Vaxt.Az

Bizdə futbol oynamırlar, …


 

… futbolla oynayırlar...

Bizdə futbol oynamırlar, … Siz bu sətirləri oxuyanda artıq ola bilsin ki, bizim futbol ağıllıları adı heç kimə məşqçi kimi qətiyyən bir şey deməyən Nikola Yurçeviçi milli komandamızın baş məşqçisi təyin edəcək.

Onun 52 yaşı var, 17 ildir məşqçiliklə məşğuldur. Öz vətəni Xorvatiyada futbol dairələrində az-çox yalnız ona görə tanınır ki, Xorvatiya millisində (2006-12), Moskva “Lokomotiv”ində (2012-13), İstanbul “Beşiktaş”ında (2013-14) və İngiltərə “Vest Hem Yunayted”ində (2015-17) Slaven Biliçin köməkçisi işləyib. Vəssalam! Biliç Səudiyyə Ərəbistanına işləməyə getdikdən sonra, 2018-ci ildə isə Yurçeviç Zaqreb “Dinamo”sunda çalışdırıcısı təyin edilib. İnternetdə onunla bağlı məlumat çox azdı. Ona görə ki, baş məşqçi kimi nə zəngin karyerası, nə də uğurları var. Bununla belə, çox az olan məlumatlar da deyir ki, “Dinamo”da cəmi 11 oyundan, yəni hardasa 2 aydan sonra uğursuz nəticələrə görə klubdan qovulub və o vaxtdan işsiz qalıb.

Buyurun, indi bu adamın millimizə təyinatı rəsmiləşmək üzrədir. “Avro-2020”nin seçmə mərhələsinin başlamasına isə cəmi bircə ay qalıb. Amma Yurçeviç bizim futbolu, futbol mentalitetini, futbolçuları nəinki yaxından, heç ümumiyyətlə, tanımır. Hesablasaq, Azərbaycanda təcrübəsi həmin xorvatdan az olmayan nə qədər yerli işsiz və işi olan məşqçi var. Çoxu UEFA-nın ali məşqçilik dərəcəsi olan PRO kateqoriyası da alıb. Amma yerli məşqçilərin heç birinin AFFA üçün dəyəri qalmayıb. Həm də sözlərinin kəsəri, təsiri imkanı sıfır səviyyəsindədir. Sözünün hökmü olan Qurban Qurbanovla Rəşad Sadıqov idi ki, belələri də öz işləri ilə AFFA-nın pulyeyən çarxına çomaq soxa bilərdi. Ona görə də fəaliyyətlərinin heç bir ili tamam olmamış urvatsızcasına yola salındılar.

Həmin vaxt baş katib Elxan Məmmədov dedi ki, bundan sonra yeni məşqçi axtarışını Məşqçilər Komitəsi ilə birgə məsləhətləşmələr əsasında həyata keçirəcəyik. Amma tezliklə verilən açıqlamalardan bir daha təsdiq olundu ki, bu komitə təpədən dırnağa qədər marionetka – kukla bir qurumdu və Elxan Məmmədov üçün də, ondan yuxarılar üçün də yalnız ictimai görüntü vasitəsidir. Əsas günahkar AFFA deyil, əlbəttə. Hər şeyə zəmin yaradan insan özüdü. Vaqif Sadıqovdu, Ağasəlim Mircavadovdu, Şahin Diniyevdi, Şakir Qəribovdu, Yaşar Vabahzadədi. Əvvəla onlar AFFA-nın tələb etdiyi bütün şərtlərə razıdılar. Ona görə də yerli məşqçilərdən heç birini AFFA-ya tövsiyə etməyiblər. Etməzlər də. Çünki özlərini heç kimdən zəif saymırlar. Əcnəbi Yurçeviçin namizədliyinə qarşı da çıxmayıblar. Çıxsalar, bundan sonra komitədə olmayacaqlarını bilirlər. Deməli, bu mənzərə hamısına sərf edir – özlərinə də, onları ora təyin edənlərə də.

Yəni hamı oyun oynadığının fərqindədir, əslində. Oyun oynaya bilməyən məhdud hissəsini isə kəsib tullayırlar bir kənara. Qınaq yox, mane olan yox. Ona görə də kiminsə tanımadığı, uğurdan kasad bir əcnəbini gətirirlər milli komandanın başına. Niyə uğurdan kasadı? Ona görə ki, uğurlu məşqçiyə şərt qoyurlar ki, millimizi “Avro-2020”nin final mərhələsinə çıxarmalıdır. Dörd oyun Bakıda olacaq, axı. Hesabat da verilməlidir yuxarılar üçün. Amma təcrübəsi, uğuru olan əcnəbi məşqçiyə təklif olunan pul hər nə qədər yaxşı olsa da, o, şərti qəbul etmir. Bilir ki, ağılsız, reallaşması mümkün olmayan tələbdir. Kimlə? Hansı futbolçu ilə Avro-2020-yə gedəcəyik?..

Çempionatın can üstə olan səviyyəsi bəllidir. Bu, klublardan milliyə gələn futbolçunun səviyyəsinə birbaşa təsir edir. Bölgələrdə futbol və futbol məktəbləri qalmayıb. Ölkədə ciddi futbolçu böhranı var. Futbol dairələrində isə bu faktı düşünən 5-10 faiz adam qalıb. O adamlar da futbolu düzəltmək birbaşa vəzifə borcu olan AFFA-da deyillər. Həmin 5-10 faiz səmimi şəkildə istəyir və cəhd edir ki, nələrsə yaxşı olsun. Qalan 90-95 faiz sadəlövhcəsinə dedi-qodu, qeybət, kin saxlamaq, quyu qazmaq, biclər isə dələduzluq etməklə məşğuldurlar. İndi siz deyin, belə bir mühitdə futbol ola, milli komanda “Avro-2020”yə düşə bilər? Əlbəttə, yox. Ona görə də hər şeyin belə olması təəccüblü də deyil. Çünki hər şey əslində əvvəlki, təbii halına qayıdır – idarə edənlərlə idarə olunanlar yenidən bir dalğaya qoşulur...

Futbolla oynayanların dalğasına.

 





11.02.2019    çap et  çap et