Vaxt.Az

Qəribəliklərlə dolu “Neftçi”


 

Rəqib hesabı açdı, at izi it izinə qarışdı

Qəribəliklərlə dolu “Neftçi” Qəribə tur idi. “Qarabağ“ heç-heçə edəndə çempionun 2 xal itirməsindən danışırdıq, indi isə bəlli olur ki, 1 xal qazanıbmışlar.

“Neftçi” ağdamlılarla xal fərqi yarada bilmədi, əksinə, onların şərikliyinə “göz yumdu”. Bakılılar bunu rəqibin səhvlərini təkrarlayaraq, hətta daha artığını edərək reallaşdırdı. Sanki hər iki komanda qızıl medallardan imtina edir, xüsusilə “Neftçi” bunun üçün canfəşanlıq göstərir.

Premyer Liqada rəqabət yüksəlməyib, heç bir inkişafdan da danışa bilmərik. Sadəcə, liderlər geriləyib, komandalar arasında səviyyə fərqi azalıb. İndi daha az səhv edən, daha çox döyüşən sevinir. Son turda bütün favoritlərin qələbəyə həsrət qalması da buna görə idi. Hətta sonuncu pillədən qurtulmaq uğrunda mübarizə çempionluq yarışından önəmli olmağa başlayıb. Bu isə ümumi səviyyədəki geriləmənin göstəricisidir.

 

* * *

 

Qəribə təsadüf idi. Bir gün öncə Bədavi Hüseynov qapıçıyla anlaşmazlıq üzündən topu öz qapısına göndərib, “Qarabağ”ın xal itirməsinə səbəbkar oldu. Ertəsi Tural Axundov oxşar səhvlə yadda qaldı. “Neftçi”nin müdafiəçisi adi epizodda qapıçısına çox pis ötürmə verdi – avtoqol olmadı, amma zərbəyə oxşar bu ötürmə Səlahət Ağayevi keçdi, dirəyə dəyib, meydana qayıtdı. “Səbail”in hücumçularının ilk zərbəsi qapıçıdan qayıtdısa, ikincisi tora milləndi.

İkinci qolun tez vurulması “Neftçi”nin arzularının üstündən xətt çəkdi. Oyunun ən yaxşısı olan Yevgeni Koçuk özü qazandığı cərimə zərbəsini “doqquzluğ”a göndərəndə rəqib legionerlərdən matçın nəticəsini həll etmək baxımından nə qədər üstün olduğunu göstərdi.

3-cü qol da eyni qapıya vuruldu. Son vaxtlar qollarıyla yox, qəlyana meyl etməsi üzündən daha çox gündəmdə olan Baqali Dabo yoldaşlarının əziyyətini yerə vurmadı. Amma qalan dəqiqələrdə o, yalnız top itirməklə, komanda oyununu pozmaqla yadda qaldı. Qol müəllifi olsa da, xilaskara çevrilmədi.

 

* * *

 

Qəribə statistikadır. “Neftçi” ilk qolu buraxan tərəf oldusa, qələbəsi mümkün deyil. Roberto Bordin bakılıların baş məşqçisi olandan bu yana heç vaxt hansısa matçı çevirə bilməyib. Yalnız “Qarabağ”la oyunda 1 xal qazanılıb, vəssalam.

Bu isə italiyalının bəsit futbol taktikasından irəli gələn məsələdir. Monoton oyun tərzi ilə hansısa rəqibi 1, uzağı 2 dəfə udmaq olar. Qarşındakı ağıllı məşqçidirsə, səni “oxuyub” cəzalandıracaq. Aftandil Hacıyev də bunu etdi. Baxmayaraq ki, bu qələbədə bəxt də az rol oynamadı.

Bordini heyət seçiminə görə də qınamaq olar. İtaliyalı həmyerlisi Canluka Sansoneni start heyətdə oynatmaqla komandadakı ədalətli rəqabəti korlayıb. Vaxtilə Kvame Karikariyə də belə güvənirdi, indi isə yeni legioner layiq olmadığı forma şansını qazanır. Komandanın bombardirlərindən olan Mirabdulla Abbasova qarşı bu ayrıseçkiliyin cəzasını futbol tanrısı verir. Amma bundan Miriyə xeyir yoxdur, o, ruhdan düşür və inamını itirir. Bizə isə Sansoneni yox, onu qazanmaq lazımdır.

Doğrudur, Canluka səviyyəli oyunçudur, lakin bu, Abbasovun ehtiyatda qalmasına səbəb ola bilməz. Dabo, Qoran Paratski kənarda qalmağa daha layiqdir, heyətdə başqa rotasiya imkanları da var.

Qəribə “oyun”dur. Və bu oyunu Bordin oynayır. Komandasını kökləmək, irəli aparmaq əvəzinə Roberto bacarıqsızlığını şouyla unutdurur. Aftandil Hacıyevlə deyişməsi iz azdırmaq cəhdi idi. Ondansa Baqalini rəqib ehtiyat oyunçular skamyasına tərəf tüpürməsinə görə məzəmmət edər, sonra buna əsəbiləşən rəqib həmkarı ilə danışardı. Amma o, şouyla fikir yayındırır.

Pis məşqçi deyil, amma “Neftçi”nin yükü onun üçün ağırdır. Eyni futbol tərzi ilə indiyə qədər topladığı xallar maksimumdur. Və komandanın daha parlaq oynaması üçün heyəti də var. Xüsusilə qış fasiləsində yaxşı oyunçular alınıb, lakin italiyalı onlardan düzgün istifadə etmir, əsasən müdafiəni düşünür, hücum oyunçularının fərdi bacarığıyla vuracağı qollara ümid edir. Belədə rəqib hesabı açanda at izi it izinə qarışır.

Tural Axundovun səhvi də təsadüf deyildi. Çünki ona yanlış ötürmə elə rəhbərlikdən gəlmişdi. Klub rəhbərliyi heç uyğun olmayan bir zamanda Axundovla yeni müqavilə imzaladı. Vacib oyundan 2 gün öncə fikir dağıtmağın yeri yox idi. Turalı bəlkə də arxayınlaşdıran bu anlaşma üçün ya qış, ya yay fasiləsini seçmək lazım idi. Bəlkə heç o, bu müqaviləyə layiq deyil. Cavabi da özü verdi – layiq deyilmiş.

 





24.02.2019    çap et  çap et