Hamınıza məlumdur ki, qonşu Ermənistan dövləti 1992-ci ildən başlayaraq beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, BMT üzvü olan digər bir suveren ölkəyə- Azərbaycana qarşı ərazi iddiaları qaldıraraq, ölkəmizin Dağlıq Qarabağ Muxtar Vilayətini və ətrafdakı 7 rayonunu işğal etmiş(dövlətin ümumi ərazisinin 20%), bir milyondan artıq dinc əhalini ( ölkə əhalisinin hər 8 nəfərindən birini) öz doğma yurd-yuvasından didərgin salmaqla etnik təmizləmə həyata keçirmişdir. Ermənistanın bölgədə apardığı təcavüzkar siyasətin nəticəsi olaraq 30 ilə yaxındır ki, Cənubi Qafqazda silahlı münaqişə və qanlı toqquşmalar davam edir. Azərbaycanın və beynəlxalq sülhyaratma qurumlarının, ilk növbədə BMT və ATƏT-in bütün səylərinə baxmayaraq hələ də Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilmək istəmir və bölgədə dayanıqlı sülhün bərqərar olmasına ciddi maneə törədir. Hazırda Cənubi Qafqazda hər an yeni silahlı toqquşmalar və qanlı müharibələr başlaya bilər ki, bu da yeni-yeni insan fəlakətlərinə səbəb olar.
Diqqətinizə çatdırım ki, davakar erməni millətçiləri son iki əsrə yaxın bir müddətdə dövlət səviyyəsində Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqları və Türkiyənin Şərqi və Cənub-Şərqi Anadolu ərazilərində mifik “Böyük Ermənistan” dövləti yaratmaq ideyasını gerçəkləşdirmək məqsədilə davamlı olaraq Türkiyə türklərinə və azərbaycanlılara qarşı qanlı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törətməkdə davam edirlər. Onlar yenə də dövlət səviyyəsində rəsmi millətçi-şovinist ideologiya həyata keçirərək, erməni “alim”lərinin əli ilə bölgənin real tarixini saxtalaşdırmış, erməni xalqının bir neçə nəslinə milli müstəsnalıq, türk-müsəlman xalqlarına qarşı düşmənçilik ruhu aşılamış, kəskin mənəvi təcavüz kampaniyası apararaq indiki Ermənistan ərazisini yerli azərbaycanlılardan tam təmizləmişlər. Cənubi Qafqazda yaşanan və beynəlxalq hüquqa zidd bütün belə proseslər, törədilən bütün antiinsani hadisələr dünyadakı erməni diasporu tərəfindən bilərəkdən təhrif edilmiş, dünya ictimaiyyətinin nəzərində “əzabkeş və məzlum” erməni, “zalım” türk-müsəlman və azərbaycanlı obrazları yaradılmışdır.
XX əsrin 80-ci illərinin ikinci yarısında da ermənilər SSRİ-də yaranmış siyasi vəziyyətdən istifadə edib, dərhal Azərbaycana qarşı açıq ərazi iddiası irəli sürmüş, bir neçə günün içərisində Ermənistanda yaşayan 200 minə qədər azərbaycanlını kütləvi şəkildə deportasiyaya məruz qoymuş, ardınca Dağlıq Qarabağın azərbaycanlı icmasına qarşı kütləvi terror və qırğınlar həyata keçirməyə başlamışlar. Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi barədə hüquqazidd qərar qəbul etmiş və bununla da Dağlıq Qarabağ probleminin əsil mahiyyətinin Azərbaycana qarşı əsassız ərazi iddialarından ibarət olduğunu nümayiş etdirmişdir. Eyni federativ dövlətdə birləşən bir respublikanın digər respublikaya qarşı ərazi iddiasına heç bir hüquqi reaksiya verilməmiş, əksinə, Sovet İttifaqının ozamankı rəhbərliyinin ermənipərəst siyasəti mövcud vəziyyətin getdikcə kəskinləşməsinə, DQMV ərazisində və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı terror, kütləvi qırğın və etnik təmizləmə cəhdlərinin geniş miqyas almasına təkan vermişdir. Qeyd etmək lazımdır ki, Ermənistan Ali Sovetinin həmin qərarı sonra da ləğv edilməmiş, Robert Köçəryan 1989-cu ildə Ermənistan parlamentinin deputatı, 1998-ci ildə isə Ermənistan prezidenti seçilərkən həmin qərarın ona tamhüquqlu Ermənistan vətəndaşlığı verməsi “faktı”na istinad etmişdir. Eyni “hüquq”dan sonradan onun varisi olan Serj Sarqsyan da bəhrələnmişdir.
