– Sizin ailəniz şahmatçı ailəsidir. Hətta bacılarınız da Azərbaycan Çempionu olmuşdurlar. Bəs ailənizdə kim şahmat oynamır?
– Anam oynamır. Amma təbii ki, fiqurları tanıyır. Balların hesablanma sistemini də yaxşı bilir və çıxışlarımızı yaxından izləyir. Yarışlardan canlı yayım olanda isə hamısına baxır və bizə görə çox həyəcan keçirir.
– Oyunlar zamanı üz ifadəniz çox gərgin görünür...
– Oyun zamanı gülümsəmək qəribə olardı. Buna baxmayaraq bəzi şahmatçılarda bu xüsusiyyət var. Bəzən gediş edirsən, rəqibin də etdiyin gedişə gülümsəyir. Adamda elə gəlir ki, elə bil sən nəsə kobud səhv etmisən. Bu psixolojı hücumdur və oyun zamanı heç də xoş olmur. Təbii ki, təbii aktiv mimikalı adamlar da olur . Məsələn ukraynalı qrossmeyster Vasiliy İvançuk. Biz hamımız anlayırıq ki, o təbiətcə belədir.
– Hər şey haradan başladı. Şahmatla necə tanış oldun?
– Şahmata ilk dəfə Zəngilan şəhərində, Rəşid əmimgildə toxunmuşam. Uşaq idik, fiqurlarla oynayırdıq, ora-bura atırdıq. Sonra atam mənə oyun qaydalarını öyrətdi və mən o vaxtdan şahmatla ciddi məşğul olmağa başladım. Böyük bacım Zeynəb də şahmata həvəs göstərirdi. Biz onunla birlikdə şahmat məktəbinə gedirdik. Əvvəllər Zeynəbə məğlub olurdum. Əslində, şahmata çox gec - 9 yaşımda gəldim. Bu gün dünyada ilk 20-likdə yer alan şahmatçıların hamısı məndən xeyli əvvəl başlayıblar. Məsələn Teymur Rəcəbov artıq 4 yaşında Beynəlxalq turnirlərdə iştirak edirdi, rəhmətlik Vüqar Həşimov 8 yaşında artıq FİDE Ustası idi, mən isə heç 17 yaşımda FİDE master ola bilmədim. Ümumiyyətlə mənim keçdiyim yolu unikal adlandırmaq olar. Mənim 14 yaşım olanda FİDE reytinqim belə yox idi. 21 yaşımda isə dünyanın 4-cü şahmatçısı oldum. 8 il ərzində mən 0-dan zirvəyə qədər qalxmağa bacardım. Bəziləri yarım əsr oynayır və belə uğura nail ola bilmirlər.
– Siz əsgərlikdə də şahmatçı olmusunuz. Bu necə baş verdi?
– Bəxtim gətirdi. Çağırışdan iki gün əvvəl mən 20 yaşlılar arasında Dünya Çempionu oldum. Məşqlərimə davam etmək və formada qalmağım üçün prezident İlham Əliyevin göstərişi ilə əsgərliyə MOİK-a göndərildim. Əsgərlikdən sonra ali iqtisadi təhsil aldım. Özü də Universiteti Qırmızı diplomla bitirmişəm. Baxmayaraq ki, dərslərdən çox şahmatla məşğul olurdum. Gündə 10 saatımı şahmata həsr edirdim.
– Gündə 10 saat şahmatla məşğul olmaq çətin deyil ki?
– 17-20 yaşlarımda mənim üçün çox rahat idi. İndi isə bir az çətinləşib. Ailə, ev qayğıları və s. Bu yaxınlarda Qaxda keçirilən təlim məşq toplanışı zamanı gündəlik 18 saat məşğul olmaqla, rekord müəyyənləşdirmək istədim. Amma iki gündən sonra anladım ki, bir az da belə davam etsə məni, ən yaxın olan dəlixanaya aparacaqlar.
– Hər gün məşq edirsiniz?
– Mixail Tal deyib ki, “Mən bir gün şahmatla məşğul olmayanda hiss edirəm ki. oyunum qeyri-adi alınır. İki gün məşğul olmayanda isə mənim pis partiya oynadığımı hətta qonşular da deyirlər”. Təbii ki, o, zarafat edirdi. Amma sözündə həqiqət var. Hər gün mütləq oynamaq, partiyaları analiz etmək və oyunları izləmək lazımdır.
– Məyus olduğunuz anlar olur?
