Vaxt.Az

“Onun haqqı yoxdur”


 

Bordin: “Nəsə problemi vardısa, gözləyərdi”

“Onun haqqı yoxdur” “Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. İtaliyalı mütəxəssis 1:2 hesabıyla məğlub olduqları oyundan sonra bunları söyləyib:

– Oyuna yaxşı başladıq. Qol vursaq da, sayılmadı. İki qol buraxdıqdan sonra geri dönüş etmək çətin oldu. Bizim üçün pis nəticədir. Oyuna diktə edən tərəf biz idik. Qol buraxdıqdan sonra daha çox əziyyət çəkdik. Qol vurduqdan sonra da çox çalışdıq. Komandanın ümumi oyunundan razı qaldım. Rəqib qapısı qarşısında təhlükəli epizodlar yaratdıq.

 

– “Qarabağ” da dünən xal itirmişdi, ola bilər ki, komanda qələbə üçün həddindən artıq istəkli olur ki, bu da xal itkisinə səbəb olur?

– Deməzdim ki, bu itkilər çox istədiyimizə görə oldu. Sadəcə, istədiyimiz nəticəni əldə edə bilmədik. Oyunda 2 qol buraxacağımızı gözləmirdik. Buna görə də, çətin oldu.

 

– Ruslan Abışov niyə oynamadı?

– O, yavaş-yavaş sağalır. Amma hələ meydana çıxmağa hazır deyil.

 

– Tural Axundovun səhvini necə şərh edərdiniz?

– Futbolda belə səhvlər normaldır. O, səhv etməsinə baxmayaraq, oyunda sona qədər çalışdı.

 

– Artıq iki oyundu komanda xal itirir və əsas rəqib “Qarabağ” sizə çatıb. Bu, hansısa psixoloji təzyiq yaradacaq?

– Deməzdim ki, xalların eyni olması hansısa təzyiq yaradacaq. Çempionat yenidən başlayır. Komanda əvvəldən sona qədər hər şeyi düzgün etdi.

 

– Rəqibdən bu cür oyun gözləyirdiniz? Sizi nə ilə təəccübləndirə bildilər?

– Qollardan birini biz hədiyyə etdik, birini isə standart vəziyyətdən vurdular. Başqa hansısa epizodla yadda qaldıqlarını düşünmürəm. Hər bir rəqibə hörmətlə yanaşırıq. Rəqib komandanın futbolçuları tez-tez vaxt qazanmaq üçün yerə yıxılırdılar. Bu məqamlara heç kim toxunmur.

 

– İki oyun ardıcıl xal itirdikdən sonra heyətdə hansısa dəyişiklik etmək fikrindəsiniz?

– Biz hər rəqibə eyni hazırlaşmırıq. Artıq növbəti oyun üçün hazırlığa başlayacağıq.

 

– Rəqib həmkarınız mübahisənizlə bağlı fikir bildirdi və əsas günahı sizdə gördü. Siz nə deyərdiniz?

– Oyunun gedişində Baqali Daboya qarşı kobud oynadılar. Onun bir məşqçi kimi mənim futbolçularıma irad bildirməyə haqqı yoxdur. O da əl-qolla danışmağa başladı. Mən də ona “gözləyin, danışarıq” dedim. Amma o, gözləmədi. Nəsə problemi vardısa, gözləyərdi.

 





24.02.2019    çap et  çap et