Vaxt.Az

“KİVDF-dən pul ala bilərlər”


 

Deputatdan maliyyəsi dayandırılan qəzetlərə müraciət

“KİVDF-dən pul ala bilərlər” “Hazırkı gündə ictimai fikrə təsir edən onlayn mediadır”. Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) qərarı ilə maliyyəsi dayandırılan qəzetlərdən danışarkən bildirib.

Onun sözlərinə görə, dünyanın harasında hadisələr baş verirsə, məhz onlayn media vasitəsilə az bir vaxtda yayılır.

“Bütün bunlar da klassik medianın təsirinin azalması ilə nəticələnir. Məsələn, qəzetlərin sayı, səhifələri, tirajları azalır, bəziləri bağlanır, digərləri özlərinin onlayn versiyasına üstünlük verirlər. Bəzilərin dövriyyəsi azalır, gündəlik qəzetlər həftəliyə keçirlər.

Belə olan halda reklam verənlər də onlayn mediaya üz tuturlar. Bu, dünyanın hər yerində gedən bir prosesdir. Ölkəmizdə də artıq ictimai fikir internet mediası üzərində formalaşır. Azərbaycanda kifayət qədər tirajları olan qəzetlərin tirajları və dövriyyələri azalır. Bəziləri maliyyə imkansızlığından öz fəaliyyətini dayandırır, bəziləri elektron versiyalarına üstünlük verirlər”.

Ə.Amaşov qeyd edib ki, KİVDF 10 ildir qəzetlərə maliyyə ayırır.

“Bu maliyyədə məqsəd ondan ibarətdir ki, bizim qəzetlərimiz inkişaf etsin. Bundan istifadə edərək peşəkarlığını, tirajlarını artırsınlar, daha çox insanlara çatımlı olsunlar. Əgər belə olarsa, reklamları da artar. Artıq bu 10 ildə bir sıra media vasitələri Fondun yardımından səmərəli istifadə edərək öz işlərini qura biliblər. Fondun son iclasında yardım üçün tələblərə baxılıb və bu tələblər artıb. Əgər qəzet çıxırsa bu, 5 min tirajla çıxmalıdır, ən azından 2500 abunəçisi olmalıdır. Əgər qəzetlərimiz bu tələbləri yerinə yetirəcəklərsə, onlar mart ayından sonra da Fond tərəfində maliyyələşdiriləcəklər. Əgər tələbləri yerinə yetirməyəcəklərsə seçim o zaman onların olacaq. Yəqin ki, onlara əvvəlki yardımlar olmayacaq. O zaman kimsə öz qəzetini bağlaya bilər. Mən əminəm ki, tam əksəriyyəti onlayn versiyalarına üstünlük verəcəklər və onlayn versiyalarını daha da inkişaf etdirəcəklər. Ümumilikdə mən məsələyə təbii baxıram. Ona görə ki, bu gün zamanın tələbi belədir”.

Qeyd edək ki, yanvarın 31-də KİVDF-nin Müşahidə Şurasının iclası keçirilib.

Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin 2019-cu il fevral ayının 1-dən martın 28-dək, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqamət üzrə keçirilməsi nəzərdə tutulur.

Hazırda bütün dünyada internet media resurslarının sürətlə inkişaf etdiyini və çap mediasının obyektiv səbəblərdən problemlə üzləşdiyini diqqətə çatdıran Vüqar Səfərli bu baxımdan KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanında müəyyən dəyişikliklərin edilməsinə ehtiyac olduğunu vurğulayıb. V.Səfərli bildirib ki, çap mediasının cəmiyyətdəki nüfuz və mövqelərinin möhkəmləndirilməsi məqsədilə qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərə yenidən baxılması günün zəruri tələbinə çevrilib.

İcraçı direktor bildirib ki, müsabiqə elanında təklif olunan dəyişikliyə əsasən, Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər.

V.Səfərli, həmçinin qeyd edib ki, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə olması nəzərdə tutulur.

Mail AĞAXANOV

 





02.02.2019    çap et  çap et