Vaxt.Az

Deputat bir həmkarını dəstəklədi


 

Digəriylə isə mübahisə etdi

Deputat bir həmkarını dəstəklədi Milli Məclisdə Xocalı müzakirələri başa çatıb. Az öncə çıxış edən deputat Siyavuş Novruzov dedi ki, Xocalı soyqırmını törədənlər Ermənistan hakimiyyətindədir: «Onlar cinayət məsuliyyətinə cəlb olunmalıdır ki, bir də belə hadisələr baş verməsin. Azərbaycanlılar nə Xocalının, nə Laçının, nə də digər ölkələrdəki günahsız qurbanları ilə bağlı faktları cavabsız qoymayacaq, bunun əvəzini çıxacaq, torpaqları azad edəcək».

S.Novruzov dedi ki, nə Xocalıdan əvvəl, nə sonra hakimiyyətdə olanlar Xocalı soyqırmı ilə bağlı ciddi sənəd qəbul etməyib. Yalnız Heydər Əliyev hakimiyyətə gələndən sonra soyqırıma hüquqi qiymət verilib. YAP-çı deputat Azərbaycanda Xocalı günahkarlarının olduğunu da iddia etdi: «Təbii ki, bu cinayətləri ermənilər törədib. Amma Azərbaycan vətəndaşını da köməksiz qoyanlar da məsuliyyət daşımalıdır. Həmin vaxt qarışıqlıq yaratmaq istəyən partiyaların da məsuliyyəti var. Nədənsə bizim siyasi partiyalar, bir sıra qəzetlər, onların himayəsində olanlar bir tədbir keçirtməyib. Məgər Xocalı soyqırmı tək iqtidarın işidir?»

Fəzail Ağamalı dedi ki, artıq Xocalı soyqırımı günahkarlarının cəzalandırılması üçün beynəlxalq tribunalın yaradılmasına ehtiyac var. O da S.Novruzova dəstək verdi: «Sərkisyan, Köçəryan, Balayanla, Qukasyanla bərabər Azərbaycanda bu soyqırıma şərait yaradanlar da Beynəlxalq Tribunalda müzakirə olunmalıdır».

F.Ağamalı MM adından dünya ölkələri parlamentlərinə müraciət edilməsini də təklif etdi.

F.Ağamalı İ.Ağazadəyə cavab verdi: «Ceyhun Osmanlı jurnalistin şəxsi həyatına müdaxilə etməyib, onun evinə daxil olmayıb, sevgi macəralarının audiosunu aparmayıb.  Hər bir Azərbaycan vətəndaşı onun kimi hərəkət etməli idi».

O.Əsədov isə irad tutdu: «Siz qəzetdə bir-birinizlə debat aparmısınız. İndi bu debatı Milli Məclis səviyyəsinə çıxarırsınız».

Mübariz Qurbanlı konkret təkliflə çıxış etdi: «Biz Vətən harayı» abidəsini Şəhidlər Xiyabanına köçürtməliyik və Xocalı abidəsini ziyarətinin rəsmi protokola salınması istiqamətində addım atmalıyıq».

O.Əsədov dedi ki, Heydər Əliyev Mərkəzində bununla bağlı işlər gedir.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı çıxış edən vitse-spiker Valeh Ələsgərov deputatların uca səslə söhbət etdiyini görüb «siz ucadan danışırsınız, mən də səsimi qaldıracağam, sonra kiminsə qulağına ziyan dəyəcək» dedi. Ancaq az sonra yenidən səs-küyün yarandığını gördükdə dayandı. Uzun pauzadan sonra izahat verdi: «Mane oluram sizə, ona görə dayanmışam, sizə mane olmayım. Danışırsınız, bir-birinizin qulağınıza pıçıldayın». Sakitlikdən sonra davam etdi.

 





25.02.2014    çap et  çap et