Bu baxımdan bir sıra ekspertlərə görə, Ukrayna inqilabı «ərəb baharı» prosesinin post-sovet məkanında davamıdır. Yeri gəlmişkən, bir neçə il əvvəl bu proqnozu irəli sürən bir sıra təhlilçilər demokratikləşmə dalğasının ərəb dünyasından sonra keçmiş sovet respublikalarına sıçrayacağını proqnozlaşdırırdılar.
Ancaq məlum
olduğu kimi, «ərəb baharı» dalğası Suriyada məhz Qərb-Rusiya toqquşması
nəticəsində dayandı. Bir çox ekspertlərə görə, Qərb Suriyada göstərdiyi
müqavimətə görə Rusiyanı cəzalandırmağa çalışır.
«Şərq-Qərb»
Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclunun fikrincə, forma və
şəkillərinə görə fərqli olsa da, Ukrayna inqilabı ilə «ərəb baharı» arasında
oxşarlığın çox olduğunu deyir: «Ola bilsin ki, ilk baxışdan fərqli görünsün. Müxtəlif
geosiyasi məkanlar olduqlarından, fərqli ənənələri, tarixi, ictimai-siyasi
münasibətlər sistemi, dövlətlər olduğundan ilk baxışdan fərqli görünə bilər,
ancaq əslində hesab edirəm ki, bu proses biri birinin davamıdır. Nəticə etibarı
ilə hər ikisində ölkənin var-dövlətinin kiçik bir qrupun əlində toplanması,
ölkədə yoxsullaşma, hüquq və azadlıqların məhdudlaşdırılması kimi səbəblər
vardı. Hər ikisində inqilabları doğuran oxşar səbəblər mövcud idi. Həm
Ukraynada, həm də başqa ölkələrdə baş verən inqilabların səbəbləri oxşar idi».
Türkiyədəki
son korrupsiya olaylarını qeyd edən Ə.Oruclu deyir ki, Türkiyədəki
çalxalanmaların da baş vermə səbəbləri inqilab olan ölkələrdəki ilə eyni olub: «Ərdoğan
hökumətinin apardığı siyasətdə də bütün bu elementlər var idi. Sadəcə olaraq
Türkiyə Ukrayna olmadığı üçün orda bu şeyləri çox qabarıq aparmaq mümkün
deyildi. Bununla yanaşı, Türkiyənin özündə də əhalinin bir hissəsində narazılıq
yetişməkdə idi. Ancaq digər bir hissə hesab edirdi ki, Ərdoğan hökuməti
korrupsioner hökumət deyil. Nisbətən təmiz imicə malik idi. Ancaq sonradan
məlum oldu ki, Ərdoğan hökuməti korrupsioner hökumətdir. Yalnız bundan sonra
Türkiyədə çalxalanmalar başladı. Mahiyyət etibarı ilə bu proseslər eynidir. Təbii
ki, formalarda fərqlər var».
Ukraynada
yaşananlarla «ərəb baharı» çərçivəsində baş verən inqilablar arasında fərqlərin
olduğunu etiraf edən ekspertə görə, yalnız Suriyadakı proseslərlə Ukraynada baş
verənlər arasında yaxınlıq olub: «Bunun da əsas səbəbi iki ölkədəki olaylarda
geosiyasi komponentin olmasıdır. Suriyada bir tərəfdə ərəb ölkələri və Qərb,
digər tərəfdə isə Rusiya və İran vardı. Eyni ilə Ukraynada bir tərəfdə Avropa
Birliyi, ABŞ, digər tərəfdə isə Rusiya idi. Nə qədər təəccüblü görünsə də
bildiyiniz kimi, Türkiyə hökumətinin naziri Mövlud Çavuşoğlunun bəyanatı ilə
tanışsınız. Çavuşoğlunun Ukrayna siyasətinə görə Avropanı tənqid etməsi eyni
geosiyasi komponentin əlamətləri idi. Yəni dediyim kimi, müxtəlif formalar olsa
da, mahiyyət etibarilə daxili narazılıq, daxili idarəetmə prinsiplərinin kobud
şəkildə pozulması və şübhəsiz ki, geosiyasi amillər özünü göstərir. Bu 3 əlamət
- hakimiyyətin cəmləşməsi, daxili problemlər və geosiyasi faktor baxımından
bütün ölkələrdə eyni idi. O baxımdan düşünürəm ki, Ukraynada baş verənlər «ərəb
baharı»nın davamıdır».
Ərəstun Oruclu deyir ki, dalğanın Azərbaycana da gəlməsi ehtimalı var, amma bunun üçün vaxt təyin etmək mümkün deyil: «Azərbaycana da bu proseslərin təsir eləməsini istisna etmirəm. Davam edəcək deyəndə bir çox insanlar düşünür ki, bu gün burda oldu, gələn həftə orda olacaq, o biri həftə də digər ölkədə-filan. Amma belə hadisələr bəzən aylar və ya illərlə davam edə bilər. Kontekstə baxmaq lazımdır».