***
“Əgər mən səsimi çıxarmasaydım, danışmasaydım Azərbaycan dəhşətli situasiyada qalardı. Çünki bizim ölkəmiz kimi ölkə fəal xarici siyasət aparmalıdır, axı hər tərəfdən bizə hücumlar edirlər”-Vəfa Quluzadə müsahibələrindən birində deyirdi. Ölümündən az qala 4 ilə yaxın zaman keçsə də onun karyerası Qafqazın qızğın siyasi aləmində salamat qalmaq üçün ibrət dərsi sayıla bilər.
Quluzadə zamana uyğun olaraq xameleonsayağı dəyişmək və küləyin haradan əsdiyini duymaq qabiliyyətinə malik idi. Quluzadə salamat qalmağı bacaranlardan idi. Əvvəlcə sovet diplomatı kimi, sonra Azərbaycan diplomatı və nəhayət Azərbaycanın müstəqillik dövrünün ilk üç prezidentinin-Ayaz Mütəllibovun, Əbülfəz Elçibəyin və Heydər Əliyevin milli təhlükəsizlik müşaviri kimi. Quluzadə 2015-ci il mayın 1-də vəfat etdi, lakin onun kölgəsi hələ də Qafqazın üzərindədir.
1940-cı ildə, dekabrın 21-də türk ədəbiyyatı professorunun ailəsində anadan olmuşdu. Erkən yaşlarında onun valideynləri Sibirə sürgün edilmiş və ya Türkiyəyə qaçmış nənəsi Quluzadəni kənara çəkib. Alça tonda ona başa salıb ki, hər eşitdiyinə inanmasın; Lenin Baba əslində cinayətkar olub. Bununla belə Quluzadə 1967-ci ildə Moskvada SSRİ Elmlər Akademiyası nəzdində təhsilini başa vurdu, müasir Misir ədəbiyyatı üzrə elmi dərəcə aldı. Onun sovet sisteminə müəyyən inamı var idi.
Gənc sovet diplomatı olaraq o, 1973-cü ilin Oktyabr müharibəsi zamanı Qahirədə xidmət etmişdi və doğma Azərbaycanın müstəqillik əldə etməsindən sonra ilk üç prezidentlərin, o cümlədən Heydər Əliyevin milli təhlükəsizlik müşaviri olmuşdu. Ötən dövrlərin digər diplomatları kimi Quluzadə də lingvistik vərdişləri sayəsində uğurlar qazanmışdı. Doğma Azərbaycan dili ilə yanaşı Quluzadə rusca, ərəbcə, ingilisə və farsca sərbəst danışırdı.
Qahirə təcrübəsi
Sovet diplomatik korpusunda ərəb dilini sərbəst bilən gənc diplomat kim Quluzadə Qahirəyə təyin olundu. “Qahirə böyük şəhər, ərəbcə deyildiyi kimi “dünyanın anası” idi və Sovet İttifaqından baxanda doğrudan da azad şəhər kimi görünürdü”-bir dəfə o mənə uzun müsahibəsi zamanı belə demişdi.
O, Qahirədəki sovet səfirliyində ikinci katib təyin olundu. Bu, 1973-cü ilin oktyabr müharibəsi vaxtı idi. Ərəb dilini yaxşı bildiyi üçün onu sovet nümayəndə heyətinin rəhbəri Aleksey Kosıginlə Misir prezidenti Ənvər Sadatın görüşündə tərcüməçi seçdilər.
Sovet nümayəndə heyətinin Misirlə danışıqları məxfi olmalı idi və Kosıgin görüşün fotosunun çəkilməsinin əleyhinə çıxdı. Bununla belə Ənvər Sadat onu inandırdı: “Biz heç olmasa tarix dərslikləri üçün bir foto çəkdirməliyik”. Həmin foto ki, orada Sadat Kosıgini və Vəfa Quluzadəni salamlayır, “Newsweek” jurnalında sonradan dərc edildi və misirlilər tərəfindən SSRİ-nin Sina yarımadası üzərində Misirin nəzarətinin geri qaytarılması üçün Qahirəyə dəstək verməsi barədə təbliğatda istifadə olundu.
