Vaxt.Az

Xocalı qurbanları İstanbul səmasında


 

Soyqırımda ailəsini itirən qızın danışdıqları tədbir iştirakçılarını göz yaşlarına qərq etdi

Xocalı qurbanları İstanbul səmasında Fevralın 25-də Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Türkiyədəki nümayəndəliyinin təşkilatçılığı ilə Xocalı qətliamının qurbanları Avropa İstanbul Ortaköy meydanında izdihamla yad edildi. Bu mərasimdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə həyatını itirmiş 613 dinc sakinin xatirəsi yad edildi.

Cəmiyyətdən Publika.Az-a verilən məlumata görə, xatirə gecəsində yüzlərlə insan iştirak edib. Gecənin kuliminasiya nöqtəsi sadə, amma özünəməxsus bir jest kimi 613 ədəd xüsusi işıqlı şar müvafiq olaraq faciə zamanı öldürülmüş hər bir kişi, qadın və uşağın xatirəsinə istanbullular tərəfindən Bosforun gecə səmasına buraxıldı.

Avropa Azərbaycan Cəmiyyətinin Türkiyədəki nümayəndəliyinin rəhbəri Rəna Rzayeva tədbir zamanı bildirdi: «Xocalı Azərbaycan tarixinin acı xatirəsidir. Təəssüf ki, biz zamanı geri qaytarıb bu ədalətsizliyə qarşı heç bir şey edə bilməsək də, sadəcə onu xatırlamaqla öz vəzifəmizi yerinə yetirmiş ola bilərik. Həmin faciəli gecədə itirilən Azərbaycanın sadəcə torpağı deyildi, həm də insanların yurd-yuvaları, uşaqlıq xatirələri və ümidləri idi. Hamısı birlikdə 63 uşaq, 106 qadın və 444 kişi həyatını itirdi. Xocalı kabusu bu insanların və Azərbaycan xalqının ürəyində və yaddaşında həmişəlik qalacaq».

TRT kanalının aparıcısı Defne Sarısoy: «Dağlıq Qarabağın ikinci ən böyük şəhəri olan Xocalı Azərbaycan tarixindəki ən amansız qırğına şahidlik etmişdir. Xocalı xatirəsinə həsr olunmuş bu tədbir sadəcə Azərbaycana aid deyil, bu ürək ağrısını bölüşən bütün türk dünyasına aiddir. Xocalı xatirə gecəsini təşkil edən Avropa Azərbaycan Cəmiyyətinə öz minnətdarlığımı bildirirəm».

Xocalıda hər iki valideynini və bacısını itirmiş, amma özü sağ qalmış Xəzəngül Əmirova öz hekayəsini nəql etdi.Tamaşaçıları göz yaşlarına qərq edərək dedi: «Ermənilər həmin gecə mənim anamı öldürdülər. Onlar bizi mühasirəyə alıb əsir götürdülər və Əsgərana apardılar. Biz yeridikcə onlar bizə atəş açmaqda davam edirdilər, baxmayaraq ki, izdihamın arasında çoxlu uşaq və qadınlar da var idi. Güllələrdən biri mənim qucağımdakı 5 yaşlı bacıma dəydi və o yerə yıxıldı. Mən onu qaldırmaq istədim, lakin o artıq ölmüşdü. Ermənilər atamın əl-ayağını bağladılar. Sonra onlar məni atamın yanına apardılar və mənim gözlərimin qarşısında üzərinə benzin töküb onu diri-diri yandırdılar. Mən bunu bu axşam burada böyük ürək ağrısı ilə danışsam da sizinlə bölüşməyim mənim üçün çox əhəmiyyətlidir».
Tədbirdə həmçinin «Natiq» ritm qrupunun ifasında xüsusilə Xocalıya həsr etdikləri musiqi parçası da səsləndirildi. Tədbirdə bundan başqa Xocalı qırğını zamanı və ondan dərhal sonra çəkilmiş fotolardan ibarət rəqəmsal sərgi və Xocalı görüntüləri və qırğından sağ qalanların danışdıqlarından ibarət xüsusi video da nümayiş olundu. 

Bu tədbirin məhz Ortaköy Meydanında keçirilməsi çox yerinə düşdü, çünki bura tarixən İstanbulun ən kosmopolitian əraziləri arasında yer alıb və burada həmişə müsəlman, yəhudi, ortodoks və xristianların ibadət yerləri birgə mövcud olub.

 





26.02.2014    çap et  çap et