– Əlbəttə. Ardıcıl məğlubiyyətlərdən sonra istəyirsən ki, turnir tez bitsin. Fərqi yoxdur hansı nəticə ilə, amma həmən bitsin. Bir dəfə yarışda mən ardıcıl olaraq 6 partiyada məğlub oldum. Bu yarışa getməməli idim, sadəcə mən imtina edə bilməzdim. Bu Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş birinci turnir idi. Məğlubiyyətlər olur. Ötən il Fabiano Karuana Veyk-an-Zee-də 30 reytinq saldı, ardınca isə gedib iddiaçılar turnirinin qalibi oldu. Məndə bir dönəm olmuşdu ki,16 ay ərzində cəmi 6 dəfə məğlub olmuşdum, ağlarla isə ümumiyyətlə məğlub olmurdum.
– Məğlubiyyətlər də yəqin ki, nələrisə öyrədir?
– Maqnus Karlsen bununla razılaşmayacaq (gülür). Baxmayaraq ki ,onun da uğursuz turnirləri olur.
– Məğlub olanda həyəcanlanırsınız?
– Bəli. Hər bir məğlubiyyət mənim üçün kiçik bir ölümdür. Amma qorxmuram. Risk etməsəydim və qorxsaydım bu qədər qələbə qazana bilməzdim.
– Turnirlərdən sonra necə dincəlirsiniz?
– Baxır turnirə. Uğurlu turnir olanda ailəmlə, dostlarla qeyd edirəm. Uğursuz olanda da yenə də çalışıram ailəmlə və dostlarımla bu uğursuzluğu unudum. Arada harasa, heç kimin məğlub olduğumu bilmədiyi bir yerlərə çıxıb gedirəm. Bir dəfə maraqlı bir əhvalat oldu. Sergey Karyakinlə oynadığım partiyada çox sadə bir vəziyyət var idi. Şah və top məndə, şah və piyada Sergeydə idi. Bundan əlavə vaxtım da, Karyakindən xeyli çox idi. Mən sadəcə topla piyadaya hücum etməli idim, ikinci gedişlə isə piyadanı alırdım. Amma nədənsə bu gedişi görmədim. Sonradan özüm də təcübləndim. Rahat udacağım oyun heç-heçə ilə nəticələndi. Oyundan sonra qrossmeysterlər mənə yaxınlaşıb soruşurdurlar ki, "Top b6 gedişini görmədin ?" , dedim nə bilim, belə alındı. Sonra həmin sualı mənə birinci dərəcəli şahmatçılar və hətta tamaşaçılar da verdilər, onlara da eyni cavabı verdim ki,arada belə də olur. Düşdüm dayanacağaki, avtomobilimə minim gedim. Bu anda mənə “stoyanşik” yaxınlaşdı və dedi ki, “Görmürdün ki, topla piyadanı vura bilirdin?”, ayağımı basdım qaza sürdüm (gülür).
– Dahi şahmatçılarla görüşlər sizə nələri qazandırdı?
– Adətən şahmatçılar çox qapalı olurlar. Sirlərini və ideyalarının bölüşməyi xoşlamırlar. Hətta iki dost şahmatçı görüşəndə belə, onlar şahmatdan çox az danışırlar. Amma istisnalar da olur. Məsələn yenə də Vasiliy İvançuk. Çox saf və xoşniyyətli bir insandır. Vaxtı ilə mənə xeyli dəyərli məsləhətlər verib. Mənim o vaxt 17 yaşım var idi və təcrübəli dost məsləhətinə böyük ehtiyacım var idi.
– XIX əsrdə ən gücül şahmatçı Vilhelm Steynits idi, XX-ci əsrin ilk yarısında Lasker, Kapablanka və Alyoxin. Sonradan Fişer, Botvinnik, Tal, Karpov... Bu nəsillər nə ilə fərqlənir?
– Mən təzə başlayanda Steynits və Kapablankanın partiyalarından öyrənirdim. Amma indi onların oyunlarından yeniliklər tapa bilmirəm. Əminəm ki, 50 ildən sonra şahmatçılar bizim partiyalara baxanda da gülümsəyəcəklər. Çünki səhvsiz şahmat dövrü gələcək. Kompüter insana çox şeylər öyrədəcək. Əvvəllər başqa cür oynayırdılar. Çoxlu təxirə salınmış oyunlar olurdu və s. İndi Maqnus Karlsenin oynadığı aqresiv oyunlar keçmişdə ümumiyyətlə yox idi. Mən inana bilmirəm ki, illər sonra Maqnusdan da güclü şahmatçı olacaq. Bu adam demək olar ki səhv etmir.
