Bakı Ağır Cinayətlər Məhkəməsində “Qafqaz” Xəbər Agentliyinin (qafqaznews.az saytı) rəhbəri Mahmud Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. O, şantajla pul tələb etməkdə təqsirləndirilir. Hakim Fikrət Qəribovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
Məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirildikdən sonra M.Tağıyevin vəkili vəsatət verərək istintaq zamanı prosessual pozuntulara yol verildiyini bildirib.
Vəkil vəsatəti ilə cinayət işinin istintaqa qaytarılmasını istəyib. Müdafiəçinin sözlərinə görə, istintaq dövründə M.Tağıyevin hüquqları pozulub: “Müdafiə etdiyim şəxs saxlanıldıqdan sonra hazırda iş üzrə zərərçəkmiş kimi tanınan şəxslərin izahatı alınıb. Sonradan onlar zərərçəkmiş kimi tanınıb. Zərərçəkmişlərdən Toğrul Tağıyev müdafiə etdiyim şəxsin həyat yoldaşının qardaşıdır. Digər zərərçəkmişlər də Toğrul Tağıyevin dostları və tanışlarıdır. Onlar 6 gün ərzində hüquq-mühafizə orqanlarına müraciət edərək Mahmud Tağıyevdən şikayətçi olduqlarını deyiblər. Bundan əlavə, ittihamda əvvəlcə göstərilib ki, guya Mehman Tağıyev Toğrul Tağıyevi intim videoları ilə şantaj edərək 120 min pul tələb edib. Ancaq sonda belə ittiham verilib ki, guya Mehman Tağıyev Toğrul Tağıyevi sahibkarlıq fəaliyyəti ilə bağlı şantaj edib və pul tələb edib. Bunun kimi xeyli sayda pozuntular var. Bunları nəzərə alaraq iş istintaqa qaytarılmalıdır”.
Vəkil həmçinin Mehman Tağıyevin ev dustaqlığına buraxılması ilə bağlı da vəsatət verib. Mehman Tağıyev də vəkili ilə razı olduğunu qeyd edib və ona qarşı ittihamı şər-böhtan adlandırıb. İş üzrə zərərçəkmiş kimi tanınan Toğrul Tağıyevin vəkili Cavad Cavadov vəsatətlərin təmin edilməməsini istəyib. Cavad Cavadov əlavə vəsatət qaldıraraq məhkəmə prosesinin qapalı keçirilməsini istəyib. O, bildirib ki, zərərçəkmiş şəxslər təqsirləndirilən Mahmud Tağıyevin reket jurnalistikası fəaliyyətinin qurbanlarıdır. Bu işdə ailə və şəxsi sirlər olduğunu deyən vəkil prosesin qapalı keçirilməsini istəyib.
Vəsatətlərə münasibət bildirən prokuror bildirib ki, Mahmud Tağıyevin vəkilinin vəsatətdə qeyd etdiyi hallara məhkəmə baxışında, sənədlərin tədqiqi mərhələsində baxıla və qiymət verilə bilər. Prokuror məhkəmənin tam olaraq qapalı keçirilməsi ilə də razılaşmayıb: “Hansı epizodda ailə sirri, şəxsi məsələlər olarsa, prosesin qapalı keçirilməsinə baxıla bilər”.
Məhkəmə müşavirədən sonra vəsatətlərin təmin edilmədiyini açıqlayıb. Qeyd olunub ki, cinayət işində pozuntular yoxdur və M.Tağıyev barəsində həbs-qətimkan tədbiri düzgün seçilib. Həmçinin, məhkəmə prosesinin açıq keçirilməsinə qərar verilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Növbəti məhkəmə prosesi fevralın 27-də keçiriləcək.
İttihama görə, M.Tağıyev Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilir. Onun cinayət işi üzrə zərərçəkmiş qismində “ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Abbasov və “Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Bədəlov, qaynı Toğrul Tağıyev və “Yuxa” restoranının sahibi Azər Həsənov tanınıb.
Belə ki, M.Tağıyev qaynı Toğrul Tağıyevdən 120 min manat, Elçin Bədəlovdan 80 min manat, Xaliq Abbasovdan 20 min manat, Azər Həsənovdan isə 5 min manat pulu hədə-qorxu ilə tələb edərək almaqda ittiham olunur. O, qaynı Toğrul Tağıyevi onun intim video görüntülərini yayacağı və rəhbərlik etdiyi istehsal müəssisəsində qanunu pozduğuna dair yazılar yayımlayacağı ilə hədələyib.
O, Elçin Bədəlovun rəhbərlik etdiyi şirkət haqda “Nort Vest Konstrakşn” tenderlərdə hansı oyunlar oynayır” başlıqlı yazı dərc edib. Daha sonra E.Bədəlovdan pul tələb edib, o isə pul verməkdən imtina edib. Buna görə də növbəti dəfə “Elçin Bədəlov kimdir” başlıqlı yazı dərc edib.
Xaliq Abbasov haqda yazılar dərc etdikdirdən sonra o, qafqaznews.az saytını məhkəməyə verib. Xətai Rayon Məhkəməsi saytın təkzib verməsi, üzr istəməsi, yazının saytdan silinməsi və cərimə olaraq Silahlı Qüvvələr Fonduna 2 min manat ödənilməsi barədə qərar verib. İttihama görə, M.Tağıyev həmin yazıların silinməsi üçün X.Abbasovdan 20 min manat tələb edib. M.Tağıyev həmçinin Azər Həsənovdan pul tələb edib və ala bilmədiyi halda saytda “Yuxa” restoranı xarici kəşfiyyat orqanlarına işləyir” başlıqlı yazı dərc edib.