“Ənvər Sədat sülh adamı idi, amma bilirdi ki, Misirin döyüş meydanında nailiyyətini sübut edə bilməsə İsraillə möhkəm sülhə nail olmaq mümkün olmayacaq”, - Quluzadə sonradan deyirdi.
Mən Quluzadə ilə 2012-ci ildə Azərbaycan Diplomatiya Akademiyasının kuluarlarında, tədbirlərdən birində görüşdüm və fürsətdən istifadə edib ondan 1973-cü ilin oktyabr müharibəsinin ən böyük sirlərindən biri haqda soruşdum. Həmin müharibənin nəticəsində Misirin Üçüncü ordusu Sina yarımadasında İsrail qüvvələrinin mühasirəsinə düşmüşdü.
Bu günə qədər də tarixçilər mübahisə edir ki, Misir ordusu müharibənin dayandırılması ərəfəsində darmadağın edilmək təhlükəsi qarşısında qalıb, ya yox. “Biz Üçüncü ordunun taleyi haqda çox narahat idik, çünki israillilər atəşkəsi pozmaqda davam edirdi. Bu, SSRİ-nin müdaxilə etməyə hazır olmasının səbəblərindən biri idi”, - Quluzadə az qala Üçüncü dünya müharibəsinə gətirib çıxaracaq həmin günləri xatırlayaraq təmkinli tonda dedi.
Bununla belə o bildirdi ki, bütün diqqətlərin Misirin 3-cü ordusuna yönəlməsi 1973-cü il müharibəsinin daha mühüm məqamını arxa plana keçirmişdi.
“İsrail ordusu Qahirənin 106 kilometrliliyinə qədər irəlilədi, amma mənim fikrimcə sonra başa düşdülər ki, bundan artıq irəli gedə bilməzlər. Onlar ərazisinə görə İsraildən bir neçə dəfə böyük olan ölkəni tamamilə zəbt edə bilməzdilər. Əlbəttə, onlar Livandakından daha betər partizan müharibəsi ilə qarşılaşardılar. Bu məqamda onlar başa düşdülər ki, nə zamansa ərəblərlə sülh bağlamalı olacaqlar”, - Quluzadə dedi.
Onun izah etdiyi kimi real problem bundan ibarət idi ki, həmin ölkələrə asanlıqla qalib gəlmək olardı, amma onları işğal etmək çətin idi.
Sonradan Quluzadə Suriya prezienti Hafiz Əsədin sovet lideri Leonid Brejnevlə və bir sıra digər sovet siyasi xadimləri ilə görüşlərini də tərcümə etdi. Habelə Misirdə Quluzadə ilk dəfə 1973-cü ildə təsadüfən Heydər Əliyevin diqqətini cəlb etdi. Azərbaycanın gələcək prezidenti 1973-cü ildə SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin nümayəndə heyətinin rəhbəri kimi Qahirəyə səfər etmişdi. Nümayəndə heyətinin tərcüməçisi ərəb dilinin Misir danışıq ləhcəsini bilmirdi və Quluzadə son anda onu əvəzləməli oldu.
Həmin vaxt Quluzadə Heydər Əliyevdə güclü təəssürat oyatdı. Qayıdanda o, Quluzadəyə kürü, konyak, saat bağışladı, tapşırdı ki, Bakıya gələndə onunla əlaqə saxlasın.
1975-ci ildə Heydər Əliyev Quluzadəni Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inzibati vəzifəyə təyin etdi. Bu vəzifədə Quluzadə 1987-ci ildə sovet diplomatı kimi Əlcəzairə təyinat alana qədər işlədi.
