Vaxt.Az

“Göz yummayacağıq”


 

Həsən Ruhani Pakistanı təhdid edib

“Göz yummayacağıq” Fevralın 13-də İranın Sistan və Bəlucistan əyalətində “Sepah” üzvlərini daşıyan avtobusa qarşı baş tutmuş intihar hücumundan sonra İran Pakistanı təhdid etməyə davam edir.

Hadisədən bir müddət sonra İran rəsmiləri bu hücuma görə Qərbi günahlandırsalar da, Pakistan hökumətinin də bunda “pay sahibi” olduğunu bildirirlər.

Fevralın 18-də Bəndər Lingə bölgəsinə səfər edən prezident Həsən Ruhani burada da xalq qarşısında çıxış edərkən Pakistanı qarşı təhdidamiz ifadələr işlədib. O, “İran xalqının xaricilər tərəfindən silahlandırılan və maliyələşdirilən muzdurlardan intiqam alacağı”nı deyib.

Elə həmin gün Pakistanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə dəvət olunub. İran XİN-in sözçüsü Bəhram Qasıminin sözlərinə görə, bu görüşdə səfirə bildirilib ki, “Pakistan ordusu və dövlətindən İran ilə sərhəddə fəaliyyət göstərən terror qruplaşmalarının bazalarına, toplaşma və yerləşmə mövqelərinə qarşı ciddi və lazımlı addımlar atmasını gözləyirik”.

Digər tərəfdən, İran Milli Məclisinin spikeri Əli Laricani də Pakistanı təhdid edib və bildirib ki, onlar (Pakistan) bu hadisəyə görə cavabdehlik daşımalıdırlar. O, həmçinin bildirib ki, “sizə (pakistanlılara) qarşı olan hörmət və ehtiramımıza rəğmən, bu hadisə qarşısında məsuliyyətsiz davranmağınıza göz yummayacağıq”.

Fevralın 16-da isə “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri Pakistanı təhdid etmiş və bu ölkənin baş vermiş hücuma görə məsuliyyət daşıdığını demişdi. Cəfəri eləcə də, ölkəsinin Pakistan daxilində silahlılara qarşı hərbi əməliyyata başlaya biləcəyini də vurğulamışdı.

 





18.02.2019    çap et  çap et