1992-ci ilin əvvəllərindən Ermənistan silahlı qüvvələri öz təcavüzkar siyasətlərini genişləndirərək Dağlıq Qarabağ və ətraf ərazilərdəki azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələrini bir-birinin ardınca işğal etməyə başlamışdır. Qısa zaman kəsiyində Xocavənd, Kərkicahan, Cəmilli, Meşəli, İmarət-Qərvənd, Malıbəyli, Quşçular və digər kəndlər zəbt olunmuş, əhalinin bir qismi əsir götürülmüş, onların əmlakı və mal-qarası əllərindən alınmışdır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan dövlətinin nizami hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək, bir gecənin içində onu yerlə yeksan etmişlər. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri ahıl qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmişdir.
Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıdaraq onun suverenlik əzmini qırmaq, ərazi bütövlüyü uğrunda apardığı mübarizədən çəkindirmək və torpaqlarını zorla ələ keçirmək idi. XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə xüsusi fərqlənən Xocalı soyqırımı təcavüzkar erməni siyasətinin ən qanlı səhifəsidir. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın ozamankı və sonrakı rəhbərliyinin, həmçinin Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür.
Ermənistan Xocalı faciəsini törətdikdən sonra Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirmiş, sərəncamında olan qoşunlarının dəstəyi ilə Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq daha 7 rayonu işğal etmiş, bir milyona yaxın azərbaycanlını öz doğma ev-eşiyindən didərgin salaraq qaçqın və məcburi köçkünə çevirmişdir.
Azərbaycan dövləti başda Ümummilli Lider Heydər Əliyev olmaqla, sonrakı 15 ildə isə Prezident İlham Əliyevin rəhbərliyi altında Xocalı soyqırımının dünyada tanıdılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, təcavüzkarın ifşası və işğal edilmiş torpaqlarımızın azad olunması üçün bütün zəruri addımları atıb və atmaqdadır. Azərbaycan dövləti belə taleyüklü məsələnin həlli ilə bağlı bütün milli resursların, o cümlədən də diaspor qurumlarının imkanlarından həmişə istifadə etmiş, bu istiqamətdə irəli sürülən əksər ictimai təşəbbüsləri dəstəkləmişdir. Son illərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyada geniş vüsət almış “Xocalıya ədalət” (Justice for Khojaly) beynəlxalq kampaniyasına Azərbaycanda və xaricdə fəaliyyət göstərən çoxsaylı vətəndaş cəmiyyəti institutları da qoşularaq, ayrı-ayrı ölkələrin dövlət qurumlarını və ictimaiyyətini, beynəlxalq təşkilatları bu faciəyə adekvat qiymət verməyə çağırırlar.
Hazırda:
• dünyanın 12 ölkəsi,
• ABŞ-ın 22 ştatı hökumət və ya parlament səviyyəsində,
• Böyük Britaniya və Şimali İrlandiya Krallığına daxil olan Şotlandiyanın parlamenti,
• İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanımışdır.
• Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
Bundan başqa, Azərbaycanın ərazi bütövlüyü məsələsi və Ermənistanın işğalçı dövlət olması faktı:
• BMT Təhlükəsizik Şurasının 1993-cü il aprel-noyabr aylarında qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrində,
• ATƏT-in 1996-cı il Lissabon Sammitinin qərarında,
• BMT Baş Assambleyasının 60-cı (2006) və 62-ci (2008) sessiyalarının çıxardığı “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələrində,
• AŞPA-nın (2005) qərarında,
• Avropa Parlamentinin (2010) qətnaməsində,
• Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Sammitinin Bəyannaməsində (2017),
• Avropa İttifaqı – Azərbaycan “Tərəfdaşlıq Prioritetləri” razılaşmasında (2018),
• Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının XVI (Tehran, 2012) və XVII (Marqarita, 2016) sammitlərinin qərarlarında ,
• İslam Əməkdaşlıq Təşkilatının(İƏT) dövlət və hökumət başçılarının VII (Mərakeş, 1994), VIII(İran, 1997)və IX konfranslarında (Qətər, 2000) qəbul edilmiş qətnamələrdə, XI (Seneqal, 2008) və XII (Misir, 2013) zirvə toplantılarının yekun sənədlərində, eləcə də İƏT xarici işlər nazirləri şurasının müxtəlif konfranslarında qəbul edilmiş çoxsaylı qətnamə və yekun sənədlərində,
• ECO-nun 13-cü Sammitinin (İslamabad, 2017) yekun bəyanatında və s. beynəlxalq qurumların qərarlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmiş, münaqişənin məhz bu prinsiplər əsasında həllinin vacibliyi qeyd olunmuşdur.
