Vaxt.Az

Abdullayevin məqaləsi ermənilərin tədqiqatını alt-üst edib


 

Petrosyanın 18 saatlıq və bahalı təcrübəsini azərbaycanlı kimyaçı cəmi 1 saata və cüzi xərclə ərsəyə gətirib

Abdullayevin məqaləsi ermənilərin tədqiqatını alt-üst edib Bakı Mühəndislik Universitetinin (BMU) kimya mühəndisliyi kafedrasının müdiri Yusif Abdullayevin dünyaca tanınmış “Elsevier” nəşriyyatına aid olan 4,5 impakt faktoru “Journal of Molecular Liquids” jurnalında elmi məqaləsi nəşrə qəbul olunub.

Azərbaycanlı alim “Experimental and computational study of metal-free Bronsted acidic ionic liquid catalyzed benzylic C(sp3)-H bond activation and C-N, C-C cross couplings” adlı məqaləsilə erməni alimi Andranik Petrosyan və onun tədqiqatçı yoldaşlarının Almaniya universitetlərindən birinin laboratoriyasında apardığı tədqiqatın nəticələrini alt-üst edib.

Məqalədə BMU-nun alimi çoxəvəzli pirazinlərin sintezində mövcud üsullara alternativ olaraq ekoloji təmiz, atom ekonomik və qısa müddətli metod təklif edir. Bu metoddan istifadə etməklə BMU-nun tədqiqat laboratoriyasında optimallaşdırılma işləri aparılıb və məhsulun çıxımı artırılıb. Ağır və bahalı metal katalizatorunun alternativi kimi ucuz ion mayesi katalizatoru işlətməklə qısa müddətə solvent istifadə etmədən çoxəvəzli pirazinlərin alınması elmi yenilikdir.

A.Petrosyan və onun həmkarlarının aşağı impakt faktorlu “Tetraheron Vol” jurnalında nəşr etdiyi məqaləsində pirazinlərin alınmasına çoxmərhələli və çox bahalı katalizatorlardan istifadə edərək 18 saat sərf etdiyi halda, Yusif Abdullayevin tədqiqatında bu proses 1 saata başa çatıb.

Nəticədə, eyni məhsulun alınması istiqamətində aparılan iki elmi tədqiqatı  müqayisə etdikdə Azərbaycanlı alimlərin universitetin tədris laboratoriyasında apardıqları tədqiqat qabiliyyətinin, təklif olunan qısa və səmərəli üsulun üstünlüyü açıq-aşkar görünür.

Qeyd edək ki, pirazinlər və onların törəmələri tibb sahəsində böyük əhəmiyyət kəsb edir. Bunlar bioloji aktivliyə malikdir, az toksik maddələr olduğu üçün farmakofor kimi istifadə edilir.

Ətraflı məlumat üçün bax:

https://www.sciencedirect.com/science/article/pii/S0167732218362457?via%3Dihub

 





18.02.2019    çap et  çap et