Müəllifin yazdığına görə, ona cəmi bir sual verilib. «Səni kim tutub?» deyə Q.Məmmədova sual edən əməliyyatçı ondan da gözlənilən «İlham Əliyev» cavabını alıb. Bununla da onların arasındakı dialoq yekunlaşıb.
Amma bu yazı «Yeni Müsavat»a daxil olan bir məlumatın təsdiqlənməsinə səbəb oldu. Sözügedən məlumata görə, hazırda həbsdəki siyasi məhbuslarla əfv ərizəsi yazmaları ilə bağlı danışıqlar aparılır. Maraqlıdır ki, hətta onlardan bəzilərinin məhkəmələri də yekunlaşmayıb. Amma siyasi motivlərlə həbsə salınan şəxslər həbsxana rəislərinin otağına çağırılır, onlarla «əfv ərizəsi yazarsınızmı?», «hərəkətlərinizdən peşmansınızmı?», «əfvlə azadlığa çıxmaq istəyərsiniz?», «Fəxri Xiyabana gedib əklil qoya, baş əyə bilərsiniz?» tipli suallar verilir və daha sonra heç nə bildirilmədən kameralarına qaytarılırlar.
Əldə etdiyimiz məlumata görə, martın 20-də imzalanması gözlənilən əfv fərmanı siyasi məhbuslara da şamil oluna bilər. Sözügedən hazırlıq, «partizansayağı» danışıqlar bu məqsədə xidmət edir. Hakimiyyətin planı siyasi məhbuslara azadlıq verəndən sonra onların necə davranacağını öncədən öyrənməkdir.
Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu «Yeni Müsavat»a açıqlamasında bildirdi ki, bu xəbəri təsadüf saymırlar. Müsahibimizin sözlərinə görə, Azərbaycandakı bütün siyasi məhbusların siyahısını bir həftə öncə dövlət başçısı İlham Əliyevə göndərərək, onların azadlığa buraxılmasını istəyiblər: «Məhkəmələri gedə-gedə biz prezidentə yazmışıq ki, bu insanlara qarşı humanist addım atın, azadlığa buraxın. Biz bunları siyasi məhbus kimi tanıyırıq. Bizim siyahımızda 26-27 nəfər var ki, onların içində bütün NİDA-çılar, İlqar Məmmədov, Tofiq Yaqublu, Əli İnsanov, Yadigar Məmmədli, həbsdəki jurnalistlər də var».
Müsahibimiz dedi ki, müraciəti bir neçə hüquq müdafiəçisi imzalayıb. Onların istəyi yaxın zamanda Avropa Şurasında keçiriləcək dinləmələrə «siyasi məhbussuz ölkənin nümayəndələri» kimi qatılmaqdır: «Biz istəyirik ki, prezident ora gedəndə ona siyasi məhbus problemi ilə bağlı artıq suallar verilməsin. O zaman daha çox Qarabağ məsələsindən danışa bilərik».