Vaxt.Az

BDU-nun dekanı vəfat etdi


 

Rəfael Süleymanov universitetdə dünyasını dəyişib

BDU-nun dekanı vəfat etdi Fevralın 24-də səhər saatlarında Bakı Dövlət Universitetində tarix fakültəsinin magistratura üzrə dekan müavini Rəfael Süleymanov işə gəldikdən bir saat sonra vəfat edib.

Əvvəlcə vəfat edən müəllimin fevralın 21-də keçirilən toplantıda adı çəkilən müəllim olduğu güman olunsa da, sonradan bu təsdiqlənməyib. BDU-da rektor Abel Məhərrəmovun narazı tələbələrlə görüşündən hazırlanan video reportajlardan da görünür ki, tələbələrdən heç biri Rəfael Süleymanovun adını çəkməyib.

«Kaspi» qəzetinin baş redaktoru, eyni zamanda BDU-nun tarix kafedrasının keçmiş müəllimi Natiq Məmmədli öz «Facebook» səhifəsində Rəfael Süleymanovun vəfatı ilə bağlı aşağıdakıları yazıb: «Rəfael müəllim mənə Şərqi Avropa xalqları tarixinin müasir dövründən dərs deyib, sonra 7 il onunla birgə müəllim həmkarı da olmuşam. Onu sadə, minnətsiz, təvazökar müəllim kimi xatırlayıram. O, heç vaxt gözünü tələbənin cibinə dikən adam olmayıb. Hər şeyi, hər kəsi öz adıyla çağırmaq lazımdır».

Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidməti BDU-nun tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, tarix elmləri doktoru, professor Rəfael Süleymanovun vəfatı ilə bağlı açıqlama yayıb.

APA-nın xəbərinə görə, açıqlamada hadisənin «Tələbənin ittiham etdiyi dekan müavini dərs vaxtı öldü» kimi təqdimatına etiraz bildirilir.

Qeyd olunur ki, R.Süleymanov bu gün səhər işə gələrkən BDU-nun yeni korpusunun birinci mərtəbəsində, liftin qarşısında özünü pis hiss edib və dünyasını dəyişib: «BDU rektoru akademik Abel Məhərrəmovun tələbələrlə görüşü zamanı tarix fakültəsinin tələbəsi Ramilə Kiçiyevanın şikayət etdiyi müəllim mərhum Rəfael Süleymanov deyil».

Qeyd edək ki, R.Süleymanov 1940-cı il yanvarın 25-də Qax rayonunun Qaşqaçay kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1968-ci ildə oranı «Tarixçi. Tarix və ictimaiyyət müəllimi» ixtisası ilə bitirib. 1975-ci ilin mayında Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin Müdafiə Şurasında «XIX əsrin birinci yarısında Azərbaycanın Mərkəzi Rusiya quberniyaları ilə ticarət əlaqələri» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1990-cı ilin dekabrında Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun Müdafiə Şurasında «Azərbaycanda orta ixtisas təhsilli mütəxəssislərin hazırlanması: 1920-1985-ci illər» mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

R.Süleymanov Cənub və Qərbi slavyan ölkələrinin müasir tarixi, Azərbaycanın Mərkəzi Rusiya quberniyaları ilə ticarət əlaqələrinin tarixi, Azərbaycanda ali və orta ixtisas təhsilli mütəxəssislərin hazırlanması problemlərini tədqiq edib.

 





24.02.2014    çap et  çap et