Eyni zamanda:
• NATO-nun 2006-cı ildən bəri keçirilən əksər zirvə toplantılarının, o cümlədən Nyuport (2014), Varşava (2016) və Brüssel (2018) sammitlərinin yekun kommunikelərində Cənubi Qafqazdakı münaqişələrin ölkələrin ərazi bütövlüyü, suverenliyi və Helsinki Yekun Aktına əsaslanaraq həlli prinsipinin öz əksini tapması Azərbaycanın mənafeyinə cavab verir.
Lakin bütün bunlara baxmayaraq, hazırda Ermənistan beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasətini davam etdirir və Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasına ciddi maneçilik törədir. Lakin dünyadakı erməni diasporu və lobbisi Dağlıq Qarabağ problemini, Ermənistan dövlətinin işğalçılıq siyasətini, evindən qovulmuş bir milyona yaxın azərbaycanlının böyük faciəsini, Azərbaycan torpaqlarının işğal altında saxlanması faktını, Xocalı qətliamını və bu qəbildən olan digər qanlı cinayətləri unutdurmaq, diqqətdən kənarda saxlamaq məqsədilə xüsusən də bizim fəallaşdığımız ildönümü tədbirləri zamanı, davamlı olaraq, 1915-ci il hadisələrini gündəmə gətirib qardaş Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” iddiası qaldırırlar.
Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi AKP hakimiyyətə gəldikdən sonra ilk atdığı addımlardan biri 1915-ci il hadisələri ətrafında aparılan kampaniyanın qərəzini ifşa etmək olmuş, Türkiyə bu yöndə bir çox beynəlxalq tədbirlərin təşəbbüsçüsü və ev sahibi kimi çıxış etmişdir. Təəssüf ki, cənab Ərdoğanın tarixin obyektiv araşdırılması üçün arxivlərin açılması və birgə komissiyaların təşkili haqqında çağırışları əks tərəfdən gərəkli dəstək almamışdır. Bu gün Türkiyə və Azərbaycan prezidentləri həm ölkələrimizin daxilində, həm də beynəlxalq müstəvidə türk-müsəlman dünyasının maraqlarının müdafiəsi, problemlərinin həlli naminə nümunəvi birgə fəaliyyət, həmrəylik nümayiş etdirirlər.
Bu həmrəylikdən örnək götürərək həm Azərbaycanın, həm də qardaş Türkiyənin vətəndaş cəmiyyəti təşkilatları, əli qələm tutan bütün ziyalıları rəsmi dövlət orqanlarının həyata keçirdiyi tədbirlərə hər cür dəstək verməklə Xocalı soyqırımı və Azərbaycan torpaqlarının işğalı, eləcə də 1915-ci il hadisələri ilə bağlı gerçək faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmalı, tarixin obyektiv qavranılmasına və adekvat hüquqi-siyasi qiymətinin almasına çalışmalıdırlar. Ümumiyyətlə, bu işləri daha fəal, davamlı və sistemli şəkildə həyata keçirməklə biz mütləq nəticələr əldə edə bilərik.
Bu məqsədlə Azərbaycan və türk diaspor təşkilatları da öz çevikliyini və mütəşəkkilliyini artırmalı, koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidir. 2007-ci ilin noyabrında Türkiyə və Azərbaycan prezidentlərinin birgə təşəbbüsü ilə Bakıda keçirilmiş Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlılara qarşı erməni işğalçıları tərəfindən törədilmiş soyqırım, terror aktları və digər cinayətlərin beynəlxalq miqyasda ifşası istiqamətində türkdilli ölkələr və icmalar tərəfindən birgə tədbirlərin görülməsi haqqında tövsiyələrin həyata keçirilməsi ilə bağlı fəaliyyətlərini genişləndirməlidir.
Bilirsiniz ki, bəzi dövlətlər qondarma “erməni soyqırımı” haqqında əsasız qərarlar qəbul ediblər. Biz həmin ölkələrdə də ardıcıl iş aparılmalı, onların vətəndaş cəmiyyətləri ilə işləməyin məqbul səmərəli üsullarını tapmalıyıq. Soydaşlarımız yerli və beynəlxalq ənənəvi media, eləcə də sosial şəbəkələr vasitəsilə geniş kampaniyalar təşkil etməli, soyqırımı problemlərini, o cümlədən Xocalı faciəsinə dair real faktları elmi konfranslarda, simpoziumlarda və digər toplantılarda təqdim etməlidirlər.
Düşünürəm ki, xaricdə yaşayan əksər ziyalılarımız, hörmətli professor Hakkı Keskindən nümunə götürərək Vətənlə mənəvi rabitəsini gücləndirməli, ümumi haqq işimizə mənəvi-psixoloji və siyasi dəstəyini artırmalıdır.