Bakıya dönüş
Əlcəzairdən sonra o, Bakıya qayıtdı. SSRİ Millətlər Şurasının sədri Rafiq Nişanov Quluzadəyə Moskvada vəzifə təklif etdi. Amma Quluzadə Bakıda işləməyi üstün tutdu. Nişanov o vaxt şəxsən Azərbaycan prezidenti Ayaz Mütəllibova zəng vurub Quluzadəni tövsiyə etdi.
Amma Quluzadənin Mütəllibovla münasibətləri xeyli gərgin idi, çünki onu Moskvanın marioneti sayırdı. Hakimiyyətinin son dövrlərində Mütəllibovn köməkçiləri Quluzadəni onun yanına buraxmırdılar. 1992-ci il mayın 15-də Mütəllibov devrildi. 1992-ci ilin 17 iyun seçkilərindən sonra Elçibəy prezident kimi and içdi.
Quluzadənin Elçibəylə dostluğu hələ onların tələbəlik vaxtlarına söykənirdi. Elçibəy o vaxt elə kasıb idi ki, qrupda kollektiv foto çəkdirməyə kostyumu da yox idi. Və Quluzadə ona kostyum bağışladı və gələcək diplomat əvəzində heç nə istəmədi. Sonradan Quluzadənin Puşkinin 1836-cı ildə yazdığı “Kapitanın qızı” romanı ilə müqayisə etdiyi hadisə baş verdi.
Elçibəy 1993-cü ilin iyununda hakimiyyətdən qaçdı, Heydər Əliyev hakimiyyətə gəldi. “Qafqaz dostların və düşmənlərin əhatəsində” adlı memuarlarında Quluzadə sonradan yazırdı: “Mən hesab edirəm ki, Elçibəyin qəfildən Kələkiyə qaçması çoxsaylı interpretasiyalarla zəngin olan sirdir. Mən şəxsən Elçibəyə dedim ki, hamımıza silah versin və biz Prezident Aparatının binasında axıra qədər döyüşək. Çilidə olduğu kimi (o vaxt Çili Sosialist Respublikasının prezidenti Salvador Alyende 1973-cü il 11 sentyabr çevrilişi zamanı atışmada həlak olmuşdu). Amma Elçibəy mənə cavab vermədi və xəlvətcə Kələkiyə uçdu”.
Tezliklə Quluzadə ilə ilk dəfə 20 il əvvəl onunla Qahirədə rastlaşan Heydər Əliyev əlaqə saxladı. “Mən prezidentin səlahiyyətlərini icra edirəm və sizinlə işləmək istərdim”-Əliyev ona dedi.
1988-1994-cü illərin Azərbaycan-Ermənistan müharibəsi zamanı hər iki tərəfdən 40 minə qədər adam həlak olub, milyona yaxın insan evlərini tərk etməli olub. Bu günə qədər də Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır. O vaxt iqtisadiyyat dağılmışdı, orta aylıq əmək haqqı cəmi 15 dollar idi. Milli büdcə cəmi 100 milyon dollar təşkil edirdi. Azərbaycanın taleyi çox kədərli, dumanlı görünürdü.
Amma Bakı-Tiflisi-Ceyhan kəməri işə düşdü, sərvət su kimi axıb gəlməyə başladı. 1994-cü ildə ölkənin ÜDM-i cəmi 3.31 milyard dollar idisə 20 il sonra Dünya Bankının məlumatına görə bu rəqəm 74 milyard dollara yaxınlaşdı.
Quluzadənin hakimiyyətdə olduğu dövrdə əsas səyləri Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmasına yönəlmişdi. Hələ 1995-ci ildə o bəyan etdi ki, Bakı Ermənistanla danışıqlara başlamağa və Dağlıq Qarabağa faktiki özünüidarə statusu verməyə hazırdır. O, hətta enerji resurslarına malik olmayan Ermənistanı tranzit ölkəyə çevirməyi təklif etdi, neft kəmərinin bu ölkədən keçə biləcəyini dedi.
