Vaxt.Az

“Azərbaycan bu dəyişiklikləri ciddi analiz etməlidir”


 

İqtisadçı professordan xəbərdarlıq

“Azərbaycan bu dəyişiklikləri ciddi analiz etməlidir” Dünya iqttisadiyyatında baş verən dəyişikliklər, xüsusən də neft birjasında müşahidə edilən kəskin ucuzlaşma Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür. Azərbaycan iqtisadiyyatının hazırkı durumu və onun inkişaf perspektivlərilə bağlı iqtisadçı ekspert, professor Elşad Məmmədov müsahibə verib.


- Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Təbii ki, bu, ən çox neft ixrac edən ölkələrdə narahatlıq doğurur. Neftin qiymətinin ucuzlaşması Azərbaycanda hansı iqtisadi proseslərə səbəb ola bilər?

- Bəli, doğurdan da bu gün neftin ucuzlaşması ən aktual və real iqtisadi təhlükələrdən biridir. 2014-cü ildən bu yana dünya birjalarında neftin qiymətində qeyri-sabitlik müşahidə edirik. Demək olar ki, dünya iqtisadiyyatında iqtisadi turbulentlik tendensiyası getdikcə genişlənir. Təbii ki, bu dalğalanma neft birjalarına da təsirsiz ötüşmür. Həmçinin ABŞ-ın neft hasilatını kəskin artırması və bir növ “şist inqilabı” başlatması neftin qiymətinin daha da düşməsinə gətirib çıxardı. Bununla birlikdə, bütün neft istehsal edən dövlətlər neftin qiymətindəki kəskin ucuzlaşmanın müqabilində böhrandan xilas olmaq üçün öz iqtisadiyyatlarını şaxələndirməlidirlər. Çünki neftin qiyməti daha da ucuzlaşacaq. Bu ucuzlaşma mövsumi deyil, dövri xarakter daşıyır. Artıq neftin bir enerji daşıyıcısı kimi rolu azalır. Buna səbəb yeni texnologiyaların meydana gəlməsi və alternativ enerji resursları üzrə araşdırmaların intensivləşməsidir. Ona görə də bu gün Çin nə az, nə çox - 400 milyard dollar məbləğində alternativ enerji resurslarına investisiya qoyub. Təbii ki, Azərbaycan da neft ixrac edən bir dövlət olaraq dünya iqtisadiyyatında gedən bu dəyişiklikləri ciddi analiz etməlidir. Təsadüfi deyil ki, ölkə rəhbərliyi artıq bir neçə ildir qeyri-neft sektorunun inkişafı üçün bir çox önəmli addımlar atır. Azərbaycan da artıq alternativ enerji və qeyri-neft sektorunun inkişaf etdirilməsinə istiqamətlənib.

 

- Qeyri-neft sektoruna dövlət dəstəyi mövcuddur. Dövlət sahibkarlığa dəstək məqsədilə sektorun inkişafı üçün kifayət qədər vəsaitlər ayırıb. Lakin hələ də qeyri-neft sektorunda gözlənilən sıçrayış və sürətli inkişafı görə bilmirik. Bunun səbəblərini nəylə izah edərdiz?

- Bunun bir çox səbəbləri var. Ən önəmlisi investisiya problemidir. Azərbaycanda, xüsusən də xarici investorların cəlb edilməsi və bu sahədə sərbəst rəqabətin formalaşdırlmasında ciddi problemlər var. Bizim iqtisadiyyatımızda ciddi investisiya çatışmazlığı mövcuddur. Biz xarici təcrübələrə baxsaq “Çin möcüzəsi”, “Alman möcüzəsi” və digər iqtisadi möcüzələrin kökündə məhz investisiya və daxili kredit faktoru durur. Ona görə də mən belə hesab edirəm ki, Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı üçün daxili investisiya və daxili kreditləşməyə əsaslanan bir makro iqtisadi sistemin yaradılmalıdır. Bu problemlərin həlli üçün ən əsas maliyyə-kredit siyasətində  müəyyən dəyişikliklər edilməlidir.

