Hələ keçən il izləyicilərin marağının azalmasına görə, “Oskar” mərasiminin televiziya yayımının müddətini qısaltmaq qərarı verilmişdi. Bazar ertəsi isə yayımı qısaltmaq üçün hansı mükafatların reklam fasiləsi zamanı təqdim ediləcəyi məlum olub – “Ən yaxşı operator işi,” “Ən yaxşı montaj,” “Ən yaxşı qrim,” və “Ən yaxşı qısa metrajlı film.”
Bu qərar Corc Kluni, Martin Skrozes, Meril Strip də daxil olmaqla bir sıra tanınmış kinematoqraf, rejissor, prodüser və aktyoru hiddətləndirib.
Amerikanın Kinooperatorlar Cəmiyyəti təşkilat komitəsinə etiraz ünvanlayıb. Cəmiyyətin rəhbəri Kis Van Oostrum “Reuters” agentliyinə bildirib ki, bu təşəbbüsün müəllifləri nə etdiklərini anlamırlar:
“Bu cür qərarın arxasında hörmətsizlik dayanır. Bu, film üzərində çalışan insanların – operatorların, montaj işçilərinin, stilistlərin, qısa metrajlı filmlərin müəlliflərinin üzünə baxıb, “sənin görülən işdə əməyin digərlərindən daha azdır” deməkdir”.
“Ən yaxşı operator işi” kateqoriyasında “The Favourite,” “Roma” və “A Star Is Born” filmlərinin nominasiyaları irəli sürülüb. “Ən yaxşı montaj işi” kateqoriyasında isə qalib “Bohemian Rhapsody,” və ya “Green Book” filmləri ola bilər. Bu filmlərin hər biri mərasimin əsas mükafatını nominantları arasındadır.
Keçən il təşkilat komitəsi mərasimə yenilik əlavə edərək, “Ən məşhur film” kateqoriyasını daxil etmək niyyətində idi. Lakin tənqidlərə görə, bu planlardan imtina edilməli oldu.
“Oskar” mükafatının təqdim edilməsi mərasimi 24 fevral tarixində keçiriləcək. Mərasimin yayımı əvvəlki illərdə olduğu kimi 3 saatdan çox davam edəcək.