A.Yatsenyuk parlamentdəki çıxışında bildirib ki, Ukrayna hər hansı separatizm meyllərinə və təzyiqlərə dözümlü yanaşmayacaq.
Yanukoviçi devirən müxaliflər indi müvəqqəti hökumətin formalaşdırılması ilə məşğuldur. Ancaq bir sıra müxalifət liderləri hələlik konkret vəzifəyə təyin olunmağa tələsmir. «Azadlıq» Partiyasının sədri yerli media təmsilçiləri ilə söhbətində deyib ki, hələlik heç bir posta iddialı deyil.
«UDAR» Partiyasının sədri Vitali Kliçko da müvəqqəti hökumətdə yer almayacaq. Öncədən gözlənildiyi kimi Kliçko prezidentliyə iddialıdır.
«İnter» televiziyasına müsahibəsində Kliçko bildirib ki, hökumət texnokratlardan formalaşmalıdır: «Elə hökumət formalaşdırılmalıdır ki, o, effektiv işləsin. Bu çox çətin bir məsələdir. Biz durmadan çalışmalıyıq. Bu gün Ukrayna büdcəsi çox ağır durumdadır, zaman itirsək, iflas qaçılmazdır».
Kliçko deyib ki, hökumətin yeni tərkibində köhnə hökumətin təmsilçiləri olmamalıdır: «Yeni hökumətin üzərinə çox ağır yük düşür. Ukraynanın həm təbii qaza, həm də beynəlxalq kreditorlara ciddi borcları var. Onları ödəmək üçün bacarıqlı hökumət formalaşdırılmalıdır».
Vitali Kliçko deyib ki, hüquq-mühafizə orqanlarını rəhbərləri ilə ölkədə sabitliyin qorunması məsələsi haqqında müzakirələr aparıb və tövsiyələrini verib: «Xalqa qarşı suç işləməyən heç kim cəzalanmamalıdır. Əsas vəzifələrimizdən biri də qarşıdurma yaratmaq meyllərinin qarşısını almaqdıq. Bu gün Ukraynanı daxildən parçalamaq istəyən qüvvələr var. İnanıram ki, onların cəhdləri boşa çıxacaq».