Vaxt.Az

Soyuq müharibə rəsmən başladı


 

ABŞ keçmiş SSRİ ilə imzalanmış nüvə sazişindən imtina etdi

Soyuq müharibə rəsmən başladı ABŞ fevralın 2-dən etibarən Rusiya ilə ballistik raket müqaviləsindən çıxdığını bəyan edib. Vaşinqton bu addımını Moskvanın müqavilə şərtlərini pozması ilə izah edib.

CNN xəbər verir ki, Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Rusiyanı Orta və yaxın mənzilli Nüvə Qüvvələrinə dair 1987-ci il tarixli müqavilənin (1987 “Intermediate-Range Nuclear Forces Treaty - INF Treaty”) şərtlərini davamlı olaraq pozduğunu bəyan edib.

Hələ ötən ilin oktyabrında Prezident Donald Tramp bildirmişdi ki, Vaşinqton bu müqavilədən çıxmaq niyyətindədir. NATO da ABŞ-ın bu mövqeyini dəstəkləyib.

ABŞ ilə Rusiyanın Avropa və Uzaq Şərqdəki müttəfiqlərini qorumağı nəzərdə tutan “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müddətsiz müqavilə 1987-ci ildə sovet rəhbəri Qorbaçovla ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan arasında Vaşinqtonda imzalanıb. Müqavilə Rusiya və ABŞ-ın 500-5500 kilometr məsafə radiusunda hədəfləri vura biləcək yer tipli bütün qanadlı raketlərin ləğvini nəzərdə tutur, həmçinin onların istehsalını və sınağını qadağan edir. Ekspertlərin fikrincə, müqavilənin ləğvi dünyada, xüsusən də iki ən böyük nüvə dövləti - ABŞ-la Rusiya arasında silahlanma üzrə yeni yarışa səbəb olacaq və nəticədə qlobal, xüsusən də Avropa ölkələrinin təhlükəsizliyi ciddi təhdid altında qalacaq. Belı ki, Rusiyanın ehtimal olunan hücumlarının qarşısının alınması üçün Vaşinqtonun nüvə başlığı daşıya bilən yer tipli orta mənzilli ballistik raketlərini yerləşdirəcəyi ilk region məhz Avropa olacaq.

Müqavilədən çıxma müddəti sənədin şərtlərinə əsasən altı ay davam edəcək.

Xatırladaq ki, 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən imzalanmış müqaviləyə görə 500 km-dən 5500 km-ə qədər olan bütün nüvə raketləri qadağan edilməli idi.

 





02.02.2019    çap et  çap et