Vaxt.Az

Demokrat Partiyasında gərginlik pik həddə


 

“ADP-də demokratiya yox, diktatura gördüm”

Demokrat Partiyasında gərginlik pik həddə İki gün əvvəl ADP sədri Sərdar Cəlaloğlu partiyanın İdarə Heyətinin toplantısında gənclərlə iş üzrə müavini Cəmil Hacıyevi gənclik yaş həddini keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edib. Bununla bağlı ötən sayımızda Cəmil Hacıyevin fikrilərinə yer vermişdik. O, vəzifədən azad olunmasına əsas səbəb kimi partiya rəhbərliyinin qərarına zidd çıxaraq 28 May bayram tədbirini Novxanıda İctimai Palata ilə birlikdə qeyd etməsində görür. C.Hacıyev APA-a açıqlamasında deyib ki, İctimai Palatanın indiyə qədər keçirilən tədbirlərinə ADP-nin qərarı ilə qatılıb: “Əslində mənə qarşı bu qərəz əvvəllər də olub. Dəfələrlə ADP Gənclər Təşkilatının seçkili orqan olması haqda təkliflərimiz rədd edilib. İdarə Heyətinin mənimlə bağlı məsələnin müzakirə olunduğu iclasında iştirakım təmin edilmədi. Sərdar Cəlaloğlunun imkanlarımın tükəndiyi haqda dedikləri səhvdir. Təəssüf edirəm ki, Demokrat Partiyasında demokratiya tapa bilmədim. Əlbəttə, öz səviyyəmdə buna cəhd etmişəm. Lakin göründüyü kimi, alınmayıb. ADP-də demokratiya yox, diktatura mövcuddur”.
ADP sədri Sərdar Cəlaloğlu isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan qanunlarına görə yaşı 35-i keçmiş insan gənc sayılmır: “Cəmil Hacıyevin də yaşı artıq 35-i keçib. Bu da onun partiyada olan gənclərlə əlaqə qurmasına bir çox problemlər yaradır. Biz də bunu nəzərə alaraq onu vəzifəsindən azad etmişik. Təbii ki, sədrin kimi özünə müavin seçmək və kimi tutduğu vəzifəsindən azad etmək səlahiyyəti var”.
ADP Təftiş Komissiyasının sədri Bəhruz Məmmədovun “Cəmilin partiyanın tapşırıqlarına əməl etmədiyinə görə öz vəzifəsindən azad olunması bir bəhanədir” fikrinə isə S. Cəlaloğlu belə cavab verdi ki, burada heç bir bəhanə yoxdur.
Partiya sədri Cəmil Hacıyevin “28 May bayram tədbirini Novxanıda qeyd etdiyimə görə vəzifəmdən azad olunmuşam” fikrinə isə belə münasibət bildirdi: “Partiyanın qərarı var idi ki, həmin günü İstiqlal abidəsini ziyarət edək. 28 may günü M.Ə.Rəsulzadənin nə anadan olduğu gündür, nə də dünyasını dəyişdiyi gün. Bu gün respublikanın 95 illiyidir. Respublikanın simvolu isə parlamentdir. Düzünə baxsaq, həmin gün müxalifətin Novxanıda M.Ə.Rəsulzadənin abidəsini ziyarət etməsi prinsipcə səhv addımdır. Çünki Azərbaycan Demokratik Respublikası tək bir nəfərdən ibarət deyil. Burada milli ordu olub, Azərbaycanı ermənilərdən azad etmək istiqamətində həyatını qurban verən insanlar olub, nazirlər olub, deputatlar olub və s. Bütün bu insanları yad etmək üçün ən optimal variant İstiqlal abidəsini ziyarət etməkdir. Hətta Türkiyədə Respublika günündə parlamentin olduğu binanı ziyarət edirlər. Əslində Azərbaycanda da belə olmalıdır. Hər kəs bilməlidir ki, Cümhuriyyətin simvolu parlamentdir. Və biz bununla bağlı geniş müzakirə apardıq. Qərar verdik ki, Cümhuriyyətin il dönümü münasibətilə 28 May bayramını ADR-in parlamentinin vaxtı ilə yerləşdiyi binanın qarşısında olan İstiqlal abidəsini ziyarət edək”.
Daha sonra S. Cəlaloğlu bildirdi ki, nizamnaməyə əsasən partiyanın qərarlarına qarşı çıxanlara müəyyən cəza tədbirləri görülməlidir: “Cəmil Hacıyevi isə partiyanın qərarlarına zidd olacaq hərəkət etməsinə deyil, yaşının 35-i keçdiyinə görə vəzifəsindən azad etmişəm. Təbii ki, Cəmil belə halda başqa səbəblər axtaracaq. Bizim partiyanın nizamnaməsi Azərbaycan Konstitusiyasına uyğun fəaliyyət göstərir. Mənim Cəmilin düşüncələrinə böyük hörmətim var, ancaq Azərbaycan qanunları necə məsləhət bilirsə, mən Cəmilin xətrinə qanunları poza bilmərəm ki”.
 





05.06.2013    çap et  çap et