Hazırda Azərbaycan iqtisadiyyatının ÜDM artımı 1,4 və ya 1,5 faiz arası dəyişir. Bu, çox aşağı göstəricidir. Arzu edilən iqtisadi inkişaf üçün bu göstərici ən azı 6-10 faizə qədər artmalıdır. İstər qeyri-neft sektorunun, istərsə də ümumilikdə ölkə iqtisadiyyatının inkişafı üçün başlıca şərt yeni texnologiyaların idxalıdır. Azərbaycan istehsal prosesində yavaş-yavaş öz istehsalı olan texnologiyalardan da istifadə etməyə başlamalıdır. Həmçinin bir faktı da qeyd etmək istərdim ki, Azərbaycan istehsal etdiyi xalis neftin 75-80 faizdən çoxunu xammal şəklində dünya bazarına çıxarır. Neftin qiymətinin bu qədər ucuzlaşdığı bir zamanda Azərbaycan nefti xammal şəklində satmaqdansa neft məhsullarının istehsalı və ixracıyla daha çox məşğul olmalıdır. Bu dediklərimizə STAR layihəsi gözəl nümunədir. Ancaq bu tipli layihənin ölkə daxilində də gerçəkləşdirilməsinə də başlanılmalıdır. Bütün bunlar həm investisiya qoyuluşunu artıra, həm də neft və qeyri neft sektorunun inkişafını təmin edə bilər.

 

- Bir çox ekspertlərin fikrincə, Azərbaycanda istehsal edilən sənaye məhsulları həm keyfiyyət, həm də qiymət cəhətdən istehlakçı maraqlarıyla uyğun gəlmir və məhz bu səbəbdən yerli məhsullarımızın sayı artmır. Sizin bu fikirlərə münasibətiniz necədir?

- Bu məsələ əslində ölkəmizdəki mikroiqtisadi probemlərdən biridir. Burada əsas problem məhz marketinq problemidir. Müəssisələr istehsaldan sonra satış siyasətini düzgün həyata keçirmir. Təbii ki, alıcı məhsulun harada istehsal edilməsindən çox onun keyfiyyəti və qiymətiylə maraqlanır. Bundan savayı, yerli məhsullarımızda digər bir problem brendləşmə məsələsidir. İstər ölkə daxilində, istər xaricdə məhsullarımızın bir brend olaraq bazara çıxmasının nadir hallarda şahidi oluruq. Lakin brendləşmə hazırki iqtisadi münasibətlər sistemində çox önəmli yer tutur. Düşünün ki, brendləşmə məhsulun maya dəyərindən dəfələrlə baha qiymətə satılmasını təmin edir. Brendləşmə problemi isə ona görə yaranır ki, yerli məhsullarımızın piarı və təqdimatı lazımı səviyyədə həyata keçirilmir.


- Dünyada avtomobil sənayesi ən gəlirli və perspektivli sahələrdən biridir. Son dövrlər Azərbaycanda da bu sahədə müəyyən irəliləyişlər müşahidə edilməkdədir. Bir neçə il əvvəl “Azermaş” firmasının “Xəzər” avtomobilləri daha əvvəlsə “Nazlifan” avtomobilləri yerli bazara daxil oldu. Bu sektorun inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

Əlbəttə ki, avtosənayenin inkişafı bu gün əsas prioritet istiqamətlərdən biridir. Bu sahənin gəlirliliyindən savayı, onun gətirdiyi prestij də dövlətlər üçün çox önəmlidir. Avtomobil sənayesində ən ciddi çatışmazlıq istehsal resurslarının, avtomobil detallarının xaricdən gətirilməsidir. Ona görə də düşünürəm ki, avtosənaye hazır məhsulların yığımı olmamalıdır. Ancaq bununla birlikdə ilkin mərhələdə bu tipli məhsulların istehsalı yaxşı başlanğıcdır və belə hesab edirəm ki, gələcəkdə bu sahədə daha böyük irəliləyişlər əldə ediləcək.

 





08.02.2019    çap et  çap et