Vaxt.Az

“Heç kimə bəlli deyil”


 

Petrosyan Paşinyanın Qarabağ proqramından danışdı

“Heç kimə bəlli deyil” Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyanla münasibətlərindən bəhs edən məqalə yazıb. “İlur.am” saytında dərc olunan məqalədə o, indiyə qədər müxtəlif dairələrdə onlar haqqında yayımlanan məlumatlara aydınlıq gətirib.

Petrosyan hazırladığı yazı ilə Paşinyanı saxta ittihamların hədəfinə salmaq istəmədiyini deyib. O, Paşinyanın siyasətdə onun mənəvi oğlu olması ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini də bildirib. Petrosyan, həmçinin Paşinyanın hər axşam ona zəng edib, məsləhətləşmələr aparması haqqında məlumatların axmaqlıq olduğunu vurğulayıb: “2012-ci ildə mən onunla yalnız bir dəfə görüşmüşəm. 2018-ci ilin 16 iyulunda hökumətin mətbuat xidməti bununla bağlı rəsmi bəyanat yayıb. Bundan sonra baş nazirlə hansısa telefon danışıqları olub. Paşinyanı yönəltməyin, ona hansısa məsləhətlər verməyin və diktə etməyin mümkün olduğunu düşünənlər ya dərindən yanılırlar, ya da bu insanı tanımırlar. Bəlkə onlar bu insan barədə öz fikirləri əsasında mühakimə yürüdürlər. Mən Paşinyan qədər müstəqil insan görməmişəm”.

O, “sülh qarşılığında ərazi” formulu ilə bağlı da mövqeyini bildirib: “Dərhal qeyd etmək istəyirəm ki, nə mən “sülh əvəzinə ərazi” formulundan istifadə etmişəm, nə də Paşinyan edir. Bu, pis adamlar tərəfindən uydurulan böhtandır. Qarabağın həlli proqramına gəlincə isə Ermənistanın digər üç prezidentindən fərqli olaraq, Paşinyanın özünün proqramı heç kimə bəlli deyil. O, hələlik bir neçə prinsip səsləndirməklə kifayətlənir. Məsələn, o, Köçəryan-Sərkisyan mövqeyindən imtina etdiyini, Qarabağın danışıqların tam hüquqlu üzvü olmasını istəyir.

Paşinyanın hansı proqram əsasında çıxış etməsindən asılı olmayaraq, bu onun - məndə, Köçəryanda və Sərkisyanda olduğu kimi - öz proqramı olacaq. Hər Ermənistan lideri öz proqramına görə cavabdehdir”.

 





25.02.2019    çap et  çap et