Vaxt.Az
“Bunlar antimilidir”
“Üzərilərinə çox təmtəraqlı öhdəliklər götürürlər”
“Milli Şura milləti təmsil etmir. İnsanlar öz üzərilərinə çox təmtəraqlı öhdəliklər götürürlər. Millətin adından danışmaq üçün sən millətin səsini almalısan. Müsavat, AXCP, ADP yığışırlarsa, bunlar ancaq öz partiyalarının adından danışa bilərlər. Kim deyə bilər ki, bunlar millidirlər. Bəlkə, bunlar antimillidirlər”.Bunu modern.az-a Azərbaycan Sosial-Demokrat partiyasının sədri Araz Əlizadə deyib.
“Araz Əlizadə danışanda Sosial-Demokrat Partiyasının adından danışır. Araz Əlizadə millətin adından danışa bilməz. Araz Əlizadə heç yerdə deyə bilməz ki, Azərbaycan xalqı belə fikirləşir, belə düşünür”, – deyə ASDP sədri solçu partiyaların Milli Şuraya mövqeyini ifadə edib.
“1991-ci ildə Milli Şura yaratdılar. Söz verib, Mütəllibovu aldatdılar ki, biz Qarabağla bağlı işləyəcəyik və qanunverici hakimiyyəti aldılar əllərinə. Baxın Liviyada Milli Şura, Tunisdə Milli Şura. Nəticəsi nə oldu. Tunis xalqı, Liviya xalqı hamısı bədbəxt oldular. Bu da Qərbdən gələn ayrı bir texnologiyadır.
“Milli” sözünü işlətməklə bunlar guya xalqı birləşdirmək istəyirlər. Çox gözəl kinodramaturq, gözəl şair, gözəl tarixçi ola bilərsən, amma sən hələ milləti təmsil etmirsən. Ona görə Milli Şura yarananda dedim ki, o, ölü doğulmuş uşaqdır. Ayaq tutub yeriyə bilməyəcək. O ki qaldı solçulara, bütün solçular adından danışa bilmərəm. Mən ancaq Sosial-Demokrat Partiyası adından danışa bilərəm. 2005-ci ilin parlament seçkilərindən sonra partiyamız qərar verdi ki, siyasətçilərimizdə siyasi birləşmə mədəniyyəti olmadığına görə Azərbaycan Sosial-Demokrat Partiyası heç bir birlikdə, koalisiyada təmsil olunmayacaq”, – deyə A. Əlizadə əlavə edib.
06.06.2013 çap et