Vaxt.Az

“Türk dünyasının öncülləri” – Cəfər Cabbarlı


 

TÜRKSOY-da böyük dramaturqun 120 illiyi münasibətilə konfrans keçirildi

“Türk dünyasının öncülləri” – Cəfər Cabbarlı Fevralın 12-də Ankarada – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında görkəmli Azərbaycan dramaturqu, şair və nasir, teatr xadimi, tərcüməçi, ssenarist Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə konfrans keçirildi. Tədbir qurumun “Türk dünyasının öncülləri” layihəsi çərçivəsində təşkil edilmişdi.

Toplantıda TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru İsrafil İsrafilov, ölkəmizin Türkiyədəki səfirliyinin müşaviri Ramin Qurbanov, mədəniyyət nümayəndələri, mətbuat təmsilçiləri, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr iştirak edirdi.

Baş katib D.Kaseinov tədbiri açaraq qonaqları salamladı. Bildirdi ki, artıq 12-cisi  düzənlənən “Türk dünyasının öncülləri”  konfransı bu dəfə XX əsr Azərbaycan mədəniyyətinin ən parlaq təmsilçilərindən biri olan Cəfər Cabbarlıya həsr edilib: “Onun zəngin və misilsiz bədii mirası yaddaşlarda dərin izlər buraxıb. Maraqlı və məzmunlu əsərləri bu gün də Azərbaycan teatrlarında səhnəyə qoyulmaqdadır. O, həmçinin gözəl şair olub. Bu toplantımızda dramaturq, nasir, şair Cəfər Cabbarlını daha yaxından tanıyacaqsınız”.

Sonra C.Cabbarlının həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirildi.

Konfransda professor İsrafil İsrafilovun Cəfər Cabbarlının həyat və yaradıcılığı, dramaturgiyası barədə məruzəsi dinlənildi.

İsrafil İsrafilov çıxışında C.Cabbarlını XX əsr Azərbaycan mədəniyyətinin möcüzəsi adlandıraraq bildirdi ki, o, mədəniyyətin bütün sahələrində çalışıb, yazıb-yaradıb. Diqqətə çatdırıldı ki, C.Cabbarlı çətin həyat yolu keçib, kiçik yaşlarında atasını itirib, ailələri ehtiyac içərisində yaşayıb: “Gənc yaşlarından şeirlər yazıb. Lirikası olduqca güclü idi. Sonra isə dramaturq kimi tanınmağa başlayıb. Bir sözlə, XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, sənətinin inkişafında müstəsna xidmətlər göstərib”.

İ.İsrafilov C.Cabbarlının müxtəlif mövzularda dram əsərləri yazdığını bildirdi, eyni zamanda onun siyasi mücadiləsinə, Cümhuriyyət dövründə ədəbi-publisistik fəaliyyətinə də toxundu. Vurğulandı ki, sovet rejimi onu sovet yazıçısı, şairi etmək istəyirdi, amma bacarmadılar. Onun əsərlərində milli ruh vardı.

Sonra məruzəçi C.Cabbarlının “Aydın” və başqa pyeslərindən söz açdı, onların məzmununu diqqətə çatdırdı.

İ.İsrafilov çıxışında Türkiyənin teatr ictimaiyyətinə yönəlik kiçik iradını da qeyd etdi: “Cəfər Cabbarlı 18 yaşında Türkiyə ilə bağlı “Trablis müharibəsi və ya Ulduz”, “Ədirnə fəthi” kimi pyeslər yazıb, amma hələ də bu əsərlər Türkiyə səhnəsində oynanılmır”.

Natiq çıxışının sonunda TÜRKSOY-un baş katibi Düsen Kaseinova belə bir tədbiri düzənlədikləri üçün minnətdarlığını bildirdi.

Sonra tədbirin bədii hissəsi başlandı.

Hacı Bayram Vəli və Ankara universitetlərinin tələbələri fortepiano müşayiəti ilə C.Cabbarlının şeirlərini oxudular, “Xəzər” Azərbaycan xalq rəqsləri dərnəyi üzvlərinin ifasında milli rəqslərimiz təqdim olundu.

Türkiyənin opera sənətçisi Güner Birkanın ifasında C.Cabbarlının şeirlərinə bəstələnən “Ölkəm” romansı (Asəf Zeynallı), “Azad bir quşdum” mahnısı da böyük maraqla qarşılandı. İfaçını pianoda Yadigar Hacıyeva müşayiət edirdi.

Tədbirin sonunda iştirakçılara təşəkkür plaketləri verildi.

 





13.02.2019    çap et  çap et