Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib.
Sədr müavininin sözlərinə görə, qanunun qəbul edilməsi ilə bağlı problemli heç nə qalmayıb:
“Sadəcə, surroqat ana və donorluq məsələləri uzun müddət idi ki, qanunun qəbul edilməsinə mane olurdu. Artıq hər ikisi qanun layihəsindən çıxarılıb. Hazırda Azərbaycan reallığı üçün mümkün hesab edilmir. Ona görə də qanun layihəsinin qəbul edilməsi üçün heç bir problemli məsələ qalmayıb”.
Deputat bildirib ki, İşçi qrup “Orqan donorluğu və transplantasiyası haqqında qanun layihəsi”ni də hazırlayıb:
“Güman ki, gələn həftə Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirə olunacaq. Sənəd səslənəcək fikir və təkliflərlə zənginləşəcək. Ondan sonra rəy üçün müvafiq nazirliklərə göndəriləcək. Rəylərə əsasən, bir daha müzakirə olunub Milli Məclisə təqdim olunacaq. Bu qanun layihəsi də Milli Məclisin yaz sessiyasına daxil edilib”.
Musa Quliyev deyib ki, əvvəllər beyin ölümünün müəyyən edilməsi, meyitdən orqan götürülməsi, müvafiq klinikaların yaradılması kimi məsələlər uzun müddət müzakirə olunub:
“Bəzi qanunaltı aktlar var ki, onlar yaradılacaq, formalar müəyyənləşəcək. “Vətəndaş necə vəsiyyət etməlidir, vətəndaş vəsiyyət etmədikdə onun qohumları hansı şəkildə razılıq verməlidirlər, yaxud da vətəndaş etiraz edibsə, bu məsələ necə olmalıdır?!” kimi məsələlər qanunda öz əksini tapıb.
Bir neçə məsələ qalır ki, onlar da müzakirələr zamanı ortaya çıxacaq. Məsələn, vətəndaşın müraciəti hansı şəkildə sənədləşməlidir?!. Ola bilsin ki, vətəndaş müraciət edər, notariusdan da sənəd alıb evinə aparar. Təbii ki, bu sənəd sayılmayacaq. Müraciət edib notarial qaydada ərizəsini təsdiq edəndən sonra Orqan donorluğu və transplantasiyası Koordinasiya Mərkəzi yaranacaq. Məlumatlar Koordinasiya Mərkəzinin elektron bazasına ötürüləcək. Elektron bazada vətəndaşın ad-soyadı yazılan kimi haqqında məlumat çıxacaq. Məlumatda etiraz ya da razılıq etməsi bilinəcək. Əgər bu yoxdursa, dünyasını dəyişəndən sonra qohumlarından razılıq alınacaq. Vətəndaşın öz üzərində daimi gəzdirdiyi yeni nəsil şəxsiyyət vəsiqəsində çip var. Belə fikir də var ki, çipə bunların yerləşdirilməsi, yaxud da vətəndaşın sürücülük vəsiqəsində hər hansı məlumatın olması kimi hallar müzakirələr vaxtı dəqiqləşdiriləcək”.
Namidə BİNGÖL