Ermənistanla birbaşa danışıqlar uğursuz olsa da Vəfa Quluzadə 1995-ci ildə ATƏT-in Lissabon sammiti zamanı münaqişəyə dair müzakirələrdə uğurlu kampaniya apara bilmişdi. Həmin sammitdə Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanındı və qətnamə qəbul edildi ki, məsələ Azərbaycanla Ermənistan arasında danışıqlarda həll edilməlidir.
Bu açıq-aydın diplomatik qələbə idi, amma Ermənistanı danışıqlar masası arxasına gətirmədi. Əksinə, Quluzadə Ermənistanın daha çox barışmaz mövqedən çıxış etməyə başladığını gördü. O, getdikcə daha çox hiss edirdi ki, sülhə gedən yolu Yerevanda yox, Moskvada bloklayırlar.
1999-cu ilin yanvarında Quluzadə başqa seçimin olmadığını görüb Azərbaycanın NATO-ya üzvlüyünə çağırdı, yaxud ən azından ölkə ərazisində ABŞ hərbi bazasının yerləşdirilməsini təklif etdi. Bu, Quluzadənin fikirlərini açıq, cəsarətlə ifadə etdiyi birinci hal deyildi. Ermənistanla müharibədən sonra o, Azərbaycanla Türkiyə arasında konfederasiya ideyası haqda da danışırdı. Bununla belə onun NATO-ya üzvlük barədə çağırışlarının nəticəsi gözlədiyindən daha betər oldu və həmin ilin oktyabrında Quluzadənin istefasına gətirib çıxardı. Bu dəfə o siyasi reallıqlarla ayaqlaşa bilməmişdi.
İmperiya dövlətləri
Quluzadə ABŞ və Türkiyə ilə müttəfiqliyə çağırsa da Rusiya və İranı sözün əsl mənasında imperiya dövlətləri sayırdı. O hesab edirdi ki, imperiya strukturuna və sərhədlərinə görə bu dövlətlər gec-tez çökəcəklər. Və Azərbaycanın Cənubi Azərbaycanla birləşməsi də SSRİ-nin çöküşü kimi qaçılmaz olacaq.
Bununla belə Quluzadə imperiya dövlətlərini birnəfəsə qınasa da hesab edirdi ki, Azərbaycanın Rusiya imperiyasının tərkibində olması onun tarixində müsbət hadisədir. Çünki bu, sonradan Azərbaycanın müstəqilliyinə gətirib çıxardı. “Mən rusca Rusiya vətəndaşlarının çoxundan yaxşı danışıram”, - bir dəfə o fəxrlə deyirdi.
O, fars dilində də eynilə bu cür danışırdı və saatlarla fars poeziyası haqda fikirlər yürüdə bilərdi, amma İranın region üçün təhdidləri barədə də bacardığı qədər danışırdı. (İran Azərbaycan-Ermənistan müharibəsi zamanı Ermənistana maddi dəstək vermişdi). Həyatının sonlarında o belə qənaətə gəlmişdi ki, Rusiyanın Ukraynaya müdaxiləsi Bakını Amerika liderləri üçün daha qiymətli müttəfiqə çevirəcək. Amma o böhranı da mümkün sayırdı.
“Chatam House” (Britaniya) mərkəzinin əməkdaşı Zaur Şiriyev “Hurriyet Daily News” qəzetində dərc edilmiş nekroloqunda Vəfa Quluzadəni ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Zbiqnev Bzejinski ilə müqayisə edirdi. Lakin Quluzadə sağlığında özünü keçmiş dövlət katibi, bir neçə dəfə görüşdüyü Henri Kissincerlə müqayisə etməyi sevərdi.
Quluzadə həm Bzejinskinin, həm Kissincerin realpolitik nəzəriyyələrini bölüşürdü, onların hər ikisi ilə tanış idi və bu əlaqələr dövlət vəzifəsindən gedəndən illər sonra da davam edirdi. Quluzadə də Kissincer kimi manevrlər edərək bir neçə administrasiyalarda mühüm dövlət vəzifələrini tuta bilmişdi...