Vaxt.Az

ABŞ-da istehsal rekordu


 

Okeanın o tayında xam neft ehtiyatları da artıb

ABŞ-da istehsal rekordu ABŞ-ın xam neft istehsalında keçən həftə gündəlik orta hesabla 12 milyon barellə yeni bir rekord qırılıb.

ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ölkədə xam neft istehsalı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 89 min barel artıb.

Gündəlik orta hesabla xam neft hasilatı Alyaska ştatında 11 min barel aşağı düşüb, digər ştatlarda isə 100 min barel yüksəlib. Bu nəticə ilə, ölkənin xam neft istehsalında son 58 həftədə 44 dəfə artım görülüb.

Beləliklə, 9-15 fevral həftəsində dünyanın ən böyük xam neft istehsalçısı olan ABŞ-da 12 milyon barellə gündəlik istehsalda yeni bir rekord qırılıb.

Ölkədə gündəlik orta hesabla xam neft istehsalı 3-9 noyabr həftəsində 11,7 milyon barelə, 5-11 yanvar həftəsində də 11,9 milyon barelə çıxmışdı.

EIA-nın “Fevral 2018” hesabatına görə, ölkənin gündəlik orta hesabla xam neft hasilatının bu il 12,4 milyon barel, gələn il isə 13,2 milyon barel olacağı ehtimal edilir.

Həmçinin EIA, ABŞ-dakı kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 3,7 milyon barel (0,8 faiz) artımla 454,5 milyon barelə çatdığını açıqlayıb. Bazar proqnozları ehtiyatların 3,1 milyon barel artacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 3,6 milyon barel artmışdı.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə dəyişməyərək 649,1 milyon bareldə sabit qalıb.

ABŞ-ın benzin ehtiyatları isə ötən həftə 1,5 milyon barel (0,6 faiz) azalaraq 256,8 milyon barelə düşüb. Bazar gözləntisi 350 min barel azalma olması istiqamətində idi. Ölkədə benzin ehtiyatları əvvəlki həftə 408 min barel azalmışdı.

 





22.02.2019    çap et  çap et