Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp və KXDR rəhbəri Kim Çen In fevralın sonunda Vyetnamın paytaxtı Xanoy şəhərində danışıqlar masasına əyləşməlidir.
Yaponiyanı Şimali Koreya ilə altıtərəfli danışıqlarda təmsil edən Mitoci Yabunaka ölkəsinin “yarıxam, aldadıcı” müqavilədən və Donald Trampın rəsmi Pxenyana qarşı tərksilah sahəsində hər hansı tərəqqi əldə etmədən sərt mövqeyini yumşaldacağından çəkindiyini dilə gətirib.
Belə ki, yaponlar Şimali Koreya üçün daha az təhlükəli sayılan zəif sazişin imzalanacağından qorxurlar. Çünki bu sazişdə Şimali Koreya ABŞ üçün təhlükə əxz edən qitələrarası raketlərin ləğvinə razı, Yaponiya üçün təhdid törədən orta və kiçik mənzilli raketlərin arsenalının ləğvindən isə imtina edə bilər.
“Yaponiya üçün ən böyük üstünlük baş nazir Sindzo Abenin Donald Trampla yaxın şəxsi münasibətlərdə qalması sayılırdı. Indi isə bu da keçməyə bilər”, - deyə yapon ekspert Motoxiro Ono “Bloomberg”ə söyləyib.
Bundan başqa, Donald Tramp yaxın müttəfiqinin Sakit okean ticarət sazişindən çıxmaqla, habelə “milli təhlükəsizlik” baxımından yapon metal məmulatlarına əlavə gömrük rüsumları tətbiq etməklə onu tək qoya biləcəyini göstərib. Üstəlik ABŞ prezidenti rəsmi Tokionu cüzi hərbi büdcədən dolayı ittiham edir.
Analitiklərin rəyincə, baş nazir Sindzo Abenin Donald Trampı Nobel mükafatına təqdim etməsi, habelə Yaponiyanın Xuan Quaydonu Venesuela prezidenti kimi tanımasının səbəblərindən biri də budur.