Vaxt.Az

“Mən xidmət edirəm” mesajı


 

Bloger Bəxtiyar Hacıyev İlham Əliyevi dəstəklədi

“Mən xidmət edirəm” mesajı Bloger və ictimai fəal Bəxtiyar Hacıyev Prezident İlham Əliyevin gənclərin nümayəndələri ilə son görüşünə münasibət bildirib. Müxalif baxışlarını bölüşən bloger dövlət başçısı tərəfindən keçirilən belə görüşləri və bütövlükdə aparılan gənclər siyasətini müsbət xarakterizə edib.

“Gənclər günü ilə bağlı Prezident İlham Əliyevin gənclərlə görüşündən mətbuatda gedən məlumatları oxudum. İllər əvvəl belə görüşlərdən birində mən də iştirak etmişdim və ölkə başçısına Azərbaycanda elm və təhsil, texnologiyaya dəstək olacaq elm olimpiadalarından biri IJSO-nun Azərbaycanda keçirilməsi ilə bağlı təklif vermişdim. O, bir neçə sual verdi, düşündü, Azərbaycan gənclərinin təkcə idmana yox, elm və təhsilə, innovasiyalar və texnologiyalara istiqamətləndirilməsinin vacibliyini nəzərə aldı və bu olimpiadaya Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı tapşırıq verdi.

Bu il keçirilən görüşdə də ölkə başçısının əsas mesajlarından biri gənclərin ictimai nəzarəti gücləndirməli olduqları barədə idi. Ümumiyyətlə, yanvar ayında baş vermiş bir neçə məsələdə müşahidələrimiz onu göstərir ki, ölkə başçısı ictimai nəzarətə üstünlük verir, gənclərin tənqidlərini, irad və təkliflərini dinləyir, xüsusilə də sosial şəbəkələrdə qaldırılmış məsələlər dərhal öz həllini tapır. Məsələn, Mehman Hüseynova qarşı açılmış cinayət işi ilə bağlı gənclər sosial şəbəkələrdə narazılıqlarını bildirdilər, ölkə başçısı məsələyə öz tövsiyəsi ilə münasibət bildirdi, Mehman Hüseynova qarşı açılmış cinayət işinə xitam verildi”, - deyə B.Hacıyev qeyd edib.

Bloger hesab edir ki, son bir ay ərzində ölkə başçısının bir prezidentdən daha çox bir insan kimi, öz mənəvi tərəflərini mətbuata və ictimaiyyətə göstərməsi müsbət haldır: “İstər Mehman Hüseynova münasibətdə, istər şəhid ailələri ilə görüşdə şəhid atasına öz əlləri ilə su təqdim etməsi zamanı, istər şəhid anasının ayağa qalxmasına imkan verməyərək, şəhid anasına dəyər verərək, onun yanına getməsi, istərsə də gənclərin təltif edilməsi mərasimində fiziki məhdudiyyətli gəncin yanına yaxınlaşaraq onu təltif etməsi olduqca müsbət görüntülərdir. Bu isə, vətəndaşların, xüsusilə gənclərin ölkə başçısına münasibətinə müsbət töhfə verir.

Bəzən müxtəlif qurumlar, ayrı-ayrı insanlar düşünürlər ki, tənqidçi gənclər ölkədə qarışıqlıq yaratmaq istəyirlər, yaxud onların hansısa ambisiyaları var. Ancaq ölkə başçısının dəfələrlə ictimai nəzarətə çağırış etməsi, burada xüsusilə gəncləri ictimai nəzarətdə özünün ən birinci yardımçıları kimi görmək istədiyini deməsi onu göstərir ki, prezident İlham Əliyev cəmiyyətdə baş verən qüsurları ört-basdır etməyə, tənqidi səsləri boğmağa çalışanları yox, tənqid edilən məsələlərin üzərində düşünüb həll etməyə çalışan insanları dinləyir.

Bundan əlavə, onun rəsmi postunun verdiyi protokol qaydalarından zaman-zaman kənara çıxaraq, insani tərəflərini göstərməsi, şəhid ailələrinə, əlillərə, döyüşçülərə və digər insanlara yaxınlaşaraq onlara diqqət göstərməsi, siyasi baxımdan “mən xidmət edirəm” mesajı verir.

Sadaladığım son bir neçə nümunə bir vətəndaş kimi mənim üçün də xoş görüntülər idi. Əgər gənclər gördükləri qüsurları dilə gətirib, ifadə etdikdə onları dinləsələr, problemlər ard-arda həll olunsa, ölkə rəhbəri də qeyd etdiyi kimi “gənclər ictimai nəzarət məsələsində mənim yardımçılarım olmalıdır, mən gəncləri bu məsələyə diqqət yetirməyə dəvət edirəm” deyərək özünün rəsmi statusunu yox, insani tərəflərini nümayiş etdirirsə, bu, ölkə rəhbəri üçün də, xalq üçün də, dövlətimizin gələcəyi üçün də çox yaxşı seçimdir”.

 





03.02.2019    çap et  çap et