Nazarbayev kimi 30 ildir hakimiyyətdə olan qocaman siyasətçinin komanda dəyişikliyi etməsi təsadüfi deyil. O, artıq yaşlanıb, hakimiyyətin ötürülməsi prinsipi üzərində çalışır. Ancaq onun yerini kim dolduracaq sualı ətrafında müəmmalar dolaşmaqdadır. Qazaxıstanda qəbul edilən qanunla Nazarbayev Təhlükəsizlik Şurasının ömürlük sədri seçilib. Görünən budur ki, “Elbası” Qazaxıstanda yenə əsas söz sahibi olaraq qalacaq. Onun belə bir addım atacağı gözlənilən idi.
Bunun da bir neçə səbəbi var. Çünki hakimiyyət Özbəkistanda olduğu kimi fərqli şəxsə ötürülərsə həm onun ailəsi üçün təhlükə yarana bilər, necə ki, Özbəkistanda İslam Kərimovun ailəsini təqib edilir, ikinci bir məsələdə yeni liderin zəif fiqur olacağı təqdirdə ölkənin milliyyətci güclər tərəfindən parçalanması ehtimallıdır. Təbii ki, illərdir başını dövlətin başında ağartmış Nazarbayev kimi təcrübəli bir siyasətçi özünə zəif varis seçməz, ancaq nə qədərdə olsa onun varisi ondan güclü olmayacaq. Yəni "ikinci Nursultan" olmayacaq. Bu isə potensial təhlükədir. Çünki zaman-zaman bir çoxları iddia edir ki, Qazaxıstandakı etnik rusların baş qaldırmamasının səbəbi “Elbası”nın şəxsi nüfuzudur.
Ölkənin yeni rəhbəri yuxarıda dediyim kimi Nursultan olmayacaq, ancaq Nazarbayev ola bilər, daha doğrusu Nazarbayeva. Prezident postuna bir neçə şəxsin adı çəkilir ki, bunlardan biri də prezidentin böyük qızı Dariqa Nazarbayevadır. Prezidentlik uğrunda ümumi dörd fərqli yerdən namizədlər göstərə bilərik.
1. Prezidentin ailəsi
2. Hakim komanda
3. Nazarbayev hakimiyyətinin əsas dayağı olan yerli biznes dünyası
4. Bir də Rusiyaya bağlı qüvvələr.
Gələcək prezidenti hakim ailənin içində axtarsaq ağıla ilk gələn yuxarıda da qeyd edildiyi kimi dövlət başçısının böyük qızıdır. Dariqa Senatın deputatıdır. Prezident qızının nöqsanı bundadır ki, onun dövlət idarəçilik təcrübəsi yoxdur. Onun Senatın sədri olacağı barədə iddialar dolaşsa da bu, öz əksini tapmadı. Onun mübahisəli edən digər bir maraqlı məqam isə şəxsi ailə münasibəti, daha doğrusu 1983-2007-ci illərdə evli olduğu Rahat Əliyevin məruz qaldığı qalmaqallar və onun müəmmalı ölümüdür
Rahat Əliyev Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədr müavini, ölkənin Avstriyadakı səfiri kimi mühüm vəzifələrdə çalışmışdı. 2007-ci ildə o, özünün səhmdarı olduğu “Nurbank”ın idarə heyətinin sədri Əbilmajin Gilimov və onun birinci müavini Yoldaş Timirəliyevin oğurladılaraq qətlində ittiham olunur. Qazax məhkəməsi onun barəsində qiyabi olaraq 40 il həbs cəzası kəsir. Özü isə Avropada gizlənilirdi. Rahat Əliyev 2014-cü ildə Avstriyada həbs edilir. Amma Avstriya onun Qazaxıstana təhvil verilməsindən imtina edir. Rahat Əliyev 2015-ci ildə Avstriyadakı həbsxanada rəsmi məlumata görə intihar edir. Ancaq onun Nazarbayevlərin sifarişi ilə öldürüldüyü haqqında iddialar var. Prezidentlik üçün adı keçən tək prezidentin qızı deyil. Dövlət başçısının digər qızı Dinaranın əri Timur Kulibayevində adı ölkənin ali rəhbərliyi üçün keçir. Kulibayev biznesmendir, bir çox dövlət şirkətinə rəhbərlik edib, prezidentin maliyyə və enerji siyasəti üzrə köməkçisi kimi mühüm dövlət vəzifədə çalışıb. Yüksək təhsilə malik olan Timurun da baldızı kimi ailə münasibətlərində bəxti gətirməyib. Belə ki, prezidentin kürəkəni bir müddətdir medianın gündəmindən düşmür. KİV-lər onun bir biznes ledi ilə münasibətinin olduğu və hətta bu münasibətdən iki oğlu olduğundan yazır. Bu məlumatlar onun şansını endirir. Bunlar birinci qrupdan-ailə daxilindən önə çıxan namizədlər idi.
