Yunis Hüseynov “Hilton” otelindən Azərbaycan millisinin yeni baş məşqçisi çıxarkən, maşınından düşmədən, pəncərədən, 51 ildir dəyişməyən təmiz gəncəli ləhcəsində xorvatiyalını çağırıb, telefonunda 1996 -cı ildə Azərbaycan millisinin İsveçrəni məğlub etdiyi oyunda Vidadi Rzayevə verdiyi dərslik ötürməsini göstərməlidir. Göstərib “bu ötürməni verən mənəm. Bu ölkənin tarixində ilk dəfə mərhələ keçən klub məşqçisi” deyib, maşınını bacarsa “cüyüldədib” ordan aralanmalıdır.
Nazim Süleymanov Sumqayıtda gecə saatlarında, hamının ortadan çəkildiyi zamanda bir internet kluba daxil olmalı, karyerasından qısaca bəhs edən videoları ümumi bir diskə köçürdüb, millinin yeni xorvatiyalı məşçisi ilə zaman ayarlayaraq, liftdə qarşılaşmalı və hiss etdirmədən Mİ-9 agentləri kimi, diski xorvatiyalının paltosunun cibinə qoymalıdır. Üstündə də ingilis dilində “Qafqazın Maradonası az əvvəl burda idi” yazısı…
Qurban Qurbanov isə bütün hadisələrin sonunda ortaya çıxmalıdır. Bu ölkədə maraqla izlənilən “Kurtlar Vadisi” serialına uyğun, gedib heç kəsə görükmədən xələfinin otağına daxil olmalı, xələfi otağa girib işığı yandıranda sələfini kresloda oturmuş görməlidir. Qurbanov da əlində kiçik dirnaqtutan, yaxud da alışqan fırlada-fırlada xorvatiyalıya özünü tanıtmalı və sonunda “Çempionlar Liqasının qrupunda oynayan klub baş məşqçisi olsam da, Kosovaya 4:0 hesabı ilə yenilən mütəxəssis də mənəm” deməlidir. Daha sonra enli taxtın ortasına bir güllə qoyub getməlidir. Eyni ilə, o da qapıdan çıxarkən, anidən geri çevrilib “Yura, tsikldə işlərin düz getməsə, sonda bu gilizlə beyninə sıxarsan. Amma tam məğlub durumdan qəhrəman adam obrazına girmək istəsən, o gülləni məni uşaq kimi aldadıb səni bura gətirənlərə tuşla. Mənim edə bilmədiyimi sən et, Yura” deməlidir.
İndi yuxarıda yazdıqlarım gerçəkləşsə, nə olar, nələr baş verər, bilmirəm. Amma AFFA Slaven Biliçin köməkçisini millinin “sükanı arxasına” gətirməklə, vaxtı ilə Zaqreb “Dinamo”sunun ən zəngin heyətə malik dövrdə 210 dəqiqəyə güclə məğlub etdiyi Ağasəlim Mircavadovu da, işsiz qalan Yunis Hüseynovu, Nazim Süleymanovu da təhqir edib. Vəsallam! Hərçənd ki, mənə görə Azərbaycan millisi son 15 ilinin ən gözəl futbolunu əcnəbi Robert Prosineçki ilə oynayıb, amma Nikola Yurçeviç karyerası baxımından bizimkilərdən heç nə ilə üstün deyil və məhz belə bir adamın millinin başına gətirilməsi, onsuz da aglamalı futbolumuz üçün ayrı bir dərddir, ölkə futbolu adına mütrüf addımdır. Cəhənnəm, braziliyalı Torresin, bu “nemes oğlu” Foqtsun adı , Prosineskinin karyerası vardı. Bu Yurçeviçin nəyi var? Zatən kimi də gətirsəz, bizimkilər Kosovo önündə ayağı əsəcək durumdadır. Elə isə bu qədər axtarış, yalvarış, boş illuziya qurmaq nəyə lazım idi? Yurçeviç olsun, ya Mircavadov, Şahin Diniyev, Süleymanov, yaxud Hüseynov. Nəyi dəyişmək istəyirsiz ki, özünüz dəyişmədən?