– Dahi şahmatçılarla görüşləri xatırlayırsız?
– Moskvada keçirilən Tal Memorialında mənə dahi Korçnoy yaxınlaşıb dedi ki, "Sən mənim ən sevimli oyunçumsan. Sənə azarkeşlik edirəm". Onun bu sözlərinin şokundan ayılmamış mənə dedi ki, gözlə gəlirəm. Qayıdanda hədiyyə ilə qayıtdı - mənə şampan hədiyyə etdi. Bu görüş mənim üçün çox xoş idi. Deyəsən növbəti gün mən turnirdə uduzdum ,amma başqa şeyə görə heyfslənirəm. Mən Viktor Lvoviça çox sözüm var idi, onun necə bir dahi olduğunu ona demək istəyirdim amma gecikdim. Fişerlə görüşmək şansım da var idi. İslandiyada keçirilən turnirdə administrator dedi ki, Fişer kitabxanada oturub, amma kefi yerində deyil və heç kimi görmək istəmir. Düşündüm ki, birdən mənimlə kontakta girməz və bu mənə yarış qabağı pis təsir edər. Amma indi düşünürəm ki, kaş ki, onunla görüşməyə cəhd edərdim
– Kompüterə qalib gəlmək olar?
– Gələcəkdə bütün güclü şahmatçılar bir yerə toplaşsa bəlkə kompüterlə heç-heçə edə bilərlər. Kompüteri insan yaradıb. Deməli insan ona qalib gəlmək yolunu da tapacaq. Mən bir dəfə kompüterə qalib gəlmişəm. İş orasındadır ki, kompüter ancaq qələbəyə köklənib. Onun heç-heçəyə oynamaq kimi xüsusiyyəti yoxdur, amma mən heç-heçəyə oynadım. Bir anda kompüter qələbə üçün riskli gediş etməli oldu. Etdi və uduzdu.
– Yaddaşınız necədir? Gözüyumulu neçə partiya oynaya bilərsiniz?
– Məncə rahat 10 partiya oynaya bilərəm. Amma özbək Timur Qareyev var, o bu yaxınlarda 50 taxtada seans oynadı və onlardan 48-də qalib gəldi. Bu çox böyük yüklənmədi.
– Həyatda güclü yaddaş köməyinizə çatır?
– (Gülür) Mən elektron ünvanımın parolunu tez-tez unuduram, mobil telefonumu restoranlarda masanın üstündə unuduram. Mən elə bil ki, yaddaşımın dolmasından ehtiyatlanıram. Ona görə də şahmatdan başqa şeylərlə yaddaşımı doldurmuram. Bir dəfə turnirdə partiyaları yazmırdım. Turnir bitəndə isə oturdum və keçirdiyim 18 partiyanın hamısını yazdım . Yoxlayanda gördüm ki, hamısını səhvsiz yazmışam. Sizə bir sirr açım, heç də bütün şahmatçılar yaxşı yaddaşa malik deyil. Bəziləri həmişə eyni debütdən istifadə edirlər.
– Şahmatçının ağılı adi insanın ağılı ilə nə ilə fərqlənir?
– Deyirlər şahmatçının riyazi düşüncə tərzi var. Amma məncə riyazidən daha çox intuitivdir. Tutaq ki, şahı g1 xanasından hara çəkməlisən ki, 20 gedişdən sonra o zərbə altında qalmasın. Bunu hesablamaq mümkünsüzdür, amma intuisiya kömək edə bilər. Anatoli Karpov çox güclü intuisiyaya malik şahmatçı idi.
– İntuisiyanı inkişaf etdirmək olar?
– Olar. Qəribəsi də odur ki, bir çox gənc şahmatçı və onların müəllimləri bunu etmirlər. Xeyli məşqlər var . Ən sadəsindən başlayaq : qəpik hansı əlimdədir? Əvvəllər mən düz tapa bilmirdim. Sonradan taktikamı dəyişdim və düşündüyümün əksini deməyə başladım. Bu taktika nəticə verdi. Şahmatda adətən ağlına gələn ilk fikir 90 faiz düz çıxır. Çox düşünəndə, tərəddüd edəndə tapdığın düz cavabın üstündən keçə bilərsən. İntuisiya çox önəmlidir. Mən sürətli şahmatı sevirəm. Məhz ona görə da sürətli şahmat üzrə Dünya Çempionu da olmuşam.