Məlumata görə, belə bəyanatla iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobuliya çıxış edib. Onun sözlərinə görə, “Qazprom”la müqavilənin uzadılması ölkənin qaz bazarında Azərbaycanın inhisarçı mövqeyi ilə mübarizə aparmaq məqsədi güdür. “Biz istəmirik ki, bazarda monopoliya yaransın və Azərbaycan yeganə qaz təchizatçısı olsun. Azərbaycanın da olmağını istəyirik, amma müəyyən həcmdə qazı Rusiyadan almaq lazımdır”, - nazir deyib.
Parlament müxalifəti isə hökumətin bu şaxələndirmə cəhdini ölkənin milli maraqlarını satmaq adlandırıb. “Avropa Gürcüstanı” fraksiyasının üzvü Elene Xoştariya deyib ki, bununla hökumət Tiflisi Moskvanın orbitinə çəkir. Sitat: “Rusiya işğalçıdır, o, qaz iynəsini öz siyasi məqsədlərinə çatmaq üçün istifadə edir. Rusiya şaxələndirmə mexanizminə xidmət edə bilməz. İndi illər lazım olacaq ki, Rusiyadan asılılıq azalsın. Bu yazılı həqiqətləri nə vaxta qədər təkrarlamaq olar?!”
Ancaq belə görünür, nazir Georgi Kobuliyanın öz “yazılı həqiqətləri” var: o deyir ki, Gürcüstanın qaz təchizatının 90 faizini həyata keçirən “SOCAR Georgia Gas” şirkəti martın 1-dən kommersiya abonentləri üçün qazın qiymətini 10.5 faiz qaldıracağını elan edib. “SOCAR Georgia Gas” şirkətinin nümayəndəsi Anton Samsonidze isə bunu belə izah edir: “Qiymətin korrektə edilməsi larinin ABŞ dollarına münasibətdə ucuzlaşması və qazın paylanılması tarifləri ilə bağlıdır”. Amma hökumətdə hesab edirlər ki, bu bahalaşma “Qazprom”u bazara daxil etmək üçün kifayət qədər tutarlı əsasdır. Əslində isə bəhanədir.
Öz növbəsində enerji ombudsmanı Salome Vardiaşvili bildirib ki, Azərbaycan şirkəti tarifləri niyə artırdığını daha dəqiq əsaslandırmalıdır. “İstənilən tarif artımı yaxşı əsaslandırılmalıdır və sənədlərlə təsdiqlənməlidir. Mən SOCAR-ın mövqeyi haqda eşitmişəm, amma bu kifayət deyil. Tariflərin artırılması ilk növbədə kiçik və orta biznesə təsir edəcək, qaz təchizatçıları insanların vəziyyətini nəzərə almalıdır”, - əlavə edib.
* * *
Maraqlıdır ki, Gürcüstanın hazırkı hökumətinin yetkililəri Rusiyanı tez-tez işğalçı adlandırırlar. Buna əsasları da var. Rusiya 2008-ci ildə Abxaziya və Cənubi Osetiyanı işğal edib, onları dövlət kimi tanıyıb və orada, Tiflisin cəmi 100 km-də böyük hərbi kontingent yerləşdirib. Bu bəyanatlar və reallıqlar fonunda gürcü hökumətinin təcavüzkar saydığı Rusiyadan əlavə qaz istəməsi, əslində qaz təchizatını şaxələndirmək istəyindən daha çox siyasi riyakarlıqdır.
Eyni zamanda Azərbaycanın əsas qaz şirkəti SOCAR-la Rusiyanın “Qazprom”unu toqquşdurmaq cəhdidir. Halbuki Azərbaycan illərdir qardaş Türkiyə ilə birgə Gürcüstan dövlətinin, onun ayaqda durmasının əsas qarantı, o cümlədən təhlükəsizlik qarantı, energetik təhlükəsizliyinin etibarlı qarantı və ən böyük xarici sərmayəçiləridir. Bundan əlavə, Gürcüstan yalnızca neft-qaz kəmərlərinin (Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Cənub qaz xətti) tranzitindən və Bakı-Tiflis-Qars dəmir yolundan böyük paralar qazanır. Qısası, Azərbaycandan Gürcüstana heç vaxt pislik dəyməyib, dəyməz.
“Sənin strateji tərəfdaşın Azərbaycan heç vaxt, hətta ən kritik məqamlarda belə qaz təchizatından imtina etməyib, o biri tərəfdə isə qaz kəmərini partladan və Gürcüstanı qışın ortasında qazsız qoyan Rusiya dayanıb. Üstəlik, Azərbaycan qazı Rusiya qazından ən azı 20 faiz ucuzdur”. Bu sözlər keçmiş prezidenti Mixail Saakaşvilinin özünün facebook səhifəsində yazdığı və gürcü hakimiyyətinə ünvanlandığı sərt bəyanatda yer alıb. Onunla razılaşmamaq mümkünsüzdür.
* * *
Əlbəttə, Gürcüstan müstəqil dövlət kimi, öz xarici siyasət kursunu və iqtisadi strategiyasını sərbəst müəyyən edə bilər. Amma xarici siyasət daxili siyasətin davamı sayılır. Daxildə isə rəsmi Tiflis Azərbaycan və Türkiyə faktorlarını görməzlikdən gələ bilməz. Gələrsə, bunun bədəlini ödəməli olar.
Əfsus ki, gürcü hökuməti - “İvanişvilinin uşaqları” nala-mıxa vurma siyasətini, Bakı və Ankaraya qarşı nankorluğu davam etdirir. Məsələn, Gürcüstan bölgədəki digər işğalçı ölkə - Azərbaycan ərazilərinin 20 faizini 30 ildir nəzarətdə saxlayan Ermənistanla daim isti əlaqələr qurmağa can atıb. Hətta təcavüzkar Ermənistana öz ərazisindən dəhliz açılması məsələsində canfəşanlıq edib (məsələ hələ də gündəmdədir). Yüksək çinli gürcü rəsmilərinin hamısı İrəvanda olarkən saxta “erməni soyqırımı” abidəsini ziyarət edərək əklillər qoyublar.
Söz düşmüşkən, bu gün Ermənistanın və Gürcüstanın müdafiə nazirləri - David Tonoyan və Levan İzoriya İrəvanda bir araya gələcəklər. Erməni qaynaqlarının xəbərinə görə, səfər zamanı iki ölkənin müdafiə idarələri arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq haqda saziş imzalanacaq. Məlumata görə, anlaşma sənədi ikitərəfli, strateji, yüksək ranqlı səfərlər mübadiləsini, həmçinin müdafiə təhsil və hüquq sahəsində əməkdaşlığı nəzərdə tutur...
Görəsən, Gürcüstan üçün işğalçı Ermənistan da strateji tərəfdaş statusundadırsa, onda Azərbaycan hansı statusdadır? Necə deyərlər, bu yerdə əlavə şərhə ehtiyac qalmır...