Xorvatiya da Avropa İttifaqının (Aİ) digər ölkələrinə qoşularaq müxalifət liderini müvəqqəti dövlət başçısı kimi qəbul edib. Rəsmi Zaqreb Venesuelada baş verən zorakılığı pisləyib və yaranmış vəziyyətin sülh yolu ilə həlli üçün azad demokratik seçkilərin keçirilməsini zəruri sayıb.
Xatırladaq ki, yanvar ayında Maduronun andiçmə mərasimindən sonra ABŞ Prezidenti Tramp Venesuelada seçkilərin nəticəsini tanımadığını, parlamentin müxalif spikeri Xuan Quaidonun prezident səlahiyyətlərini əlinə alacağı təqdirdə onu dəstəkləyəcəyini elan etdi. Bunun ardınca Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib. Onun bu qərarını Donald Tramp dərhal dəstəkləyib. ABŞ-ın ardınca Kanada, Argentina, Braziliya, Çili, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Panama, Paraqvay, Peru və Gürcüstan, Aİ-nin 19 ölkəsi - İspaniya, Portuqaliya, Almaniya, Böyük Britaniya, Danimarka, Hollandiya, Fransa, Macarıstan, Avstriya, Bolqarıstan, Finlandiya, Belçika, Lüksemburq, Çexiya, Latviya, Litva, Estoniya, Polşa və İsveç tanıyıb.
Venesuela Prezidenti Nikolas Maduro ölkədə baş verənlərdə ABŞ-ı günahlandırıb və bu ölkə ilə bütün əlaqələri kəsdiyini bəyan edib. Ordu rəhbərliyi Maduronun tərəfindədir. Rusiya, Çin, Türkiyə, Ekvador, Meksika, Kuba, Yunanıstan kimi dövlətlər isə Nikolas Maduronu qanuni prezident kimi tanıyır.