Vaxt.Az

Son dörd il dünyada ən isti illər olub


 

Meteoroloji qeydlər aparılandan bəri 20 ən isti il son 22 ilin payına düşür

Son dörd il dünyada ən isti illər olub Dünya Meteorologiya Təşkilatı təşkilatına görə, son dörd il (2015-2018) dünyada meteoroloji qeydiyyatların aparıldığı 170 il ərzində ən isti dövr olub.

Mərkəzi qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən beynəlxalq təşkilat cari ildə də proqnozların ürəkaçan olmayacağı qənaətindədir. Bununla da təşkilat qlobal istiləşmə ilə bağlı xəbərdarlıqların nə dərəcədə ciddi olduğuna diqqət çəkib.

Təşkilatın apardığı analizdə müəyyən edilib ki, 2018-ci ildə qlobal orta temperatur sənayeləşmə mərhələsindən (1850-1900-cü illər) əvvəlki dövrlə müqayisədə 1 dərəcə, 1981-2010-cu illərin orta göstəricisindən isə 0,38 dərəcə yuxarı olub. 2015-2017-ci illərdə isə orta göstərici daha yüksəyə qalxaraq, sənayeləşmədən əvvəlki dövrdən 1,1 dərəcə yuxarı olub. Meteoroloqlar "El Ninyo" qasırğasının istiləşmədə xüsusi effektini də diqqətdən qaçırmayıblar.

Dünya Meteorologiya Təşkilatının baş katibi Petteri Taalas uzunmüddətli trendi şərh edərkən bildirib ki, meteoroloji qeydlər aparılandan bəri 20 ən isti il son 22 ilin payına düşür. Son dörd ildəki istiləşmə həm quruda, həm də okeanlarda özünü büruzə verib və atmosferdə zərərli qazların konsentrasiyası ilə müşayiət olunub. P.Taalas qeyd edib ki, yüksələn ortalama temperatur və istixana qazlarının rekord konsentrasiyası 2018-ci ildə dünyanın bir çox regionlarında ekstremal hava şəraitinə gətirib çıxarıb, nəticədə milyonlarla insana, ölkə iqtisadiyyatı və ekosistemə ağır zərbə dəyib.

2019-cu il də mavi planet üçün rekord temperaturlarla başlayıb. Yanvar ayı Avstraliyada materikin meteoroloji tarixində ən isti ay kimi tarixə düşüb, Şimali Amerikada isə əksinə - şiddətli soyuqlar qeydə alınıb. Arktikada buzların əriməsinin iki dəfə daha sürətlə baş verməsi isə dünyanın müxtəlif regionlarında hava dəyişikliyi və iqlim problemlərinə gətirib çıxarır.

P.Taalas qeyd edib ki, qlobal istiləşmə tendensiyası iqlim dəyişiklikliyinə qarşı uzunmüddətli proqramların hazırlanması və addımların atılmasını tələb edir.

 





08.02.2019    çap et  çap et