Vaxt.Az

(Növbə)tçi...


 

Azərbaycan futbolunda yeni anlayış formalaşır...

(Növbə)tçi... Futbolda hər zaman ehtiyat oyunçular cərgəsindən meydana can atan, növbəsini gözləyənlər olur. O da gecə-gündüz çalışıb şansını dəyərləndirmək şərtilə...

Dövran dəyişib. İndi yaşıl meydana heç kim can atmır. Növbətçi kimi növbəyə durub növbəti "oyunun" startını gözləyir. Növbəti dəfə kimin qalib gələcəyi də növbətçiləri maraqlandırmır.

Kim müvəqqəti öndə olacaqsa, on(lar)a da növbə ilə növbətçilik ediləcək...

Növbədə duranların öz meydanı var. Rəqabət də günü-gündən çətinləşir. Növbədə istənilən növ növbətçini görmək olur artıq...

Məmləkətdə növbə mədəniyyəti hər zaman axsayıb. Azərbaycan futbolu növbə "mədəniyyəti"ni də cəmiyyətdə formalaşdırır...

Heç kim növbəsini pozmur, səbirlə baş qərargahdan start siqnalını gözləyir. Tribunalarda yerlərini tutmaq üçün növbəyə duranlar da görünmür. Boş stadionlarda rəqiblər növbə ilə bir-bir sıradan çıxarılır, "oyunu" idarə etmək də günü-gündən asanlaşır. Azərbaycan futbolunda artıq bir növ rəqabət, sıra var, növbətçilərin növbətçi sırası...

Növbə o qədər böyüyüb ki, uzaqdan simalar da görünməz hala düşüb. Ancaq növbənöv, rəngbərəng DNK kodu kimi uzanan genomları dəyişdirilmiş burulğana bənzəyir...

Millətlər Liqasındakı növbəti uğursuzluq növbətçilər üçün növbəti sınaq oldu. Növbədə durmaq istəməyənlərlə növbədə duranların mübarizəsi çoxnövçülük üzrə yarışı xatırladırdı.

Növbədənkənarların ordu kimi formalaşmış, sıra düzülüşü, nizamı, vahid baş qərargahı olan növbətçilərə məğlubiyyəti qaçılmaz idi.

İdmanın futbol növü ilə oynaya bilməyənlər illərdi futbolda öz “növ”lərini formalaşdırıblar...

Meydanda zəif rəqiblərlə bacarmayanlar, növbəti dəfə meydandankənar zəiflərə qalib gəldilər. İndi də növbə növbəti tsıklındır...

Növbətçilər növbə-növbə təlaş içindədir. Baş qərargahdan növbəlik nəzarəti çox güclüdür. Söz deyən kim, növbəti proqnoz verən kim. Bir tərəfdən də start, növbəti Novruz bayramı gününə düşür. Növbətçilər özlərini şirin göstərmək üçün xəsislik etməyib növbətçi paylarından növbədə itələşə-itələşə növ-növ şəkərbura, badambura, paxlava bişirir. Yetim şorqoğalıya yaxın duran da yoxdur...

Növbə də bir az nizamını itirib. Növbətçilər vəziyyətdən istifadə edib baş qərargaha yaxınlaşmaq üçün dəridən-qabıqdan çıxırlar. Uzaq növbələrdə növ-növ simaları yaxşı görünmür axı...

Azərbaycan futbolunda yaşıl meydan çoxdan unudulub. Növbəti “oyun”ların oynanılması üçün növ-növ növbətçilər hazırlanır. Artıq meydanda qalib gəlmək üçün deyil, növbədə növbətçilik uğrunda əsl növbədənkənar mübarizə gedir...

Avropada isə Azərbaycan futbolu çoxdan aşağı növ futbol kimi illərdi növbəsini tutub, növbətçi rolunu oynayır. Növbəti tskıllarda növbəti uğursuzluğunu yaşamaq üçün. Əsas, növbədə duran növbətçilərin baş qərargahları ilə birgə növbəti “qələbə”ləridir!

Növbəsini gözləyən haqq-ədalətin bumeranq dalğası hələ ki, növbahar halında sakit seyr edir. Yəqin növbətçi simaların növbələri tam olaraq formalaşmayıb.

Hələ ki, növbənöv təbii ələnmə gedir...

 





15.02.2019    çap et  çap et