Vaxt.Az

Poroşenkonun ikinci cəhdi


 

Ukrayna prezidenti üç cəbhədə mübarizə aparmaqla, reytinq cədvəlinə də başçılıq edir

Poroşenkonun ikinci cəhdi Petro Poroşenko yenidən prezident seçkilərində qalib gəlməyə qərarlı görünür. Yeddi ay əvvəl o, reytinq cədvəlində sabiq baş nazir Yuliya Timoşenkodan sonra idi, lakin 2018-ci ilin sonuna yaxın artıq Timoşenkoya çatmışdı. Yanvar ayında keçirilən anket sorğuları onu həm Timoşenko, həm də TV komediyaçısı Vladimir Zelenskindən önə çıxarıb. Lakin siyasi gündəmi formalaşdırma qabiliyyətini nəzərə alsaq, Poroşenkonun rəqiblərini çox-çox geridə qoymaq şansı var.

Ukraynada korrupsiyaya mübtəla olma və islahatlara maneə örətməkdə ittiham edilən Poroşenko 2014-cü ilin Maydan inqilabı məşəlinin daşıyıcısı kimi təsvir edilə bilməz. Ancaq onun əsas rəqibləri haqqında da rəy eynidir: Timoşenkonun bütün karyerası korrupsiya qalmaqallarına bələnib; Zelenski Ukrayna banklarından milyardlarla dollar mənimsəməkdə ittiham olunan oliqarx İqor Kolomoyskini dəstəkləyib; sabiq müdafiə naziri Anatoli Qritsenko avtoritarlığın təbliğatçısıdır; Yuri Boyko rəsmi olaraq Rusiyanın dostudur, Maydan müxalifətini təmsil edir.

Namizədlərin bu boxçası ilə mart seçkiləri Boris Yeltsinin 1996-cı ildə baş verən faciəli Çeçen müharibəsi fonunda vəzifəsini saxlamağa çalışdığı çağa paraleldir. O, nəticə etibarilə uğur qazandı, ancaq demokratik proseduru pozdu.

Ukraynada, keçmiş SSRİ-nin qalan hissəsində olduğu kimi, vəzifəli şəxslər səslərini süni yolla çoxaltmaq və təkrar seçilmə şanslarını artırmaq üçün siyasi gündəmlə manipulyasiya edə bilərlər.

Postsovet dövründə Rusiyada bu cür siyasi manipulyasiyada Vladimir Putinlə müqayisədə heç kim daha üstün olmayıb. 2011-2012-ci illərdə etiraz dalğasından etimad reytinqi xeyli azalmış Rusiya prezidenti, Ukrayna inqilabından sonra Donetsk bölgəsində müharibəyə başlamaqla, Krımı ilhaq etməklə, ölkədə şovinizmi görünməmiş həddə çıxararaq, 2014-cü ildə Rusiyada keçirilən seçkilərlə etimad reytinqini 89 faizə yüksəldib.

Poroşenko Putinin təlimat kitabından bir səhifə qoparıb, lakin onu təvazökar miqyasda və demokratik prosedurların məhdudiyyətləri ilə tətbiq edir. Ukrayna prezidntinin məqsədi qonşu Macarıstan və Polşada hökm sürən eyni dərəcəli populizmə müraciət edərək Ukraynanın mərkəzi və qərbində, Ukrayna dilli bölgələrdə milliyyətçi seçicilərin səsini qazanmaqdır.

Kampaniyanın “Ordu, Dil, İman” şüarı ilə geniş billboardları 2018-ci il boyu ölkədə demək olar ki, hər bir prospektə yerləşdirilib. Bu, boş şüar deyil. Poroşenko bu üç sahədə: hərbi işlər, dil məsələsi və kilsə mübahisəsi üzərində çox işləyib.

Dil problemi ilk sırada idi. Milyonlarla ukraynalı rus dilindən istifadə edir və Maydan inqilabından əvvəl Ukraynanın rusdilli bölgələri öz ərazilərində onu ikinci rəsmi dil elan edə bilərdi. Rusiyanın 2014-cü il hərbi təcavüzü nəticəsində Ukraynada yaranmış milliyyətçi dalğa milli dil məsələsini ön plana çıxarıb və sağçılar ölkədə rusdilli əhalinin dil haqlarını məhdudlaşdırmaq naminə sıralarını sıxlaşdırıb.

2017-ci ildə Ukrayna prezidenti rus dilinin orta təhsildən effektiv şəkildə çıxarılmasını təbliğ edən qanunun qəbuluna nail olub. Bu, onun reytinqinə arzulanan təkanı verməyib, əvəzində, qonşu Macarıstanla diplomatik gərginliyə gətirib çıxarıb, çünki macardilli məktəblər də eyni şəkildə qadağadan təsirlənib.

