Atatürkü onun toxunulmaz sayıldığı, bütləşdirildiyi dövrdə deyil, toxunulmazlığını itirdiyi və hücumlara məruz qaldığı dövrdə daha yaxşı tanıdı. Hətta əvvəllər Atatürkə soyuq baxan bir çox islamçı və liberallar məhz son illər, həm ölkədə, həm də bölgədə baş verənlərin təsiri ilə, Atatürkə hörmətlə yanaşmağa başlayıb.
Rəsulzadəyə sadəcə olaraq, qurucu lider kimi yanaşmaq, onu tanıtma, əbədiləşdirmə üsulu kimi heykəlləşdirmə, bütləşdirmə metoduna çox da meyl etməmək faydalı olar. (Bakının mərkəzində yaxşı bir heykəl ucaldılmasına qarşı deyiləm.)
Rəsulzadə şübhəsiz ki, böyük şəxsiyyət idi. Mənə görə, onun böyüklüyü bizə etnik-dini, tarixi-kulturoloji, bir sözlə, hər baxımdan yaxınlığı olan Osmanlının və Qacarların təsiri altında qalmadan demokratik cümhuriyyət modelinə üstünlük verməsidir. Dəqiq məlumatım yoxdur, amma əminəm ki, idarəetmə modeli kimi parlamentar sistemin seçilməsində bu qonşularımızdan fərqlənmək niyyəti də rol oynayıb. Prezident institutu bizim toplumda padşahlıqla assosiasiya oluna bilərdi.
Başqa önəmli detal Rəsulzadənin milli identikliyə və milli dövlətə xüsusi önəm verməsidir. O zaman Azərbaycanda osmanlıçılıq xətti güclənirdi. Azərbaycanın Osmanlı İmperiyasının tərkibinə qatılmasını, Osmanlı dilinin vahid ədəbi dil kimi qəbul edilməsini dəstəkləyən nüfuzlu şəxsiyyətlər var idi. Lakin Rəsulzadə Azərbaycanın müstəqilliyində israrlı oldu, hətta cümhuriyyətin elanından sonra bu yöndə Nuri paşa və onun müşaviri Əhməd bəyin basqılarına da müqavimət göstərdi, ədəbi dil kimi Osmanlı dilinin deyil, xalq danışıq dilinin əsas götürülməsinə tərəfdar çıxdı. Yəni “böyük, vahid islam dövləti”, “vahid dil” kimi cəlbedici görünən ideyalara baş qoşmadı.
Rəsulzadə regionun ən proqressiv, ən demokrat müsəlman lideri idi. (Təkcə Qafqazı yox, bütün Rusiyanı, Türkiyə və İranı nəzərdə tuturam.) Şübhəsiz ki, onun dünyagörüşünün formalaşmasına Rusiya İmperiyasının mərkəzlərində (Peterburq-Petroqrad və Moskva) konstitusiyalı quruluş və demokratik islahatlar uğrunda gedən mübarizənin təsiri olmuşdu. (Rusiyadakı islahat tərəfdarları, liberal intelligensiya da öz növbəsində mütərəqqi ideyaları Qərbdən götürürdü.) Müsavatın 1917-ci ilin oktyabrında keçirilən I qurultayında qəbul olunan proqram tamamilə liberal prinsiplər əsasında hazırlanmışdı və o dövrün elmsiz, təhsilsiz Azərbaycan müsəlman toplumu üçün əsl inqilab idi. Rəsulzadə məşhur "İnsanlara hürriyyət, Millətlərə istiqlal" şüarını orada söyləmişdi. Proqramda dilindən, dinindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşların bərabərliyindən, söz, vicdan, birləşmə azadlığından, tətil hüququndan, şəxsi mülkiyyətin toxunulmazlığından bəhs olunurdu. Rəsulzadənin israrı ilə proqrama xüsusi müddəa salınmışdı ki, dövlət (hökumət) hər hansı dinə, məzhəbə, inanca üstünlük verə bilməz. Bu, onu göstərir ki, dünyəvilik və sekulyarlıq onun qırmızı xətti idi. Rəsulzadə bildirmişdi ki, ruhanilər siyasətə qarışmamalı və insan məscidə girdikdən sonra siyasəti unudub, yalnız Tanrıya ibadət etməlidir.
Sonradan cümhuriyyət məhz Müsavatın proqramındakı bu prinsiplərin əsasında quruldu. Həmin prinsiplər, hüquqlar bu gün də aktuallığını saxlayır və 100 il keçsə də, hələ ki gerçəkləşməyənləri var. Gec də olsa, gerçəkləşəcək, çünki layiqli alternativi yoxdur.