Əgər Nazarbayevdə İslam Kərimovun kimi öz varisini hakim komandadan seçəcəksə bu siyahıya Senatın sədri Qasım -Comart Tokayev, prezident administrasiyasının rəhbəri Adilbəy Casıbekov, Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Mənsimov kimi nüfuzlu məmurların adını çəkə bilərik. Bu üçlü qrupun içərisində ən şanslısı isə Senatın sədri Tokayevdir. Çünki onun digərlərinə nisbətən idarəçilik təcrübəsi yüksəkdir. Həmdə ona hakimiyyətin ötürülməsi daha asandır.
Ölkə Konstitusiyasına əsasən hazırda ölkədə prezidentdən sonra ikinci şəxs Senatın sədridir. Tokayevin adı bu günə qədər demək olar ki, heç bir qalmaqalda hallanmayıb. Ancaq onunda yaşı çoxdur. Spikerin nə az, nə çox, düz 65 yaşı var. Casıbekov kabinet adamdır, müasir siyasi çağırışların qarşısında aciz qalacaq, həmdə digərlərinə nisbətən zəif bir fiqur kimi qiymətləndirilir. Kərimov ölkədə kifayət qədər nüfuzu olan bacarıqlı bir məmurdur. Nazarbayev öz yerini ona verə bilər. Ancaq prezident varisinin qeyri-qazax millətinin nümayəndəsi olması ilə razılaşsa.
Qazaxıstanda 243 min uyğur türkü yaşayır. Uyğur olmaq təbii ki, nöqsan deyil və onlar ayrı-seçkiliyə məruz qalmırlar. Ancaq söhbət dövlətin ali rəhbəri postundan gedirsə o zaman bura azsaylı millətin nümayəndəsinin gətirilməsi milli cəhətdən həssas yer olan Qazaxıstan üçün gələcəkdə sonsuz problem yarada bilər. Üçüncü qrup olan biznes elitasından bu posta gələ biləcək şəxs ölkənin ən zəngin iş adamı hesab olunan Bulat Utemuratovdur. O, prezidentə çox yaxındır və onun biznes dünyasındakı nümayəndəsi sayılır. Hətta Nazarbayevin Utemuratovla ortaq biznes əlaqələrinin olduğu deyilir.
Dördüncü qrupda-rusmeyilli qüvvələr içərisində gələcək dövlət başçısını axtarası olsaq ağıla gələn ilk şəxs Qazaxıstanın Rusiyadakı səfiri İmanqali Tasmaqambetovdur. Tasmaqambetov yüksək idarəçilik təcrübəsinə malik şəxsdir, səfir olmazdan qabaq Alma-Ata və Astana şəhərlərinin meri, prezident administrasiyasının rəhbəri və son olaraq baş nazir kimi mühüm dövlət vəzifələrində çalışıb. O, Nazarbayevin potensial varisi kimi görünsə də anidən vəzifəsindən azad edilərək Moskvaya yola salındı. Onun Rusiyaya yaxın olduğu bilinirdi, ancaq Nazarbayevlədə şəxsi dosdluq əlaqələrinə malik idi. Tasmaqambetovun siyasi durumu naməlum olaraq qalır. Onun hakimiyyətin gözündən düşməsinə görə, yoxsa Moskvaya xüsusi tapşırıqla səfir göndərildiyi bəlli deyil. Çünki Rusiya Qazaxıstan üçün adi bir ölkə deyil. Buna baxmayaraq ölkənin ikinci ən güclü şəxsini səfir göndərmək də bir az təəccüblü görünür. Daha bir ən inandırıcı variant Nursultan Nazarbayev özündən sonra hakimiyyəti müxtəlif qruplar arasında böləcəyi, özündən sonra zəif prezident qoymaq istəməsi ilə bağlı ola bilər. Belə düşünürəm ki, prezident hakimiyyəti konkret bir qrupa verməyəcək, gücü onların arasında bölüşdürəcək. Son Konstitusiya dəyişikliyi ilə prezidentin səlahiyyətlərinin böyük hissəsini parlamentə verməsi də buna sübutdur.