Poroşenko hərbi və dini cəbhələrdə daha böyük uğur qazanıb.

Donbas bölgəsində hibrid səngər müharibəsini dəstəkləyərək, Rusiya Ukraynanın qanını sorub, bu, qaçılmaz olaraq 2014-cü ildə müharibəni sona çatdırma vədi vermiş prezidentin populyarlığına təsir edir. Poroşenko nə qədər istəkli olsa da, Ukraynanın hərbi şəkildə Rusiyanın döyüş maşınını üstələməsi mümkün deyil.

Amma son bir neçə ildə Ukrayna qüvvələri 2015-ci ilin Minsk müqavilələrinə görə tərəfləri ayıran bufer zonaya daxil olurlar. 2018-ci ilin sonunda Poroşenkonun məsləhətçisi Yuri Biryukov deyib ki, Ukrayna silahlı qüvvələri “praktik olaraq bütün boz zonanı azad ediblər”.

2018-ci ilin mart ayında Ukraynanın sərhəd patrulu Krımdakı limanları tərk edən və ya limanlara girən istənilən gəmini təhdid edərək, bir rus balıqçı gəmisini ələ keçirib. Rusiya Qara dənizdə və Azov dənizində varlığını artıraraq buna cavab verib. Ukrayna və onun qərbli müttəfiqləri yenilən Rusiya təcavüzü barədə danışmağa başlayıblar.

Ukrayna Krımı Rusiyaya birləşdirən Kerç boğazı üzərindəki körpüyə doğru kiçik gəmilərini göndərərək Putinin səbrini sınaqdan keçirib. Moskvanın paranoyası Ukraynanın körpünün partlamalı olduğunu iddia edən “Washington Examiner” qəzetinin məqaləsi ilə daha da iltihablanıb.

Seçki kampaniyası ciddi şəkildə başlandığından, dənizdə baş verən qarşıdurma öz zirvəsinə çatıb. Ötən il noyabrın 25-də Rusiya donanması üç Ukrayna gəmisinə atəş açıb, sonra onları ələ keçirib və 24 Ukrayna dənizçisi həbs edilib.

Putinin qərarı Poroşenkonun xeyrinə olub. Rusiya tərəfdən böyük miqyaslı işğalın yaxınlaşdığını iddia edən Ukrayna prezidenti deputatlar arasında güclü şübhələri aradan qaldırdıqdan sonra dekabr ayının sonuna qədər davam edən bir aylıq hərbi vəziyyət dövrü elan edib.

Dil məsələsi kimi, din məsələsi də 2014-cü ildə Donbasdakı müharibənin başlamasından sonra Ukraynada yüksək səviyyədə siyasiləşdirilmiş hala gəlib və Poroşenko bunda da özü üçün siyasi fürsəti görüb. O, bölünmüş Ukrayna pravoslav kilsəsini birləşdirmək və onu Rus Patriarxlığının nəzarətindən çıxarmağa çox səy göstərib. Nəhayət, bu il yanvarın 5-də Konstantinopol Patriarxı rəsmi dini icma müstəqilliyini təsdiqləyib.

Poroşenko mərkəzi və qərbi Ukraynaya gedib, seçicilərə Bartolomeyin “Tomos” kimi tanınan fərmanını kafedralar kilsələrdə nümayişə çıxarıb. O bunu Ukraynanın Rusiyaya qarşı böyük qələbəsi kimi göstərib, baxmayaraq ki, ən çox kilsə icması (təxminən 12 min) Moskva Patriarxiyasının nəzarəti altındadır.

Seçkilərə iki ay vaxt qalıb və seçki zəfərini təmin etmək üçün Poroşenkoya, əlbəttə, daha çox dram lazımdır. Yeni qəbul olunmuş qanuna əsasən, Moskva Patriarxiyası ilə əlaqəsi olan kilsə icmalarından təkrar qeydiyyatdan keçmək tələb olunur. Bu, yeni yaradılmış Ukrayna Kilsəsinə keçid üçün nəzərdə tutulmuş tədbirdir. Bu tədbir uğurlu olsa, Poroşenko, şübhəsiz, onu kampaniyasında populyarlığını artırmaq üçün istifadə edər.

Bu arada, Ukrayna Milli Təhlükəsizlik Şurasının rəhbəri Aleksandr Turçinov dekabrın 19-da BBC-yə verdiyi müsahibəsində bildirib ki, Ukrayna Kerç boğazı vasitəsilə azad keçid hüququnu həyata keçirmək üçün ora daha çox gəmi göndərməyə hazırlaşır. Yeni bir dramatik qarışıqlıq Poroşenkoya rəqiblər üzərində həlledici üstünlük verə bilər.

 





13.02.2019    çap et  çap et