Pendirin utilizasiyası prosesini “Rosselxoznadzor” videoya çəkib. Videorolikdən görünür ki, “Rosselxoznadzor”un yerli idarəsinin rəhbəri həmin məhsulun Rusiya ərazisinə gətirilməsinin qadağan olunduğu barədə sənədin mətnini oxuyur. Sənəddə deyilir ki, hökumətin 2014-cü ilin avqustunda qəbul etdiyi qərara əsasən Avropa İttifaqı ölkələrində istehsal edilən bu kimi ərzaq məhsullarının Rusiyaya idxalı qadağandır. Məmur daha sonra müsadirə olunan pendir partiyalarının ayrılıqda çəkisi haqda məlumat verir, onun məhv edilməli olduğunu bildirir.
Uzun-uzadı mətni oxuduqdan sonra məmur pendir qutularını konteynerə atır və üstünə benzin töküb od vurur.
Bu video sosial şəbəkələrdə geniş müzakirə olunub və istifadəçilər məmurun çıxışını “pendirə hökm oxunması” kimi qiymətləndiriblər.
Rusiyada sanksiyaların təsiri altına düşən Avropa mənşəli ərzaq məhsulları vaxtaşırı olaraq bu cür yandırılır. Hərçənd Rusiya hökumətinin sanksiyalar altına düşən ərzaqlarla mübarizə aparmaqda o qədər də effektli olmadığı bildirilir.
2014-cü ildə Avropa İttifaqı Rusiyanın Krımı ilhaq etməsinə və Donbassda baş verənlərə görə Moskvaya qarşı sanksiyalar tətbiq edib. Buna cavab olaraq Rusiya Avropadan ərzaq və kənd təsərrüfatı mallarının idxalına qadağa qoyub. (virtualaz.org)