Ziddiyyətli tarixi dövrün materiallarını ilk dəfə bədii kinoya gətirmək doğrudan da, riskli bir iş idi. Ancaq Həsən Seyidbəyli buna razı oldu. Filmin bədii keyfiyyətləri yüksək idi və Nəsiminin dövrü, onun həm şair, həm də yüksək duyğulara malik insan kimi kinoportreti tamaşaçıları valeh etmişdi. Həsən Seyidbəyli sənətdə heç vaxt güzəştə gedən adam olmayıb. Rejissora nəyisə diktə etmək mümkün deyildi. Həmkarları onu çəkiliş zamanı çox tələbkar, nizam-intizamlı rejissor kimi tanıyırdı. Özü məsuliyyətli olduğu üçün də məhz belə keyfiyyətlərə malik aktyorlara üstünlük verirdi. Baş rolların ifaçılarını özü seçir və heç vaxt da seçimində yanılmırdı. “Nəsimi” obrazını oynayan Rasim Balayev də məhz Həsən Seyidbəylinin kəşfi idi. Azərbaycan kinosunda Rasim Balayevin uğur qazanmasının səbəbkarı Həsən Seyidbəylinin məktəbi idi. Həsən Seyidbəylinin bu filmlə təkcə tariximizi deyil, o cümlədən milli mədəniyyətimizi, mentalitetimizi, ədəbiyyatımızı, musiqimizi ümumilikdə qədim Azərbaycanın həyatını əks etdirib.
“Nəsim” yeganə tarixi filmdir ki, orada heç bir dekorasiyadan istifadə edilməyib. Çəkiliş aparılan bütün məkanlar tam təbii idi. Bu ekran əsəri 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında “Tarixi Mövzuda Ən Yaxşı Film” nominasiyası üzrə qalib olub. “Ən Yaxşı Kişi Rolunun İfası” nominasiyasında II yeri isə baş rolun ifaçısı, gənc aktyor Rasim Balayev qazanmışdı.